Ezamiyyə zamanı kimlər təhtəlhesab şəxs sayılır

posted in: Xəbər | 0
birbank biznes

Kimə təhtəlhesab şəxs kimi pul avansı verilə bilər? Ezamiyyə zamanı işçinin xərcləri üçün vəsait necə verilir? Avans hesabatı təhtəlhesab şəxs tərəfindən necə təqdim olunur? Bu və digər sualların cavabını təqdim edilən məqalədən tapa bilərsiniz.

İşçiyə pul avansı nə vaxt verilir?

Müəssisə və təşkilatlar uyğun sərəncamla (ezamiyyə əmri) öz işçilərini daimi iş yerindən başqa yerə müəyyən müddətə ezamiyyətə göndərə bilər. İşçilərin başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün ezam olunması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi “İşçilərin ezamiyyə qaydaları” ilə tənzimlənir.

Qeyd edilən qaydaların birinci, “Ümumi müddəalar” bölməsinin 5-ci maddəsinə görə “Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir”. Belə işçilər təhtəlhesab şəxslər hesab olunur.

Pul avansı həm kassadan nağd şəkildə, həm də işçinin kart hesabına köçürülməklə ödənilə bilər.

Pul avansı ezamiyyə xərclərindən başqa həm də:

  • təsərrüfat xərcləri;
  • nümayəndəlik xərcləri üçün verilə bilər.

Verilmiş vəsait təyinatı üzrə xərclənir, sonra isə mühasibatlığa avans hesabat təqdim olunur. Avans məbləğ üzrə əməliyyatlar kassa əməliyyatlarının aparılması qaydaları ilə tənzimlənir.

Kimlər təhtəlhesab şəxs ola bilər?

Müəssisənin maraqları naminə malların, iş və xidmətlərin (məsələn, ezamiyyə zamanı mehmanxana xidmətləri) ödənilməsi üçün vəsait verilmiş şəxslər təhtəlhesab şəxslər hesab edilir. Hüquqi şəxsin yaxud fərdi sahibkarın istənilən işçisi təhtəlhesab şəxs ola bilər. Bunun üçün menecer ona əmrlə müvafiq səlahiyyətlər verir və gələcək xərcləri təsdiq edir.

Rəsmi olaraq müəssisədə işləməyən şəxs yaxud təsisçi təhtəlhesab şəxs kimi pul götürə bilməz. Bu fərdi sahibkara da aiddir, çünki o, öz sahibkarlıq subyektinin işçisi deyil. Amma bu, sahibkara problem yaratmır, çünki xərc istiqamətlərini göstərməklə, o, cari hesabındakı vəsaitdən yaxud kassadakı puldan istifadə edə bilər.

Təhtəlhesab şəxs maddi-məsul işçidir, müvafiq qaydada avans hesabatı vermədikdə və sənədlərlə təsdiq olunmayan xərcləri qaytarmadıqda, avans məbləği işəgötürən tərəfindən:

  • işçinin əməkhaqqısından tutacaq, yaxud;
  • bərpası məhkəmə vasitəsi ilə təmin ediləcək.

Ezamiyyə üçün avans necə verilir?

Təhtəlhesab məbləğlər işçinin ərizəsi, yaxud da kassa məxaric orderi vasitəsilə verilir. Hər iki halda sənədlərdə müəssisə rəhbərinin razılığını təsdiq edən imza, habelə baş mühasibin imzası mütləqdir.

Təhtəlhesab şəxslərin xərcləri şirkətin işi ilə bağlı olmalıdır. Bu formada əməkhaqqı vermək, nağdlaşdırma, maddi yardım vermək olmaz.

Xərcləri kim təsdiqləyir?

Ezamiyyə yaxud digər hallarda avans vəsaitin verilməsi təşəbbüskarı rəhbərlik yaxud işçi ola bilər. Birinci halda rəhbərlik tərəfindən verilən əmrdə pulun:

  • kimə;
  • nəyə;
  • nə qədər müddətə;
  • hansı məbləğdə verilməsi müəyyən edilir.

Əks halda işçi sərbəst formada ərizə yazır, rəhbər yuxarıdakı məlumatları təsdiq etməklə imzalayır.

Avans hesabatı

Avans hesabatı təyinatından asılı olaraq 5 iş günü ərzində mühasibatlığa təqdim edilməlidir. Məbləğin xərclənməyən hissəsi isə kassaya qaytarılmalıdır. Eyni şəxsə təkrar pul avansının verilməsi keçmiş avans hesabatının təqdim edilməsindən sonra təmin edilə bilər. Təhtəlhesab şəxslərlə hesablaşmalarda ezamiyyə xərcləri xüsusi yer tutur. Ezamiyyət zamanı işçiyə nəqliyyat, kommunal və gündəlik yeməklə əlaqədar bütün xərclər müəssisə rəhbəri tərəfindən ödənilir. Təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra 3 iş günü ərzində avans hesabatını hazırlayaraq mühasibatlığa təhvil verməlidir. Həmin avans hesabatı, ona əlavə edilmiş ezamiyyə vəsiqəsi, digər lazımi sənədlər mühasibatlıq tərəfindən yoxlanılır və müəssisə rəhbəri tərəfindən təsdiq edilir. Hazırlanmış avans hesabatı əsasında təhtəlhesab şəxslə haqq-hesab aparılır. Ola bilər ki, məbləğ xarici valyuta ilə verilsin. Bu halda haqq-hesabın aparılması AR Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla həyata keçirilir.

Təhtəlhesab şəxs tərəfindən avans hesabatının müəyyən olunmuş vaxtda təqdim edilməsi, həmçinin verilmiş pul avansının istifadə edilməmiş hissəsinin kassaya geri qaytarılması zəruridir. Əks halda qanunvericiliyə uyğun olaraq həmin borc işçinin əməkhaqqısından tutula bilər. Əgər işçi sənədlərlə təsdiq olunmaq şərtilə ona verilmiş avans məbləğindən artıq xərcləmiş olarsa, yenidən haqq-hesab aparılaraq qalıq məbləğ işçiyə ödənilməlidir. Avans hesabatında:

  • müəssisənin adı;
  • işçinin, adı, soyadı və atasının adı;
  • hesabatın N-si, tarixi, təyinatı;
  • avans məbləği;
  • xərclənən məbləğ (ezamiyyə zamanı yaxud digər məqsədlərə) və s. qeyd edilməlidir.

Təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu hesablar planının “Təhtəlhesab şəxslərlə hesablaşmalar” adlı hesabında aparılır.

İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

Print Friendly, PDF & Email