Taksi ilə sərnişin daşınmasına görə vergi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Bakı şəhərində taksi ilə sərnişin daşınması fəaliyyəti ilə məşğul oluram. Bu fəaliyyətə görə nə qədər vergi ödəməliyəm və vergi orqanına bununla bağlı bəyannamə verməliyəmmi?

Bax: Azərbaycanda 1 xarici, 11 yerli şirkət ləğv edildi

Cavab: Vergi Məcəlləsinin (VM) 218.1.1.1-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

VM-in 219.1-1-ci maddəsinə müvafiq olaraq  həmin məcəllənin 218.1.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri sadələşdirilmiş vergi üzrə vergitutma obyektidir.

VM-in 220.5-ci maddəsinə əsasən, taksi ilə sərnişin daşınmasını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin 1 ədəd nəqliyyat vasitəsi üçün aylıq məbləği 9 manatdır.

Bax: Tikinti fəaliyyəti ilə məşğul olanların vergi öhdəlikləri

VM-in 220.6-cı maddəsində qeyd edilmişdir ki, yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi həmin məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;

– Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (VM-in 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) – 1,5;

– Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (VM-in 220.6.1-ci və 220.6.2-ci maddələrində göstərilənlər istisna olmaqla) – 1,0.

VM-in 221.4-cü maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır:

VM-in 221.4.1-ci maddəsinə müvafiq olaraq sərnişin və yük daşıyan vergi ödəyicisinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün sadələşdirilmiş vergi həmin məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidi həmin maddədə qeyd olunan sadələşdirilmiş verginin aylıq məbləğinə, habelə VM-in 220.6-cı maddəsində göstərilən əmsallara vurularaq hesablanır və dövlət büdcəsinə ödənilir.

Bax: Ukraynada qeyri-rəsmi məşğulluğa qarşı mübarizə sərtləşdirilir

VM-in 221.4.2-ci maddəsində qeyd edilmişdir ki, VM-in 218.1.1.1-ci maddəsində göstərilən vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrinin qeydiyyata alındığı yerdən asılı olmayaraq, sərnişin və yük daşımalarının faktiki həyata keçirildiyi ərazi üçün həmin məcəllənin 220.5 – 220.7-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər.

Beləliklə, Bakı şəhərində taksi ilə sərnişin daşıyan şəxslər tərəfindən  dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin aylıq məbləği 1 ədəd nəqliyyat vasitəsi üçün 18 manat (1 x 9 manat x 2 = 18 manat) təşkil edir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri, VM-də başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz
Print Friendly, PDF & Email