Tikinti obyektlərində müşahidə kameraları quraşdırılıb

posted in: Xəbər | 0
birbank biznes

müşahidə kameralarıVergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir.

“ASAN xidmət”lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir.

Tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək. Həmin informasiyalar “ASAN xidmət”in Monitorinq Mərkəzinə inteqrasiya olunub.

2018-ci ilin yanvar-may aylarında əmək müqaviləsi bildirişləri üzrə Elektron İnformasiya Sistemində əlavə olaraq 43 min 434 əmək müqaviləsi qeydə alınıb. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən iki dəfədən çox (ötən il 21 min 506 müqavilə) təşkil edib.

2018-ci il iyunun 1-nə qədər 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Ötən ilin analoji dövründə həmin rəqəm 1 milyon 287 minə bərabər olub. Əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də, tikinti sahələrində qeydə alınıb.

Həmçinin Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.

Əmək müqaviləsi olmadan çalışan fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək miqdarda cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email