Mobil telefonların və minik avtomobillərinin qeydiyyatı barədə yeni rüsumlar

posted in: Xəbər | 0
birbank biznes

rüsumAzərbaycan Respublikası Nazirlər Kabinetinin 31 iyul 2018-ci il tarixli 336 saylı qərarının 1 və 2 saylı əlavələri mediada yayımlandıqdan sonra xüsusi marağa səbəb olsa da, heç də əksəriyyətin bu qərarı tam başa düşdüyünü demək olmaz. Bu səbəbdən də bu yazıda həmin qərarın izahını təqdim edirik.

Mövzuya keçməzdən əvvəl qeyd etmək lazımdır ki, bu qərarın iki əlavəsi olduğu üçün hər bir qərarın izahını ayrılıqda veririk.

1 saylı Əlavə

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumun məbləğləri

 

Mövzu çərçivəsində xatırladırıq ki, minik avtomobillərinin özgəninkiləşdirilməsi dedikdə, həmin avtomobillərin başqasının mülkiyyətinə verilməsi başa düşülür. Daha sadə dillə desək, fiziki şəxslər avtomobili satarkən (etibarnamə ilə vermək satmaq hesab edilmir) avtomobilin dövlət qeydiyyatının aparılması üçün bu qərarda göstərilən qaydada dövlət rüsumu ödəməli olacaqlar.

Nazirlər Kabinetinin qərarına görə oturacaq sayı 9-dan (sürücünün oturacağı da daxil olmaqla) çox olmayan avtomobillərin (minik avtomobili) dövlət qeydiyyatına görə ödənilən dövlət rüsumu avtomobilin mühərrik həcmi və istehsal tarixi nəzərə alınmaqla müəyyən ediləcək.

Mühərrik həcmi

– 2000 kub santimetrədək olduqda – hər kub santimetrə görə 0.05 AZN

– 3000 kub santimetrədək olduqda – 100 AZN + 2001-dən 3000 kub santimedrədək hər kub santimetrə görə 0.1 AZN

– 4000 kub santimetrədək olduqda – 200 AZN + 3001-dən 4000 kub santimedrədək hər kub santimetrə görə 0.2 AZN

– 5000 kub santimetrədək olduqda – 400 AZN + 4001-dən 5000 kub santimedrədək hər kub santimetrə görə 0.3 AZN

– 5000 kub santimetrdən çox olduqda – 1500 AZN məbləğində dövlət rüsumunu minik avtomobilinin istehsal tarixi nəzərə alınmaqla aşağıdakı əmsallar üzrə dövlət rüsumu ödəniləcək.

Minik avtomobilinin istehsal tarixindən

– 4 ilədək vaxt keçdikdə – 1.0

– 4 ildən 10 ilədək vaxt keçdikdə – 0.8

– 10 ildən çox vaxt keçdikdə isə – 0.3 əmsalı tətbiq ediləcək.

Misal: A adlı fiziki şəxs 5.500 kub santimetr mühərrik həcmi olan və istehsal tarixindən 1 il vaxt keçmiş avtomobil üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına görə ödəyəcəyi dövlət rüsumu aşağıdakı kimi olacaq.

Mühərrik həcminə görə 1500 AZN-ə 1.0 əmsalı tətbiq ediləcək.

1500*1=1500. Nəticədə şəxs 1500 AZN ödəməli olacaq.

Həmçinin bax: Əmək məzuniyyəti barədə daha az bildiklərimiz
rüsumƏlavə 2

Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri

Mövzu ilə əlaqədar qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarı fiziki şəxslərin yalnız şəxsi istehlak (istifadə) məqsədilə xarici ölkə saytlarından aldıqları telefonların ölkəyə gətirildikdən sonra qeydiyyata alınması zamanı ödənilən dövlət rüsumu məbləğlərini tənzimləyir.

Daha dəqiq desək, bu qərar satış məqsədilə gətirilən telefonlarla əlaqədar deyildir.

Bu qərara görə mobil cihazların Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tənzimlənən və öz saytında yerləşdirəcəyi xarici ölkə saytlarında istinad olunan qiymətlərə əsaslanan bazar qiyməti nəzərə alınmaqla dövlət rüsumu məbləği tənzimlənəcəkdir.

Belə ki, nazirlik beynəlxalq informasiya sistemlərində müəyyən edilmiş mobil cihazların bazar qiymətini saytında yerləşdirərək həmin qiymətə uyğun dövlət rüsumunu aşağıdakı qaydada tutduqdan sonra cihazları dövlət qeydiyyatından keçirəcək.

Mobil cihazın bazar qiyməti

– 100 USD-dən (ABŞ dolları) az olarsa və foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmazsa, 20 AZN

– 100 USD-dək olarsa 30 AZN

–  101 USD-dən 200 USD-dək olduqda, həmçinin foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmayan cihazlara görə də – 50 AZN

–  201 USD-dən 400 USD-dək olduqda, həmçinin foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmayan cihazlara görə də – 60 AZN

–  401 USD-dən 700 USD-dək olduqda, həmçinin foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmayan cihazlara görə də – 70 AZN

–  701 USD-dən 1000 USD-dək olduqda, həmçinin foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmayan cihazlara görə də – 100 AZN

–  1001 USD-dən çox olduqda, həmçinin foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmayan cihazlara görə də – 150 AZN məbləğində dövlət rüsumu ödənildikdən sonra mobil cihaz dövlət qeydiyyatından keçiriləcək.

Yekunda isə qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 85.1-ci maddəsinə əsasən dərc edildiyi andan qüvvəyə minmişdir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email