Sığorta haqlarının gəlirdən çıxılması

posted in: Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsinin 116-cı maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.

Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır. İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır. Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.


Telegram qrupumuza üzv olun

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi və sosial qanunvericilikdə həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılan sığorta müqavilələrinə görə gəlirlərin vergi və məcburi dövlət sosial sığorta hesablanmasından tam azad olunmasında məqsəd sığorta bazarının formalaşdırılması üçün əlavə maliyyə mənbələrinin yaradılması və buna dövlət dəstəyinin göstərilməsidir. Bu güzəştlərin təsiri olaraq 2016-2017-ci illərdə həyatın yığım sığortası üzrə sığorta şirkətləri tərəfindən, müvafiq olaraq, təxminən 80 və 138 milyon manat sığorta haqları toplanıb: “Ölkəmizdə sığorta bazarının formalaşması prosesi başa çatdığı üçün vergi və sosial qanunvericilikdə bu güzəşt üzrə müəyyən azalmaların tətbiq edilməsinə ehtiyac yarandı. Bundan əlavə, sosial sığorta üzrə bu tip güzəştin olmasının nəticəsi gələcəkdə işçinin pensiya təminatına öz mənfi təsirini göstərir. Çünki bu güzəştlərin tətbiqi nəticəsində sosial sığorta ödəməyən işçinin pensiya kapitalında lazımi vəsait formalaşmaması səbəbindən, işçinin pensiya təminatı olmur və ya az məbləğdə formalaşır”.

İqtisadçı qeyd edib ki, bu il yanvarın 1-dən işçinin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır: “Oxşar hal sosial qanunvericiliyə tətbiq edildiyindən, həmin gəlirlərin 50 faizə qədər hissəsi məcburi dövlət sığorta hesablamalarına cəlb olunur. Bir məsələni xüsusi vurğulayaq ki, Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Qanunun müddəaları 1 yanvar 2019-cu ilədək bağlanmış həyatın yığım sığortası müqavilələrinə də tətbiq olunur”.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email