Struktur islahatları sahibkarlara nə vəd edir?

posted in: Xəbər | 0
birbank biznes

sahibkarVergilər Nazirliyində yeni apelyasiya sistemi korrupsiya elemetlərinin qarşısının alınmasına xidmət edəcək

Vergilər Nazirliyinin strukturundakı ən vacib institusional yeniliklərdən biri nazirliyin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentində (Katiblik) İnzibati şikayətlərin araşdırılması idarəsinin yaradılmasıdır. Yeni idarə vergi ödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi və funksional struktur vahidlərinin vəzifə öhdəliklərinin keyfiyyətli icrasının təmin edilməsi məqsədilə yaradılıb. Bu idarənin təsis edilməsi faktiki olaraq vergi orqanlarında müstəqil arbitr funksiyalarına malik yeni bir apelyasiya institutunun formalaşmasına gətirəcək, vergi orqanlarının fəaliyyətindən inzibati şikayətlərin baxılması, bütövlükdə şikayət institutu bir struktur altında cəmləşdiriləcək.

Qeyd olunmalıdır ki, sonuncu dəyişikliyə qədər Vergilər Nazirliyinə daxil olan şikayətlərin baxılması qaydası belə müəyyənləşdirilmişdi: sahibkar yerli vergi orqanlarının fəaliyyətindən, qərar və aktlarından narazı qaldığı halda, yuxarı vergi orqanına, yəni Vergilər Nazirliyinə müraciət edirdi. Yerli orqanların qərarlarına öz səlahiyyətləri çərçivəsində nəzarət edən struktur vahidi həmin işlər üzrə şikayətlərə baxır, şikayətləri «İnzibati icraat haqqında» və «Vətəndaş müraciətləri haqqında» qanunların əsasında araşdırır və ona hüquqi qiymət verirdi.

Vergilər Nazirliyinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimovanın sözlərinə görə, yeni strukturun yaradılmasının əsas məqsədi vergi orqanlarında apelyasiya institutunu təkmilləşdirməklə başvermə ehtimalı yüksək olan korrupsiya elemetlərinin sayını sıfıra yaxınlaşdırmaqdır: «Bu struktur dəyişikliyi ilə inzibati şikayətlərə baxan yeni bir apelyasiya institutu formalaşır ki, bu da həm funksional strukturların işinin daha keyfiyyətli qurulmasına, həm qanunsuz vergi yoxlamalarının, kameral hesablamaların və operativ nəzarət tədbirlərinin sayının azaldılmasına, həm də nəzarət tədbirlərində risk elementlərinin minimallaşdırılmasına şərait yaradır».

Yeni apelyasiya sistemində inzibati şikayətlərə baxan struktur yerli vergi orqanlarının fəaliyyətini, onların qəbul etdikləri qərarların qanunvericiliyə uyğun olub-olmamasını araşdıracaq, nöqsanlar müəyyən edildiyi halda, qərarlara məsul olan vergi orqanları əməkdaşları barədə müvafiq intizam tənbehi ilə bağlı rəhbərlik qarşısında məsələ qaldıracaq. Bu zaman inzibati şikayətlərə funksional rəhbərliyi həyata keçirən yuxarı orqan tərəfindən deyil, arbitr rolunda çıxış edən yeni struktur tərəfindən baxılacaq. Bu addımlar nəzarət tədbirini həyata keçirən yoxlama strukturları ilə vergi ödəyicisi arasındakı münasibətlərin normallaşdırılması, vergi ödəyicisi, vergi əməkdaşı və rəhbər strukturun münasibətlərinin açıq və bərabərhüquqlu səviyyəyə gətirilməsi məqsədi daşıyır.

N.Alimovanın sözlərinə görə, yeni apelyasiya sisteminin qurulması həm də sistemin diaqnostikasını həyata keçirməyə, bilavasitə vergi ödəyicisi ilə əlaqədar yerli vergi orqanlarının və onların işinə nəzarət edən strukturların işini nə dərəcədə keyfiyyətli qurmasını qiymətləndirməyə və Vergilər Nazirliyinin bu sahədə strategiyasını daha şəffaf və düzgün qurmağa imkan verəcək.

Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, vergi sistemində korrupsiya hallarının kökünün kəsilməsi üçün ciddi addımlar atılır və sahibkarlar onları narahat edən ən xırda məsələlərlə, xüsusən korrupsiya halları, vergi əməkdaşlarının hərəkət və hərəkətsizliyi ilə bağlı bütün mövcud kommunikasiya vasitələri ilə, o cümlədən «195-1» Çağrı Mərkəzi, eləcə də nazirliyin rəsmi internet saytındakı əlaqə kanalları üzərindən yazılı müraciət edə bilərlər.

Vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyəti artırılacaq

Vergi ödəyicilərinə xidmət sahəsində aparılmış dəyişikliklər vergi ödəyicilərinə xidmətin keyfiyyətinin artırılması, mütərəqqi təcrübəyə əsaslanan yeni xidmətlərin təşkili, mövcud elektron və ünvanlı xidmətlər sisteminin inkişaf etdirilməsi məqsədini daşıyır.

Bu gün göstərdiyi elektron xidmətlərin sayına görə Vergilər Nazirliyi öndə gedən dövlət qurumu olması ilə yanaşı, yeni rəqəmsal sistemlərin yaradılması üzrə vergi ödəyicilərinə xidmət sahəsində yeni hədəflər müəyyən edilir. Göstərilən xidmətlərin keyfiyyətinin və xidmət kanallarının, elektron xidmət istifadəçilərinin sayının artırılması, vergi ödəyiciləri üçün daha əlçatan və az vaxt itkisinə yol verən yeni xidmətlərin istifadəyə verilməsi, eləcə də xidmətlərin keyfiyyətinin ölçülməsi sahəsində yeni addımların atılması nəzərdə tutulur.

Hazırda Vergilər Nazirliyi təkcə vergi nəzarətini həyata keçirən orqan deyil, həm də çoxsaylı elektron xidmətləri və respublikanı əhatə edən xidmət mərkəzləri ilə vergi ödəyicilərinə, vətəndaşlara xidmət göstərən dövlət qurumudur. N.Alimovanın sözlərinə görə, bu dəyişikliklə xidmət mərkəzlərinin işinin keyfiyyətini ölçmək və işin nə dərəcədə səmərəli və düzgün qurulduğunu dəyərləndirmək nəzərdə tutulur. Bu gün nazirliyin qarşıya qoyduğu məqsədlərdən biri könüllü əməletməyə keçiddir. Bu baxımdan, xidmət strukturlarının qarşısında verginin fəlsəfəsinin vergi ödəyicilərinə düzgün çatdırılması kimi vacib vəzifə dayanır.

Bununla yanaşı, ölkədə vergi mədəniyyətinin yüksəldilməsində xidmət strukturlarının üzərinə böyük iş düşür. Buna görə də diqqəti xidmət sahəsi üzərində cəmləşdirməklə bir sıra vacib məsələlərin həlli nəzərdə tutulur.

Uçot-qeydiyyat sistemində mütərəqqi yeniliklər tətbiq ediləcək

Vergilər Nazirliyində həyata keçirilən digər struktur dəyişikliyi qeydiyyat sahəsi ilə bağlıdır. Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı işinin müasir tələblərə uyğunlaşdırılması, uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərəcək.

Hazırda vergi orqanlarında sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində «bir pəncərə» sistemi fəaliyyət göstərir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu sahəsində yüksək şəffaflıq göstəricisi mövcuddur. Bununla yanaşı, dünyada uçot-qeydiyyat sistemində bir çox yeniliklər tətbiq olunmaqdadır ki, Vergilər Nazirliyi də bu sahədə mütərəqqi yenilikləri ölkəmizin milli vergi sistemində tətbiq edəcəkdir. Bu gün ən mühüm məsələlərdən biri sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə uçot-baza məlumatlarının dürüstləşdirilməsi ilə bağlıdır.

