Turizm sektorunun inkişafında vergi güzəştlərinin rolu

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Azərbaycan Dövlət Turizm Agentliyinin və Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün “Vergi Məcəlləsinə 2019-cu ildə edilmiş əlavə və dəyişikliklər: yeni qaydaları turizm sənayesində necə tətbiq etməli?” mövzusunda tədbir keçirilib. Mövzu ilə bağlı müzakirələrdə turizm sənayesinin spesifik xüsusiyyətləri, turizmin mövsümi xarakter daşıması, region otellərinin mövsümi fəaliyyətlə bağlı vergiyə cəlb olunması, nağdsız hesablaşmaların tətbiqi kimi məsələlərə toxunulub.

Tədbirin əsas mövzularından biri də turizm şirkətləri tərəfindən elektron qaimə-fakturaların təqdim edilməsi ilə bağlı olub.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov məsələyə aydınlıq gətirərək bildirib ki, sektorun həssaslığı nəzərə alınaraq, turizm agentlərinin göstərdikləri xidmətlərin təhvil-qəbul aktları ilə yanaşı, elektron qaimə-faktura ilə həyata keçirilməsinə razılıq verilib: “Siz fakturada bu xidmətlərin agent qaydasında həyata keçirilməsini qeyd etməlisiniz və bununla da həmin xidmətlərin dəyəri turizm agentliyinin gəliri hesab edilmir.  Kameral və səyyar vergi yoxlamaları zamanı hesabınıza daxil olan vəsaitlərin heç də hamısının sizin gəliriniz olmadığı görünməlidir”.

N.İmanov gələcəkdə agent qaydasında təqdim edilən elektron qaimə-fakturaların çeşidlənməsinin həyata keçiriləcəyini qeyd edib. O, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin sahibkarların vergi yükünün optimallaşdırılması, mikro sahibkarlıq subyektlərinin qorunması, orta sahibkarlıq sinfinə keçidin təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb: “Bu ildən mikro sahibkarlıq subyektlərinə əmlak vergisindən azadolmaların tətbiqinə başlanılıb. Bununla yanaşı, sahibkarlara 75 faiz gəlir vergisi güzəştinin verilməsi, əməkhaqqının 8 min manatadək olan hissəsinin vergiyə 0 dərəcə ilə cəlb edilməsi sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi baxımından atılan mühüm addımlardır. Güzəşt və azadolmaların tətbiqi turizm sektorunun inkişafı baxımından əhəmiyyətlidir”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email