Sınaq müddəti müəyyən edilməyən hallar

posted in: Xəbər | 0
birbank biznes

Sınaq müddəti nədir?

İşçi və işəgötürən arasında əmək müqaviləsi bağlanan zaman qanunvericiliyə uyğun sınaq müddətinin müəyyən edilməsi işəgötürənin əsas hüquqlarından biridir.  Sınaq müddəti işçinin öz vəzifələrini yerinə yetirmək bacarığını, eləcə də peşəkarlığını yoxlamaq məqsədilə verilən vaxt müddətidir. Əmək müqaviləsində sınaq müddəti qeyd edilə bilər. Əgər belə qeyd  aparılmayıbsa, deməli, işçi sınaq müddəti olmadan işə qəbul oluna bilər.

Sınaq dövrünün tətbiq olunması mütləq deyil, işçi ilə işəgötürən arasında qarşılıqlı razılaşmadan asılıdır. Amma dövlət qulluqçularının işə götürülməsi zamanı sınağın müddəti mütləq qeyd edilməlidir. Əmək müqaviləsi olmadan işçilərə sınaq müddətinin tətbiq olunması əmək qanunvericiliyinə ziddir.

Əmək Məcəlləsi, 51-ci maddəyə əsasən, sınaq müddətini 3 aydan çox olmayaraq təyin edilir.  Həmin müddətin bu və ya digər formada artırılması yolverilməzdir. Sınağın tətbiqi işçinin faktiki işlədiyi günlər üzrə müəyyən olunur, bu müddət ərzində qanunvericilik qaydaları həmin işçilərə tam şamil edilməlidir. Müqavilə üzrə sınağa cəlb edilmiş  şəxslər digər işçilərlə bərabər hüqüqlara sahib olmalıdır.

Sınaq müddətinin təyin edilmədiyi hallar

ƏM-nin 52-ci maddəsinə əsasən bir sıra hallarda sınaq müddəti tətbiq edilmir. Həmin hallar aşağıdakılardır:

  • 18 yaşı tamam olmayan şəxslərə sınaq müddətinin təyin edilməsi yolverilməzdir. Mülki Məcəllə 28.2-ci maddəyə əsasən fiziki şəxs 18 yaşına çatanda tam mülki hüquq qabiliyyəti yaranır.
  • Müəyyən iş yеrləri, yaхud vəzifələr vardır ki, həmin iş və vəzifələrin tutulması müsabiqə yоlu ilə həyata kеçirilir. Bu zaman işəgötürən tərəfindən əmək funksiyasının xarakterindən, icra ediləcək işdən asılı olaraq müsabiqə elanı verilə bilər. Həmin müsabiqə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə, qaydalara uyğun həyata keçirilir. ƏM-də  50-ci maddəyə  əsasən müsabiqələr elm, təhsil müəssisələrindəki fəaliyyətlərlə bağlı vəzifələrə aid olunur. Belə müsabiqələrdə qalib olaraq vəzifə tutmuş şəxslərlə sınaq müddəti müəyyən edilmədən müddətli, ya da müddətsiz müqavilə bağlanılır.
  • 24 fevral 2009-cu il tarixli ”Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” AR qanununa əsasən hamilə, yaxud 3 yaşına qədər uşağı olan qadınlar, o cümlədən 3 yaşı tamam olmayan uşağını təkbaşına böyüdən kişilər üçün sınaq müddəti təyin edilmir.
  • Təhsil müəssisəsini bitirdiyi ildə əmək fəaliyyətinə başlayan şəxslərlə müqavilə bağlanan zaman sınaq müddəti təyin olunmur. Bu zaman aşağıda qeyd olunan şərtlərin uyğun olmasına diqqət etmək lazımdır:

– təhsil müəssisəsini bitirdiyi il ilə işə başladığı il;

– ixtisası ilə qəbul olduğu vəzifə.

  • Müəssisə, idarə və təşkilatlarda ödənişli seckili vəzifəyə seçilən şəxslərlə müqavilə bağlanan zaman sınaq müddətinin tətbiqi tələb olunmur.
  • Əgər işçi ilə işəgötürən arasında 1, yaxud 2 ay müddətinədək əmək müqaviləsi bağlanarsa, belə olan halda əlavə olaraq sınaq müddətinin təyin edilməsinə icazə verilmir.
  • Sınaq müddətinin təyin edilmədiyi digər hallar tərəflərin razılığına əsasən müəyyən olunur.

ƏM-də 59-cu maddədə qeyd edildiyi kimi, işçi bir müddətdən sonra bağlanmış müqavilədə qeyd olunmayan vəzifəyə, peşəyə keçirilərsə, ya yenidən əmək müqaviləsi bağlanmalıdır, yaxud müqaviləyə əlavə və dəyişikliklər edilməlidir. Fərz edək ki, işəgötürənlə işçi sınaq müddətini təyin etməklə əmək müqaviləsi bağlayıb. Bir neçə il keçəndən sonra yuxarıda dediyimiz hal yaşanıb, yəni işçi qarşılıqlı razılaşma ilə vəzifəsini dəyişib, daha yüksək vəzifəyə keçib. Bu halda  müqavilədə ikinci dəfə sınaq müddətini müəyyən etmək olmaz.

Mühasibat uçotu məlumatları: maraqlı tərəflər

Print Friendly, PDF & Email