Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər

posted in: Xəbər | 0
birbank biznes

Ödənişli təhsil məzuniyyəti kimlərə verilir? Bu hüquqdan istifadə etmək üçün işçi hansı sənədi təqdim etməlidir? Təhsil məzuniyyətinin müddəti nə qədərdir? Sizə təqdim etdiyimiz bu məqalə yuxarıda qeyd edilən sualların cavabına həsr olunub.

Məzuniyyətin növləri

Azərbaycanda işçilər təyinatından asılı olaraq bir neçə növ məzuniyyət hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit edilib. Bunlar aşağıdakılardır:

  • əmək məzuniyyətləri;
  • sosial məzuniyyətlər;
  • yaradıcılıq, təhsil məzuniyyəti;
  • ödənişsiz məzuniyyətlər.

İşəgötürənlə əmək münasibətlərində olan işçilər həmin hüquqdan istifadə edə bilər. Məzuniyyətin növlərinin hər biri öz xüsusiyyətlərinə malikdir, müddətləri bir çox amillərdən asılıdır. Müvəqqəti olaraq işdən uzaqlaşdığı müddətdə işçinin iş yeri, vəzifəsi saxlanılır, əksər hallarda məzuniyyət üçün  orta əməkhaqqı hesablanır.

AR ƏM-nin on səkkizinci fəsli yaradıcılıq və təhsil məzuniyyətinin müddəti, onların verilməsi qaydalarını tənzimləyir. Buraya keçid edərək yaradıcılıq məzuniyyəti haqqında oxuya bilərsiniz. Bəs təhsil məzuniyyəti nədir, kimlərə verilir, müddətləri, ödəniş qaydası necədir?

Əgər işçi həm də oxuyursa?

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə uyğun olaraq hər bir vətəndaşa təhsil almaq hüququ verilib. Müqavilə üzrə çalışan şəxslər işləməklə yanaşı təhsilini davam etdirmək hüququna da malikdirlər. Qanunvericiliyə uyğun olaraq həmin şəxslərin əmək məzuniyyətindən əlavə, həm də hər il ödənişli təhsil məzuniyyəti verilməsi təmin edilməlidir. İşləyən və təhsilini davam etdirən işçilərə təyinatına görə təhsil məzuniyyətləri müxtəlif  təyinatlara verilə bilər:

  • tədris mövsümü sessiyaları zamanı (tədris-təlimdə iştirak, laboratoriya işlərinin icrası, habelə imtahanlar üçün nəzərdə tutulub);
  • dövlət imtahanları zamanı istifadə edilir;
  • diplom işinin hazırlanması, müdafiəsinə görə təyin olunur.

Tədris mövsümü sessiyaları zamanı verilən təhsil məzuniyyəti tədris-təlimdə iştirak, laboratoriya işlərinin icrası, habelə imtahanlar üçün nəzərdə tutulub.

Məzuniyyətlərin bu növü təhsil müəssisəsindən alınan arayış əsasında verilir. Həmin müəssisəsinin rəhbəri işəgötürənə 15-20  gün əvvəldən işçiyə məzuniyyətin təyini üçün məktub təqdim etməlidir. Məktubda sessiyaların başladığı, bitdiyi tarix, yaxud  təhsil məzuniyyətinin müddəti qeyd edilməlidir. Məzuniyyət təhsil müəssisəsi tərəfindən müəyyən edilən vaxtda verilir, onun başqa vaxta keçirilməsi yolverilməzdir.

Ödənişli təhsil məzuniyyətləri aşağıdakı işçilərə şamil olunur:

  • ali, habelə orta ixtisas məktəblərində qiyabi olaraq təhsilini davam etdirənlərə;
  • peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alanlara;
  • ümumtəhsil müəssisələrinin qiyabi qruplarında oxuyanlara.

