15 Avqust – torpaq vergisinin ödənilməsinin son günü

posted in: Vergi, Xəbər | 0
birbank biznes

torpaq vergisiFiziki şəxslərin torpaq vergisi bələdiyyə büdcəsinə ödənilməlidir.

Bu gün 2018-ci ilin avqust ayı üzrə vergi orqanına təqdim edilməli torpaq vergisi üzrə öhdəliklərin icrasının son günüdür. Hesablanmış torpaq vergisi bərabər məbləğlərlə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq yerli büdcəyə, yəni bələdiyyəyə ödənilir.

Fiziki şəxslərin torpaq vergisi isə bələdiyyələr tərəfindən cari ilin iyul ayının 1-dək hesablanır, ödənilməli torpaq vergisinin məbləğini özündə əks etdirən tədiyyə bildirişi isə avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Torpaq vergisini necə hesablamalı?

Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmçinin tikililərin və qurğuların altında yerləşən, habelə obyektlərin sanitariya mühafizəsi üçün nəzərdə tutulan torpaq sahələri də vergiyə cəlb olunur. Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında hər hektara görə hesablanır. Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən, bir şərti balın qiyməti 6 qəpikdir.

Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə vergi dərəcəsi torpaq sahəsinin hər 100 m2 görə 2 manat müəyyən edilir. Müəssisələrin torpaq vergisi torpaq sahələrinin  ölçü­sünə və cədvəldə göstərilən dərəcələrə əsasən illik hesablanır və mayın 15-dən gec olmayaraq vergi orqanına müvafiq bəyannamə təqdim edilir.

Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan  torpaqlara görə  hesablanmış torpaq vergisi məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

Vergidən azad edilən torpaqlar

Bəzi kateqoriyalı torpaqlar var ki, onlar vergiyə cəlb olunmur. Bunlar aşağıdakılardır:

  • yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
  • dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan  Respublikası Mərkəzi Bankının və onun qurumlarının, maliyyə bazarlarına nəzarət orqanının, habelə Azərbaycan Respublikası Dövlət   Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
  • istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
  • dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.

Aşağıdakı fiziki şəxslərin mülkiyyətində olan torpaqlara görə ödənilməli torpaq vergisinin məbləği 10 manat azaldılır:

  • Azərbaycan Respublikasının Milli qəhrəmanları;
  • Sovet İttifaqı və Sosialist əməyi qəhrəmanları;
  • müharibə  əlilləri;
  • həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla  təltif edilmiş şəxslər;
  • müharibə veteranı adı almış şəxslər;
  • Çernobıl AES-də mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində xəstəliyə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslər.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən yaradılmış sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan  hüquqi şəxs yaratmadan  sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər həmin parklarda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq bu parklarda istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad edilir. Bu güzəşt investisiya təşviqi sənədi almış hüquqi şəxs və fərdi sahibkara da aiddir. Həmçinin sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru bu parkların ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilir.

Vergiləri vaxtında ödəməməyin məsuliyyəti

Torpaq sahəsinin mülkiyyətçiləri torpaq vergisinin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsinə görə məsuliyyət daşıyırlar.

  • Torpaq vergisinin hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən müəssisəyə 40 manat;
  • Aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 100 manat;
  • Torpaq vergisinin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılıbsa,  habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış       vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
  • Torpaq vergisi müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir il müddətindən çox olmamaq şərtilə, vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

Torpaq vergisinin hesablanması və vergi bəyannaməsinin doldurulması qaydaları barədə daha ətraflı məlumatı Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsindən əldə etmək olar.

Mənbə: vergiler.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email