Sabit verginin ödəyicisi kimi qeydiyyata necə alınmalı?

posted in: Vergi | 0
birbank biznes

Sabit vergi nədir?

Sabit vergi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin  gəlirlərindən sadələşdirilmiş vergitutma formasıdır. Vergi qanunvericilində sadələşdirilmiş vergi növü kimi təyin olunub, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin XVII fəslinin uyğun maddələri ilə tənzimlənir. Diqqət etmək lazımdır ki, yalnız fərdi sahibkarlar – fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödəyicisi ola bilər. Bu vergi qanunvericiliyi illə təsbit edilib. Büdcə qarşısında öhdəliyin sabit vergi məbləği formasında ödənişi fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb edilməsi üsulu olduğuna əsaslanaraq, deyə bilərik ki, hüquqi şəxslər sabit verginin ödəyicisi ola bilməzlər.

Sadələşdirilmiş vergini sabit məbləğli vergitutma formasında (bu praktikada qısa olaraq sabit vergi adlandırılır) ödənilməli vergi, vergitutma bazası arasında əlaqə qurulmadan, əvvəlcədən müəyyən edilmiş sabit məbləğ kimi ödənilir.

Sabit vergi fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir.

 

Birdəfəlik və ya sabit vergilər:

  • sabit məbləğli vergilərdir;
  • bu vergilərdə faiz dərəcəsindən istifadə edilmir;
  • yalnız ödənilməli olan vergi məbləği müəyyən edilir.

Sabit vergidən istifadənin üstünlükləri aşağıdakılardır:

  • sahibkarlıq fəaliyyətinin qeydiyyatı üçün sənədləşmənin sadəliyi;
  • elektron qeydiyyatın mövcudluğu, operativ qeydiyyat;
  • gəlir və xərclərin məcburi uçotunun olmaması.

Sabit vergi ödəyiciləri sahibkarlıq fəaliyyətini fərdi qaydada, muzdlu işçi cəlb etmədən həyata keçirməlidirlər.

 

Sabit vergi ödəyiciləri kimlərdir?

Sadələşdirilmiş vergini sabit vergi məbləği formasında ödəyən vergi ödəyicilərinin tərkibi Vergi Məcəlləsinin 220.10-cu maddəsi ilə tənzimlənir. Bu kateqoriyaya fərdi qaydada, muzdlu işçi cəlb etmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər aid edilir:

  • toy və sənliklərdə, digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar;
  • foto, audio-video xidmətləri göstərənlər (foto studiyalar istisnadır);
  • çəkməçilər, pinəçilər;
  • məişət cihazlarını (saat, televizor, soyuducu və sair) təmiri ustaları;
  • ev qulluqçuları, xəstə, qoca və uşaqlara qulluq edənlər, dayələr, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant);
  • naqqaş, bərbər və dərzilər;
  • baytarlıq xidməti göstərən fiziki şəxslər.

 

Sabit vergi ödəyicisinin qeydiyyatı necə aparılır?

Yuxarıda sadalanan formada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ilk növbədə vergi orqanında uçotda durmalı və VÖEN almalıdır. Bunun üçün qeydiyyat üzrə vergi orqanına yaxud xidmət mərkəzinə müraciət edilməlidir.

Sabit sadələşdirilmiş vergi ödəyiciləri qanunvericiliklə onlara icazə verilən sahibkarlıq fəaliyyətini “Sadələşdirilmiş̧ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”  almaqla həyata keçirə bilər (Vergi Məcəlləsi, maddə 16.1.7-1). Qəbz vergi ödəyicisinə:

  • yazılı müraciət zamanı iki iş günü ərzində;
  • elektron müraciət zamanı real vaxt rejimində verilir.

Yazılı müraciət zamanı:

  • sadələşdirilmiş verginin;
  • məcburi dövlət sosial sığortanın
  • icbari tibbi sığorta haqqının ödəniş sənədləri müraciətə əlavə edir.

Elektron müraciət zamanı ödənişlər müraciətin edildiyi zaman elektron qaydada həyata keçirilir. Ödəniş sənədlərində sabit vergi ödəyicisinin VÖEN-i mütləq göstərilir. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” dövlət büdcəsinə ödənişlər tam məbləğdə icra olunduqda verilir. Qəbzdə aşağıdakı məlumatlar əks olunur:

  • vergi ödəyicisinin adı, atasının adı, soyadı;
  • vergi ödəyicisinin VÖEN-i;
  • qəbzin qüvvədə olma müddəti;
  • fəaliyyətin həyata keçirildiyi ərazi;
  • ödənilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının məbləği;
  • fəaliyyətin adı.

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisində saxlanılır.

 

Sabit vergi ödəyicisi nəyə diqqət etməlidir?

“Sadələşdirilmiş̧ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alaraq fəaliyyət göstərən fiziki şəxslər nəzərə almalıdırlar ki:

  • belə qəbz yuxarıda sadalan hər bir fəaliyyət növü üçün ayrılıqda, faktiki göstəriləcək ərazi üçün (qeydiyyatdan asılı olmayaraq) müəyyən edilən vergi məbləğini ödəməklə alınır;
  • sadələşdirilmiş vergini sabit vergi məbləği formasında ödəyən fiziki şəxs eyni dövr ərzində müxtəlif ərazilərdə fəaliyyət göstərərsə, ən yüksək əmsal tətbiq edilən əraziyə uyğun sabit vergi məbləğini ödəyir;
  • sabit vergi ödəyicisi olan fiziki şəxslərin Azərbaycan Respublikasından kənarda eyni fəaliyyət üzrə əldə etdiyi gəlirlər Məcəllə müəyyən olunmuş ümumi qaydada uyğun vergilərə cəlb edilir;
  • “ Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”-in müddəti fiziki şəxsin istəyindən asılı olaraq aylıq, rüblük, yarım illik və illik ola bilər;
  • qəbzin alınması zamanı ödənilən vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığortahaqqı  qəbzin qüvvədə olduğu dövr ərzində fəaliyyətin olub-olmamasından asılı olmayaraq geri qaytarılmır və əvəzləşdirilmir.

Qəbzin alınması  nağd pulla hesablaşmalar zamanı sabit vergi ödəyicisini müvafiq çek (nəzarət-kassa aparatı çeki istisnadır), qəbz və digər ciddi hesabat blankları təqdim etmək öhdəliyindən azad etmir: alıcıya qəbz və digər ciddi hesabat blankları təqdim edilməlidir.  Ciddi hesabat blanklarının (çek, qəbzlərin) hazırlanması, qanunvericiliyin tələbləri gözlənilməklə, fiziki şəxsin öz vəsaiti hesabına həyata keçirilir.


Print Friendly, PDF & Email