Sahibkarlıq 4 bölgü üzrə olacaq-Sahibkarlıq fəaliyyəti haqqında qanunda dəyişiklik edildi

posted in: Xəbər | 0
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 1, maddə 6, № 3, maddə 226, № 4, maddə 280; 2000, № 7, maddə 489; 2001, № 11, maddə 686, № 12, maddə 736; 2002, № 5, maddələr 241, 248; 2003, № 1, maddələr 1, 16, № 12, I kitab, maddə 673; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 49, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1283; 2014, № 4, maddə 333, № 10, maddə 1156; 2016, № 12, maddə 2014; 2017, № 6, maddə 1057) aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:

“Maddə 4-1. Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü

1. Sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

2. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun preambulasının birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun preambulasının birinci hissəsində “qurumlar” dedikdə, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələrində sahibkarlıq fəaliyyətinə qanunla nəzərdə tutulmuş hallarda və qaydada nəzarəti həyata keçirmək hüququ olan, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər və publik hüquqi şəxslər nəzərdə tutulur;

2.3. həmin Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinin beşinci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;

2.5. həmin Qanunun 9-cu maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2018-ci il.

Mənbə: president.az

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *