Təmənnasız verilən mallar necə sənədləşdirilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Belə bir məsələdə məsləhətiniz lazımdır: müəssisə müqavilə bağlayır və müqavilənin şərtlərinə əsasən alınan hər 100 ədəd məhsula görə 10 ədəd təmənnasız təqdim edir (reklam məqsədləri ilə və s). Bu halda sənədləşmənin necə aparılması daha məqsədəuyğun olar? Elektron qaimədə həmin təmənnasız verilən məhsullar 0 qiymət ilə göstərilməlidir ? Məlumat üçün: satılacaq məhsul ƏDV-dən azaddır. Vergi uçotu baxımından bu əməliyyat hesabatda necə əks olunmalıdır?

Həmçinin bax: VM-in 165.1.7-ci maddəsinin tətbiqi zamanı hansı sənədləşmə əməliyyatları aparılmalıdır?

Cavab: Bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsinin əsaslarını və həyata keçirilməsi qaydasını, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik müəyyənləşdirir. Vergi qanunvericiliyinə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Elektron qaimə-fakturada, o cümlədən də malın (işin, xidmətin) adı, ölçü vahidi, miqdarı, həcmi və buraxılış qiyməti göstərilir. Bu baxımdan da, malları təqdim edən şəxs elektron qaimə-fakturada malın satış qiymətini qeyd etməlidir. Göndərilmiş mallar üzrə ödənişlərin aparılması və həmin malların dəyərinin mədaxil edilməsi zamanı isə müqavilənin şərtləri əsas götürülməklə malların alıcısı tərəfindən təmənnasız alınmış malların dəyərini nəzərə almalıdır.

Bax: Mülki Məcəllənin 2.2-ci, 6-cı və 390-cı maddələri, Vergi Məcəlləsinin 16.1.11-6-ci və 71-1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Mənbə: www.taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email