N.Alimovanın sözlərinə görə, hər şey vergi ödəyicilərinin düzgün uçot məlumatlarından başlayır. Vergilər Nazirliyi həm daxildə strukturlararası, həm də digər dövlət orqanları ilə düzgün uçot məlumatlarının verilməsi kimi mühüm vəzifəni həyata keçirir.  Yeni yaradılmış struktur dövlət qeydiyyatı sahəsində mövcud olan işin keyfiyyətinin artırılması, mütərəqqi yeniliklərin ölkəyə gətirilməsi, uçot-qeydiyyat məlumat bazalarının dürüstləşdiriməsi istiqamətində fəaliyyət göstərəcək.

 

İkitərəfli əməkdaşlıq maliyyə şəffaflığının təmin edilməsinə töhfə verəcək

Müsahibimiz Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor Vahid Novruzovdur

– Vergilər Nazirliyinin fəaliyyət strategiyasında şəffaflığa başlıca amillərdən biri kimi yanaşılır. Sizcə, şəffaflığın artırılmasında daha çox nəyə diqqət yetirilməlidir?

– Dünyada baş verən maliyyə təlatümləri iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırmışdır ki, bunların da içərisində şəffaflığın yüksəldilməsi, hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir.

Maliyyə informasiyasının etibarlılığı və şəffaflığın artırılması idarəetmədə düzgün qərarların qəbuluna zəmin yaradır, iqtisadi inkişafda və səmərəliliyin yüksəldilməsində böyük rol oynayır. Bu isə  bir tərəfdən keyfiyyətli maliyyə hesabatlılığının aparılmasını, digər tərəfdən də təkmil maliyyə nəzarətinin, o cümlədən vergiqoymanın tətbiqini zəruri edir. Düzgün hesabatlılıq və nəzarət maliyyə sektorunda sabitliyə, biznes mühitinin münbitləşməsinə, resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsinə, şəffaflığın artırılmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə müsbət təsir etməklə iqtisadiyyatda və cəmiyyətdə modernləşməyə yol açır.

Məhz şəffaflığın artırılması və hesabatlılığın düzgün aparılması təsərrüfat fəaliyyətində risklərin  azaldılmasına, səmərəli idarəetmə  qərarlarının qəbul edilməsinə, ölkə iqtisadiyyatında real durumun qiymətləndirilməsinə, makroiqtisadi  göstəricilərin proqnozlaşdırılmasına  imkan verir.

Bu mənada, son vaxtlarda Vergilər Nazirliyinin fəaliyyətində şəffaflığın artırılmasına önəm verilməsi xüsusi qeyd olunmalıdır. Vergilər naziri cənab Mikayıl Cabbarovun sözləri çox səciyyəvidir: «Biz düşünürük ki, vergi sistemində, vergilərin yığılmasında, vergi öhdəliklərinin yerinə yetirilməsində şəffaflığın yaradılması bu prosesin bütün tərəflərini inkişafa apara bilər. Şəffaflıq inkişafın açarı, iqtisadiyyatın güclənməsi, əlverişli biznes mühitinin yaradılması, xarici sərmayələrin cəlb edilməsi üçün əsas şərtdir». Vergi sistemində şəffaflıq sahəsində strategiyanın konturları da verilmişdir: «Bizim ilk məramımız və ilk addımımız məhz vergi sistemində şəffaflığın təmin edilməsinə, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəlməsinə nail olmaqdır».

– Sahibkarlar tərəfindən aparılan əməliyyatlar üzrə uçotun və hesabatlılığın şəffaflaşdırılması üzrə konkret hansı tədbirlərin keçirilməsi məqsədəuyğundur?