Məzuniyyətin müddətləri

Təhsil məzuniyyətinin müddətləri həmin məzuniyyətdən istifadə edən şəxslərin oxuduqları müəssisələrin növündən, hansı kursda olmalarından  asılı olaraq təyin edillir (ƏM maddə 124)

Ali məktəblərdə təhsilini davam etdirən işçilərin məzuniyyətləri:

  • birinci, ikinci kurslar – 30  gün (qış və yay  sessiyaları);
  • ikinci, dördüncü kurslar – 40 gün (qış və yay sessiyaları);
  • dövlət imtahanlarının verilməsi – 30  gün;
  • diplom layihəsinin hazırlanması, onun müdafiəsi – 4  ay.

Orta ixtisas müəssisələrində təhsilini davam etdirən işçilərin məzuniyyətləri:

  • birinci, ikinci kurslar- 20  gün (qış və yay  sessiyaları);
  • üçüncü, dördüncü kurslar – 30  gün (qış və yay sessiyaları);
  • dövlət imtahanlarına görə – 30 təqvim günü;
  • diplom layihəsinin hazırlanması, onun müdafiəsi üçün – 2 ay.

Məlumdur ki, tədris sessiyası il ərzində 2 dəfə həyata keçirilir. Buna görə də bu məzuniyyətlərin tədris ili ərzində 2 hissəyə (imtahan sessiyaları müddətində) bölünərək verilməsi mümkündür.

Həmçinin, peşə məktəblərində, orta ümumtəhsil məktəblərində qiyabi oxuyan işçilərin də ödənişli təhsil məzuniyyətindən istifadə hüququ var. Təhsil məzuniyyətinin müddəti təqvim günü əsasında  aşağıdakı müddətlərdə müəyyən olunur:

  • peşə təhsili müəssisələri – 30 (imtahanlara hazırlıq və onların verilməsi);
  • ümumtəhsil müəssisələri – 20  gün (buraxılış imtahanlarının verilməsi).

Təhsil müəssisəsinə gedib-gəlmək üçün müəyyən olunan günlər məzuniyyət müddətinə aid edilmir. Ona görə də işçinin həmin günlərə görə ödənişsiz məzuniyyətin verilməsi xahişi təmin edilməlidir.

Məzuniyyət müddətində orta əməkhaqqı hesablanması

Ödənişli təhsil məzuniyyətində olan işçiyə orta əməkhaqqı ödənilməlidir (ƏM 123.2). Onun hesablanması ƏM-nin 177-ci maddəsinə uyğun aparılır. Diqqət yetirməli olduğumuz məqam budur ki, hesablama zamanı əmək məzuniyyətinin hesablanmasında olduğu kimi əvvəlki 12 ay deyil,  ödənişdən əvvəlki 2 ay üçün müəyyən olunan gəlir nəzərə alınır.

Nümunə 1: “Merkuri” MMC-də işləyən işçi ərizəni, həmçinin arayışı təqdim edərək 1 noyabr 2019-cu il tarixindən etibarən 30 gün müddətində məzuniyyətdən istifadə etmək istəyir. Bu zaman hesablama aşağıdakı qaydada aparılır:

Sentyabr ayı = 400 manat, 21 iş günü;

Oktyabr ayı = 450 manat, 23 iş günü;

(400 + 450) / (21+23) x 30 = 579,54 manat.

Beləliklə, işçilərin 2 aylıq əməkhaqqısının cəmi iş günlərinə bölünərək  bir gün üçün nəzərdə tutulan məbləğ əldə edilir. Daha sonra həmin məbləğ əməkhaqqının saxlandığı iş günlərinə vurularaq orta aylıq əməkhaqqı hesablanır. Ödənişli təhsil məzuniyyəti hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin tərkibi Nazirlər Kabineti 126 saylı qərarı ilə tənzimlənir.

Təhsil məzuniyyətinin müddəti, hesblamalar haqqında buradan əlavə məlumat ala bilərsiniz


Print Friendly, PDF & Email