Uşağa qulluğa görə müavinətin verilməsi dövrü və maliyyələşmə mənbələri

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Uşağa qulluğa görə müavinət kimə verilir?

Azərbaycan Respublikası qanunvericiliyi müəyyən kateqoriya şəxslərə birdəfəlik yaxud aylıq sosial müavinətlər verilməsini nəzərdə tutur. Müavinətlərin təyini, hesablanması və verilməsi AR Nazirlər Kabineti tərəfindən təsdiq olunması Əsasnamə əsasında aparılır. Əsasnamədə tam adı uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət olan bu ödəniş növü, sığortaolunana uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət müddətində verilir. Bu vəsaiti uşağa bilavasitə qulluq edən aşağıdakılardan biri ala bilər:

  • valideynlərdən bir (ana yaxud ata);
  • ailənin başqa üzvü (nənə, baba və sair).

Bir qayda olaraq, uşağa qulluğa görə qismən ödənişli müavinət anaya verilir. Ana müəyyən səbəbdən (məsələn, stasionarda müalicə olunması ilə əlaqədar) uşağa qulluq edə bilmirsə, müavinət uşağın anasına verilməyən müddətdə faktiki ona qulluq edən şəxsə ödənir.

Uşağa qulluğa görə müavinət hansı müddət üçün verilir?

Bu müavinətin verilmə müddəti uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətin istifadə formasından asılıdır və müavinətin müddəti də buna görə müəyyən olunur. Məzuniyyət uşaq 3 yaşına çatanadək olan dövrü əhatə edə bilər, məzuniyyətdən tam yaxud hissələrlə istifadə etmək olar. Məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üçün aylıq müavinət verilir. Müavinətin verilmə müddətini şərti olaraq iki hissəyə ayırmaq olar:

  • bir yaş yarımadək uşağa qulluğa görə – 44 manat məbləğində;
  • bir yaş yarımdan üç yaşınadək – 28 manat məbləğində.

Müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müəyyən olunur.

Hamiləliyə və doğuşa görə məzuniyyətin qanunla müəyyən olunmuş müddəti bitdiyi günün sonrakı günündən başlayaraq müəyyən yaş həddinədək uşağa qulluğa görə qismən ödənilən məzuniyyət hüququ yaranır. Bu hüquqdan istifadəyə sığortaolunan özü qərar verir, lazım gələrsə işəgötürənə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətin verilməsi barədə ərizə ilə müraciət edilir. Ərizədə məzuniyyətdən istifadə müddəti (tam yaxud qismən) qeyd edilir. Uşağa qulluğa görə müavinətin müddəti ərizədə göstərilən müddətə uyğun müəyyən olunur.

Stasionarda müalicə ilə bağlı ana tərəfindən uşağa qulluq mümkün olmadıqda, uşağa qulluğa görə sosial məzuniyyət eyni qaydada sənədləşdirilir. Bu zaman anaya verilməyən müddət üzrə müavinət uşağa qulluq edənə verilir.

Qadın uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət vaxtı:

  • öz arzusu əsasında tam olmayan iş vaxtı ilə yaxud evdə işləyə;
  • habelə istehsalatdan ayrılmaqla təhsilini davam etdirə bilər.

Belə hallar yarandıqda da, həmin dövrlər üçün müavinət almaq hüququ saxlanılır.

Qismən ödənişli sosial məzuniyyət dövründə müəssisə ləğv edilərsə və bu səbəbdən də qadın işdən azad olunarsa, uşağa qulluğa görə müavinət rəsmiləşdirilmiş müddət üçün verilir.

Qismən ödənişli məzuniyyət müddətində güzəştlər

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə qismən ödənişli məzuniyyətdə olan və müavinət alan qadınların əmək münasibətlərinin  tənzimlənməsi Əmək Məcəlləsinin X bölməsinin 37-ci fəslinin müddəaları əsasında tənzimlənir. Həmin müddəalara əsasən:

  • 3 yaşınadək uşağı olan qadınla əmək müqaviləsi bağlamaqdan imtina yolverilməzdir – bu tələb işəgötürəndə uyğun iş (vəzifə) olmadığı, həmçinin qadın əməyindən istifadənin qadağan olunduğu iş yerlərinə şamil edilmir;
  • Onları əmək şəraiti ağır, zərərli iş yerlərinə, şaxtalara, yeraltı işlərə cəlb etməyə yol verilmir;
  • Gecə növbəsinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü olmayan bayram günlərində onları işə cəlb etmək, habelə ezamiyyətə yollamaq qadağandır;
  • Əgər uşaq yaş yarımına çatmamışsa, qadının əmək funksiyasının yerinə yetirilməsi uşağı yedizdirməyə (əmizdirməyə) çətinlik yaradırsa, qadının ərizəsi əsasında o, başqa işə keçirilir, yaxud uşağı yedizdirmək üçün lazım olan şərait yaradılır. Yüngül işə keçirilmə zamanı əsas vəzifəsi üzrə orta əməkhaqqı saxlanılır. Yedizdirmə səbəbindən qadının əməkhaqqısı azaldıla bilməz.
  • Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı verilən istirahət və yemək üçün ümumi fasilədən əlavə, uşaqı yedizdirmək (əmizdirmək) məqsədi ilə hər üç saatdan bir, hər biri 30 dəqiqədən az olmamaqla fasilələr verilir.
  • Əgər yaş yarımına çatmamış uşağın sayı iki və daha çox olarsa, belə fasilənin müddəti bir saatdan az olmamaqla müəyyən edilir. Həmin fasilələr iş vaxtına əlavə edilməklə orta əməkhaqqı saxlanılır.
  • Bu fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, yaxud növbənin sonunda istifadə edilə bilər. Bu qadının istəyindən asılıdır. Habelə fasilələr cəmlənərək iş vaxtının sonunda istifadə edilməsi də mümkündür. Bu zaman iş günün müddəti həmin fasilələr qədər qısaldılır.
  • 3 yaşınadək uşağı olan qadın həm özü, həm də uşaq tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçdiyi günlərdə orta əməkhaqqı saxlanılır.

Həmçinin, Əmək Məcəlləsinin 66, 79, 91-ci maddələrində də bir sıra güzəştlər nəzərdə tutulub:

  • uşağının üç yaşınadək sosial məzuniyyətdə olan, məzuniyyətdən sonra müvafiq vəzifədə (peşədə) bir ildən az müddətdə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiya olunmayan işçilər sayılır.
  • üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması qadağandır (müəssisənin ləğv olunması, müqavilənin müddətinin bitməsi halları istisnadır).
  • yaşyarımadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən valideyn üçün iş vaxtı 36 saatdan artıq olmamalıdır.

Beləliklə, 3 yaşınadək uşağı olan qadınlara, habelə, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olan, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət alan sığortaolunanlara qanunvericilikdə bir sıra güzəştlər tətbiq olunub. Onları bilmək əmək müqaviləsi ilə işləyən qadınlara öz hüquqlarını qorumaqda kömək olacaq.

Print Friendly, PDF & Email