Ukrayna korporativ qanunvericilikdə dəyişiklik edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Ukrayna hökuməti korporativ vergidə islahat aparılması və vergi yükünün şirkətin mənfəəti üzərinə keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan əvvəl – martın 12-də dövlət başçısı Pyotr Poroşenko ölkədə fəaliyyət göstərən xarici və yerli şirkətlərin təmsilçiləri ilə görüş zamanı bu təklifləri  vergitutma sahəsində «yeni fəlsəfə» adlandırmışdı. Prezidentin mövqeyinə görə, belə bir addımın atılması kiçik biznes üçün vergi rejimini sadələşdirə və investisiya qoyuluşlarının daha yüksək temp qazanmasını təşviq edə bilər. «Biz bu qanun layihəsi ilə kiçik və orta biznesi müdafiə edirik, bu isə mühasibat uçotunun əsaslı şəkildə sadələşdirilməsi deməkdir: dövriyyədən çıxarılan məbləğə görə vergi veriləcək, qalan məbləğ isə biznesə sərmayə qoyulmasına yönəldiləcək», – Prezident demişdir.

Prezident Poroşenko qeyd etmişdir ki, islahatlar mərhələli şəkildə aparılmalıdır, ona görə də iri şirkətlərdən əvvəl kiçik firmalara tətbiq edilməlidir. «Bu sxemi birinci mərhələdə xarici investorlar ilə bir araya gələ bilmək üçün kiçik və orta biznesə tətbiq etməliyik, – Prezident vurğulamışdır. – Bu cür vergi islahatı bir çox ölkələrdə, o cümlədən Gürcüstanda və Estoniyada özünü doğrultmuşdur».

Avropa Biznes Assosiasiyasının tövsiyəsinə əsasən,  dəyişikliklər şirkətlərin vergi yükünü azaltmalı, digər tədbirlərin görülməsi ilə kompensasiya edilməməlidir. Ən azından ilkin mərhələdə iri şirkətlərə yeni vergi sistemindən istifadə edib-etməmək üçün seçim imkanı verilməlidir.

Assosisasiya sistemin sınaq qaydasında, başqa sözlə, pilot layihə formasında tətbiq edilməsi ideyasını dəstəkləmişdir. Qeyd edilmişdir ki, yeni sistemin nə dərəcədə uğurla həyata keçirildiyini, eləcə də vergi qanunvericiliyinə könüllü əməletmə normalarına necə təsir etdiyini hökumətin təhlil etməsi mühümdür.

Assosiasiya bəyan etmişdir ki, vergi sisteminin islahatına yönəldilmiş səylər işçi qüvvəsindən tutulan vergilərin azaldılması ilə uyğunlaşdırılmalıdır. Assosiasiyanın bəyanatında qeyd edilmişdir ki, işçi qüvvəsindən tutulan vergi yükünün yüngülləşdirilməsi könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə və kölgə iqtisadiyyatının əhatə dairəsini daraltmağa imkan yaradacaq.

«Biz dövlət başçısının iqtisadi artımın daha yüksək templərlə baş verməsi üçün göstərdiyi səylərə tərəfdarıq. Ümid edirik ki, bu hədəflərə nail olmaq üçün tarazlaşdırılmış  vergi sistemi mühüm faktor olacaq», – Assosiasiyanın bəyanatında bildirilmişdir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email