– Məncə, məsələyə kompleks yanaşılmalı və aşağıdakılara nail olunmalıdır:

  • vergi ödəyicilərinin ilkin uçotunun təkmilləşdirilməsi;
  • iqtisadiyyatın bütün istiqamətləri üzrə, o cümlədən ev təsərrüfatları;
  • qeyri-qanuni iqtisadiyyat;
  • nəzərə alınmayan istehsal;
  • qeyri-formal iqtisadiyyat üzrə uçot və hesabatlılığın qaydaya salınması əsasında vergi ödəyiciləri bazasının genişləndirilməsinə nail olunması;
  • vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində vergi orqanı əməkdaşlarının və auditorların düzgün uçot, hesabatlılıq və vergitutma sahəsində məsuliyyət dairələrinin nizamlanması və genişləndirilməsi;
  • ikili mühasibatın ləğvi, gəlirlərin düzgün bəyan edilməsi, hesabatların reallığı və şəffaflığın artırılması istiqamətində tədbirlər sisteminin işlənib hazırlanması;
  • bütün səviyyələrdə dələduzluq risklərinin qiymətləndirilməsi;
  • autsorsinq və konsaltinq xidmətləri göstərən şirkətlərin məsuliyyətlərinin dəqiq müəyyənləşdirilməsi;
  • qanunvericiliyə əməl etməyən vergi ödəyicilərinin müsbət auditor rəyi alması hallarının aradan qaldırılması üçün auditorların intizam və peşə məsuliyyətinin gücləndirilməsi;
  • şirkətlərin şəffaflıq və hesabatlılıq indeksinin hazırlanması və tətbiqi praktikasına başlanılması;
  • maliyyə  hesabatlarının, vergi bəyannamələrinin, vergi yoxlamalarının nəticələrinin və auditor rəylərinin  ictimaiyyətə tam  və vaxtında açıqlanması prosedurlarının hazırlanması və tətbiqi;
  • mərkəzi telekanallardan birində maliyyə nəzarəti üzrə tədris-informasiya xarakterli maarifləndirici proqramların təşkili.

– Məcburi auditdən yayınmanın qarşısının alınması həllini gözləyən  problemlər sırasındadır. Bu məsələnin həlli istiqamətində hansı işlər görülür?

– Hər bir ölkədə təsərrüfat subyektlərinin auditdən keçmə səviyyəsi ilə həmin ölkədə mövcud olan şəffaflıq arasında birbaşa əlaqələr mövcuddur. Misal üçün, şəffaflığın ən yüksək olduğu Danimarka, Finlandiya, Norveç, İsveçrə, İsveç, Sinqapur, Kanada, Lüksemburq kimi ölkələrdə audit bütün müəssisələr üçün məcburidir və eyni zamanda auditdən yayınma hallarına əsla yol verilmir. Ölkəmizdə isə məcburi auditdən yayınma halları, demək olar ki, kütləvi xarakter daşıyır. Qanunvericiliklə auditdən keçməsi tələb olunan təsərrüfat subyektlərinin cəmi 3%-ə qədəri buna əməl edir. Qalan müəssisələr isə qanunvericiliyin tələblərinə əməl etməyərək, auditdən yayınmaqla, şəffaflığın səviyyəsini ciddi şəkildə aşağı salır və həm də auditor xidmətinin keyfiyyətinin azalmasına, müstəqil auditin öz funksiyalarını yerinə yetirməməsinə zəmin yaratmış olurlar. Bu mənada, mən bir daha hörmətli vergilər nazirinin sözlərinə istinad etmək istərdim: «Bulanıq su yalnız o şəxslərə sərfəlidir ki, dövlət və ya biznes hesabına qanunsuz gəlir əldə etmək istəyir. Şəffaflıq və informasiyanın açıqlığı qanunvericilik çərçivəsində ədalətli vergitutmanı təmin edir».

