Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə gətirilməsi zamanı bəyanı qaydasında dəyişiklik edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 434
Bakı şəhəri, 10 oktyabr 2018-ci il
“Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 oktyabr tarixli 299 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun olaraq və Azərbaycan Respublikası Mərkəzi Bankının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının
Baş naziri                          Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 10 oktyabr
tarixli 434 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd
şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların
Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan
Respublikasına gətirilməsi zamanı bəyan edilməsi

 

QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq hazırlanmışdır və rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan “milli valyuta”, “milli valyutada qiymətli kağızlar”, “rezident” və “qeyri-rezident” anlayışları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda, “poçt rabitəsinin milli operatoru” anlayışı isə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda verilən mənaları ifadə edir.

2. Milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş
qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və
Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi

2.1. Rezident və qeyri-rezident hüquqi şəxslər nağd milli valyutanı (kağız və metal pul nişanları), milli valyutada ifadə olunmuş qiymətli kağızları və milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.2. Rezident və qeyri-rezident fiziki şəxslər 20000 (iyirmi min) manat məbləğinədək olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına şifahi formada bəyan etməklə, 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.3. Rezident və qeyri-rezident fiziki şəxslər milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına yazılı formada bəyan etməklə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.4. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər milli valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Mənbə: cabmin.gov.az

Bax: Kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları qaydası təsdiqlənib


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *