Teatr müəssisələrində məzuniyyət müddətlərinin tənzimlənməsi

posted in: Xəbər | 0
birbank biznes

Əmək məzuniyyətinin müddəti uzadılmış işçilər

İşçinin işlədiyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi işçinin məzuniyyət hüququnu tanıyır. Bu o deməkdir ki, işçi normal istirahət, sağlamlığın mühafizəsi və bərpası məqsədi ilə, iş yerini, vəzifəsini saxlamaqla, iş günləri ərzində müvəqqəti işdən uzaqlaşa bilər. Təcrübədə məzuniyyətin daha çox tətbiq olunan növü əmək məzuniyyətidir. İşçinin işəgötürənlə əmək münasibətlərində olması onun ödənişli əmək məzuniyyətindən istifadə hüququnun əsas şərtidir. Məzuniyyət hüququnun tətbiq normaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 113-cü maddəsinə əsasən işçilərə müəyyən vaxt aralığında aşağıdakı məqsədlər üçün məzuniyyət təyin edilir:

  • normal istirahətinin təmin edilməsi;
  • sağlamlığının mühafizəsi və bərpası.

Əmək məzuniyyətinin müddəti əsas və əlavə məzuniyyətlərinin cəmindən ibarətdir. Məzuniyyətin müddəti təqvim gününə uyğun hesablanır. ƏM-in 114-cü maddəsinə əsasən işçilərə təyin olunmuş ödənişli əsas məzuniyyətin müddəti minimum 21 təqvim günündən ibarətdir. Eyni zamanda Azərbaycan Respublikasının əmək qanunvericiliyi işçilərin müəyyən kateqoriyası üçün uzadılmış əmək məzuniyyəti hüququnu tanıyır. Bunlar hansılardır?

  1. Pedaqoji və elmi fəaliyyətlə məşğul olanlar;
  2. Fizioloji keyfiyyətləri ilə bağlı – yaşı 16-dan az yaxud 16-18 yaş arasında olanlar;
  3. Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərə malik işçilər;
  4. Teatr-tamaşa və bunlara uyğun müəssisələrdə çalışanlar.

Bu məqalədə teatr-tamaşa və bunlara uyğun müəssisələrdə çalışan işçi kateqoriyaları üçün məzuniyyət müddətləri barədə danışacağıq.

Teatr müəssisələrində işçi kateqoriyaları

Belə müəssisələrin fəaliyyəti Teatr və teatr fəaliyyəti haqqında AR qanunu ilə tənzimlənir. Həmin qanuna əsasən “teatr – müxtəlif tamaşalar yaradaraq canlı ifada kütləvi nümayiş etdirən, maddi-texniki bazaya malik hüquqi şəxsdir”.

Teatr-tamaşa və buna uyğun başqa müəssisələrə aşağıdakılar aid edilir:

  • teatr-tamaşa müəssisələri;
  • televiziya, radio, kinematoqrafiya qurumları.

Bu müəssisələrdə işçi heyətin tərkibi, vəzifələrin siyahısı ƏƏSM Nazirliyinin Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası-nın tələblərinə uyğun müəyyən olunur və 3 kateqoriyaya bölünür:

  • rəhbərlər;
  • mütəxəssislər;
  • texniki icraçılar.

Rəhbər və mütəxəssislər qrupuna daxil olan vəzifələri

  • rəhbərlər;
  • bədii heyət;
  • artist heyəti;
  • digər texniki heyət.

Teatr-tamaşa, habelə bunlara uyğun müəssisələrdə əmək məzuniyyətinin müddəti

Teatr-tamaşa müəssisələrində, televiziya, radio və kinematoqrafiya qurumlarında çalışan işçilərinin əmək məzuniyyətinin müddəti təyin edilərkən Sorğu kitabçasına uyğun vəzifələr nəzərə alınmalıdır. ƏM-nin 121-ci maddəsinə görə belə müəssisələrdə fəaliyyət göstərən:

  • bədii, artist heyəti üçün məzuniyyət müddəti 42 gün;
  • səhnəyə xidmət edən işçilər üçün isə 35 gün müəyyən olunub.

Texniki işçilər mütəxəssis sayılmadığı üçün onlara 21 gün məzuniyyət hüququ verilir. Belə işçilərə texniki icraçılardan bilet kassirini, bilet nəzarətçisini misal göstərə bilərik.

Teatr-tamaşa və buna uyğun başqa müəssisələrdə işləyən və uzadılmış məzuniyyət müddəti hüququna malik işçilərə Əmək Məcəlləsinin 116-cı maddəsində nəzərdə tutulan əmək stajına görə, eləcə də 117-ci maddə ilə müəyyən edilən uşaqlı qadınlar üçün müəyyən olunan əlavə məzuniyyətlər tətbiq edilmir.

Əmək məzuniyyətinin müddəti, verilməsi qaydası, tələb edilən hüquqi normalar haqqında burada ətraflı şəkildə bəhs edilib.


Print Friendly, PDF & Email