Məcburi auditdən yayınmanın qarşısının alınması auditin real funksiyasının bərpa olunması üçün çox vacibdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu barədə fikirlərini xatırlatmaq istərdim: «Dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə yanaşı, ictimai nəzarətin, o cümlədən müstəqil auditin  rolu getdikcə artır. Müstəqil audit maliyyə və vergi intizamının gücləndirilməsində, vəsaitlərin təyinatına uyğun və qənaətlə  xərclənməsində aşkarlığı təmin edən əsas vasitələrdən biridir. Eyni zamanda, yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində çox iş görülməlidir. Əminəm ki, Auditorlar Palatası  bundan sonra da özünün səmərəli fəaliyyəti ilə ölkəmizdə müstəqil auditin inkişaf və tərəqqisinə, şəffaflığın təmin edilməsinə  və daha da artırılmasına töhfəsini verəcəkdir».

Hazırda Auditorlar Palatası müvafiq qurumlarla birlikdə məcburi auditdən yayınmanın qarşısının alınması istiqamətində kompleks tədbirlər işləyib tətbiq etməkdədir. Ümidvarıq ki, Vergilər Nazirliyi ilə səylərimizin daha sıx uzlaşdırılması da bu problemin həllində önəmli rol oynayacaqdır.

-Vergi islahatları cəmiyyətin diqqət mərkəzində olan məsələdir. Vergilər Nazirliyi müəssisə və təşkilatlara, eləcə də sahibkarlara müraciət edərək sistemin təkmilləşdirilməsi üçün rəy və təkliflərini göndərməyi xahiş etmişdir. Daha aktual hesab etdiyiniz məsələlərlə bağlı sizin də rəy və təkliflərinizi bilmək maraqlı olardı…

– Vergi islahatları ilə əlaqədar aşağıdakı məsələləri daha aktual hesab edirik:

· Şəfafflığın artırılması və kölgə iqtisadiyyatının həcminin və əhatə dairəsinin azaldılması məqsədilə vergi ödəyicilərinin ilkin uçotunun təkmilləşdirilməsi, təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması və beynəlxalq standartların tətbiqinin genişləndirilməsi vasitəsilə inam atmosferinin gücləndirilməsinə nail olunması üzrə birgə təkliflər sisteminin işlənib hazırlanması və həyata keçirilməsi;

  • vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində vergi orqanı əməkdaşlarının və auditorların düzgün uçot, hesabatlılıq və vergitutma sahəsində məsuliyyət dairələrinin nizamlanması və genişləndirilməsi;
  • qanunvericiliyə əməl etməyən ödəyicilərin müsbət auditor rəyi alması hallarının aradan qaldırılması üçün auditorların intizam və peşə məsuliyyətinin gücləndirilməsi istiqamətində birgə əməkdaşlıq;
  • vergi ödəyicilərinin iqtisadi fəallığının artırılmasına dəstək göstərilməsi istiqamətində əlaqəli audit və konsaltinq xidmətlərinin, stimullaşdırıcı tədbirlərin tətbiqinin genişləndirilməsi və cəlbedici nəzarət mühitinin formalaşdırılması;
  • auditor xidmətinin və vergi nəzarətinin keyfiyyətini yüksəltməklə qeyri-leqal iqtisadiyyatdan leqal iqtisadiyyata keçidin təmin olunması üçün Vergilər Nazirliyi və Auditorlar Palatası arasında çevik ictimai əməkdaşlığın qurulması;
  • auditorlar tərəfindən vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qanunvericiliyə uyğun qurulmasına, tənzimlənməsinə, fikir ayrılıqlarının minimuma endirilməsinə və qarşılıqlı inamın gücləndirilməsinə dəstək verilməsi;
  • vergi orqanlarının üzərinə düşən inzibati yükün optimallaşdırılması istiqamətində Palatanın potensialından istifadə olunması (xarici təcrübə – ABŞ, Fransa, Gürcüstan).

Bunlardan əlavə, Vergi Məcəlləsinin bəzi müddəaları ilə bağlı konkret təkliflərimizi Vergilər Nazirliyinə təqdim etmişik. Əminik ki, məhsuldar əməkdaşlığımız ölkəmizdə maliyyə şəffaflığının təmin edilməsinə öz töhfəsini verəcəkdir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email