Saqqızı kəşf edən mühasib

birbank biznes

Walter Diemer 1904-ci il yanvarın 8-də Filadelfiyada (ABŞ-ın Pensilvaniya ştatı)  anadan olub və elə orada da böyüyüb. O, 1926-cı ildə saqqız istehsalı ilə məşğul olan Fleer şirkətində mühasib kimi fəaliyyətə başlayır. Peşəsi üzrə mühasib olmasına baxmayaraq, Diemer asudə vaxtlarında saqqız reseptləri ilə eksperimentlər aparmağı çox xoşlayıb. Bu cür eksperimentlərdən biri zamanı o, təsadüfən saqqızı daha az yapışqanlı və çürüməz edən bir reseptə rast gəlir. O dövrdə zavodda yeganə qida boyası  çəhrayı rəngdə olduğundan saqqız da həmin rəngdə idi.

Zavodda istehsal edilən saqqızla müqayisədə yeni saqqız daha az yapışqanlı olması ilə yanaşı, həm də daha gec çürüyürdü. Diemer saqqızı yüz ədəd paya ayıraraq, onları yerli qənnadı mağazasında hər birini bir pennidən satışa qoyur. Yeni saqqız növü bir gün ərzində satılıb qurtarır.

Fleer şirkəti yeni saqqız növünü “Dubble Bubble” ticarət markası adı altında satmağa başlayır, Diemer isə yeni məhsulun öncəkilərdən fərqləndiyini əyani göstərməkdən ötrü satıcıları saqqızı necə köpürüb şişirtməyi öyrədir. Bir dənəsi 1 pennidən satılan “Dubble Bubble” saqqızlarından il ərzində 1,5 milyon dollardan çox gəlir əldə olunur. Diemer öz icadını patentləşdirmədiyindən, tezliklə saqqız istehsalçıları arasında rəqabət yaranır və bu saqqız böyük depressiya illərində çox populyar və baha olmayan bir həzz növünə çevrilir.

Diemer Fleer şirkətində uzun onilliklər (1930-70-ci illər) ərzində işləyir və vitse-prezident vəzifəsinə kimi yüksəlir, 1970-85-ci illərdə isə o, Fleer Corporation şirkətinin direktorlar Şurasının üzvü kimi fəaliyyət göstərir. Walter Diemer 1998-ci ildə 94 yaşını qeyd etdikdən sonra, yanvarın 8-də ürək çatışmazlığından vəfat edir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email