Sosial məzuniyyət hüququ

posted in: Xəbər | 0
birbank biznes

Məzuniyyətin hansı növləri var?

Məzuniyyətlər işçinin, iş yerinin, vəzifəsinin saxlanması şərti ilə, iş günləri müddətində müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. İş təcrübəsində əmək məzuniyyəti daha çox istifadə olunur. Onun minimum müddəti 21 təqvim günüdür.

Məzuniyyətin Əmək Məcəlləsinin 112-ci maddəsi ilə müəyyən olunmuş daha bir neçə növü mövcuddur. Onlar aşağıdakılardır:

  • sosial məzuniyyət;
  • ödənişsiz məzuniyyət;
  • təhsil və yaradıcılıq üçün verilən məzuniyyətlər.

Eyni zamanda əmək müqaviləsində, kollektiv müqavilələrdə başqa məzuniyyət növlərinin də nəzərdə tutulması mümkündür.

Sosial məzuniyyət nədir?

Sosial məzuniyyət işçilərə Əmək Məcəlləsinə uyğun olaraq hamiləlik, analıq, uşağa qulluq hallarında onlara əlverişli şərait yaratmaq və digər sosial məqsədlərlə əlaqəli təyin edilir. Bu məzuniyyət növü, onun verilməsi halları AR ƏM-in XIX fəsli ilə nizamlanır.

İşçilərin sosial məzuniyyət hüququ işin müddətindən, yerindən və növündən, müəssisənin təşkilati-hüquqi formasından asılı deyil. Əmək məzuniyyətinin istifadəsindən asılı olmayaraq, işçinin onu almaq hüququ olan təqvim ili üçün verilir. Cari təqvim ilində sosial məzuniyyətdən istifadə edilməzsə, o, növbəti iş ilinə keçirilmir, işdən çıxma da daxil olmaqla, pul kompensasiyası ilə əvəz edilmir.

Əmək məzuniyyəti ilə onun arasındakı əsas fərq bunlardır:

  • sosial məzuniyyət istirahət və əmək qabiliyyətinin bərpası üçün deyil, sosial faydalı hesab edilən digər məqsədlər üçün verilir;
  • sosial məzuniyyət hüququ görülən işin müddətindən asılı deyil;
  • sosial məzuniyyət işçinin əsas və əlavə əmək məzuniyyətlərinə əlavə olaraq, onlarla birlikdə və ya ayrıca verilən məzuniyyətin müstəqil növüdür;
  • sosial məzuniyyət müddəti üçün əməkhaqqı Əmək Məcəlləsində, kollektiv müqavilələrdə, əmək müqaviləsində nəzərdə tutulmuş hallarda saxlanılır;
  • sosial məzuniyyət müddəti üçün dövlət sosial sığorta müavinəti ödənilir;
  • sosial məzuniyyət iş ili üçün deyil, təqvim ili üçün verilir.

Sosial məzuniyyətlərin spesifikliyi, ilk növbədə, onların məqsədli təyinatı, əsasları, şərtləri olması və verilməsi qaydalarıdır.

Sosial məzuniyyətlərin növləri

Qanunvericiliyə əsasən sosial məzuniyyətlərin 3 növü mövcuddur:

  • hamiləlik və doğuşa görə məzuniyyətlər;
  • uşaqları övladlığa götürən qadınların məzuniyyəti;
  • qismən ödənişli  məzuniyyət.

Hamiləlik və doğuşa görə məzuniyyətdən əmək müqaviləsi üzrə  işləyən bütün qadinların istifadəsi mümkündür. Məzuniyyətin müddətləri qadınların işlədiyi sahədən, doğuşun çətinliyindən asılı olaraq dəyişir. İş sahələri aşağıdakı iki qrupa ayrılır:

  • kənd təsərrüfatı istehsalı;
  • iqtisadiyyatın digər sahələri.

Kənd təsərrüfatı sahəsində çalışan qadınlar üçün bu sosial məzuniyyətin müddəti 140 gün, digər sahələrdə işləyən qadınların məzuniyyəti 126 gün olmaqla, doğuşdan əvvəlki və sonrakı vaxtı əhatə edir (ƏM, maddə 125). Belə fərqli müddət kənd təsərrüfatında işin daha ağır, çətin olması, qadınların daha çox fiziki əməyə cəlb olunması ilə bağlıdır. Həmçinin, doğuşun normal, ya da çətin olması, iki, yaxud daha çox uşağın doğulmasından asılı olaraq  məzuniyyətin müddəti artırıla bilər.

Hamiləlik və doğuşa görə məzuniyyət haqqında buradan daha ətraflı məlumat ala bilərsiniz.

Uşaqları 2 aylıq yaş həddinə qədər övladlığa qəbul edilmiş qadınlara, doğuşdan sonra müəyyən edilən  56 günlük sosial məzuniyyət verilə bilər. Bu, uşağı övladlığa götürmədən böyüdən qadınlara da aiddir.

Sosial məzuniyyətin bu növündən istifadə edən qadınlar həm uşaqlı qadınlara təyin edilən əlavə məzuniyyətlərdən, həm də qismən ödənişli məzuniyyətdən istifadə edə bilərlər.

Qismən ödənişli məzuniyyətlər  3 yaşdan kiçik uşaqlara qulluq etmək məqsədilə təyin olunur (ƏM maddə 127).  Məzuniyyətin müqavilə ilə işləyən valideynlərdən hər hansı birinə, yaxud da  ailənin digər üzvünə verilməsi mümkündür, lakin təcrübədə bu məzuniyyətdən daha çox analar istifadə edir. Qismən ödənişli məzuniyyətdə olan işçinin müqaviləsinin işəgötürən tərəfindən ləğvi yolverilməzdir, uşağa qulluq edən şəxsin işlədiyi yerin, vəzifəsinin saxlanması zəruridir.

Sosial məzuniyyətlər üzrə ödənişlərin hesablanması

Hamiləlik, doğuşa görə məzuniyyətlərdə ödənilən müavinətlər xəstəlik vərəqəsi əsasında müəyyən edilən müddətlərə görə təyin olunur. Həmin müavinətlərin işçinin qazancının 100 faizi miqdarında müəyyənləşməsi və müraciət müddətini məhdudlaşdırmadan ödənməsi tələb olunur. Ola bilər ki, işçi məzuniyyətdə olduğu müddətdə onun vəzifə maaşında dəyişiklik olsun. Bu halda təyin olunmuş müavinət əməkhaqqının artmış miqdarı nəzərə alınaraq yenidən hesablanmalıdır.

Əgər hamiləliyə, doğuma görə məzuniyyətin müddəti  həm əmək məzuniyyəti, həm də qismən ödənişli məzuniyyətlə (həmçinin, əməkhaqqı saxlanılmadan) eyni vaxtda olarsa, bu halda xəstəlik vərəqəsi əsasında məzuniyyətin bütün günləri üçün müavinət verilməlidir. Sosial məzuniyyətlər üçün müavinətlərin düzgün təyin olunmasına və hesablanmasına həmkarlar ittifaqı təşkilatları nəzarət edərək məsuliyyət daşıyırlar.


Genity - İdeyaları texnoloji həllərə çeviririk

Print Friendly, PDF & Email