Uşağın anadan olmasına görə müavinət hansı halda verilir?

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Ailədə uşaq dünyaya gəlib!

Uşağın doğulması hər ailədə vacib hadisədir. Çox vaxt deyirlər ki, uşağın gəlişi ilə əsl ailə yaranır, ana və ata arasındakı münasibət yeni səviyyəyə yüksəlir, hörmət, anlayış, qayğı və etibar yaranır. Təbii ki, ailənin yeni məqsədi cəmiyyətin yeni üzvünü sağlam və uğurlu yetişdirməkdir! Bu işdə valideynlərə dövlət də kömək edir. Əhali arasında “süd pulu” kimi tanınan uşağın anadan olmasına görə müavinət belə köməkdən biridir.

Dövlət üçün digər prioritet məsələ doğum səviyyəsini lazımi həddə saxlamaqdır. Bunun üçün dövlət müəyyən layihələr həyata keçirir, qanunvericilik aktları qəbul edir. Belə layihələrdən biri əhalinin fərqli təbəqələri üçün nəzərdə tutulan sosial müavinətlərdir. Uşaq doğuşu zamanı və bundan sonrakı dövrdə valideynlərə dövlət tərəfindən verilən belə müavinətlər gələcək ana və ataların mümkün qədər həvəslə vacib qərar qəbul etmələrin təmin etmək üçün nəzərdə tutulub.

Dövlətdən hansı sosial müavinətlər alına bilər?

Dövlətin uşağın doğulması zamanı və ondan sonrakı dövrlərdə ailənin üzvlərinə etdiyi ödənişlər, müavinətlərin verilmə qaydası AR Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Sosial müavinətlər müxtəlif kateqoriyadan olan şəxslərə dövlət tərəfindən sosial yardım göstərilməsi məqsədilə verilən vəsaitdir. Aylıq, yaxud da birdəfəlik qaydada ödənilən müavinətlərin  müxtəlif növləri var:

  • əmək qabiliyyəti itirildikdə;
  • dəfnə görə;
  • uşaq anadan olduqda verilən müavinət;
  • uşağa qulluğa görə müavinətlər;
  • hamiləlik, doğum üçün.

Yuxarıda sadalanan müavinətlərdən üçü birbaşa uşağın doğulması ilə bağlıdır. Hamiləlik dövründə səhhətində yaranan müəyyən problemlərin aradan qaldırılması, habelə  cəmiyyətə sağlam vətəndaş gəlməsi üçün gələcək anaya hamiləlikdən əvvəlki və sonrakı dövrləri əhatə edən məzuniyyət verilir. Məzuniyyət müddətində ona hamiləliyə və doğuma görə müavinət ödənir.

Uşaq doğuşundan sonra valideynlərdən biri, yaxud ailənin uşağa bilavasitə baxan başqa üzvü uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilər. Məzuniyyət müddətində ona qanunvericiliklə müəyyən olunan məbləğdə uşağa qulluğa görə müavinət ödənir.

Uşağın doğulması ilə bağlı verilən digər sosial ödəniş uşağın anadan olmasına görə müavinətdir (yaxud süd pulu).

 İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir.

Uşağın anadan olmasına görə müavinət

Sosial sığorta üzrə ödəmələrin bir növü kimi qəbul olunan uşağın doğulmasına görə müavinət süd pulu da adlanır, birdəfəlik verilir, müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. AR vətəndaşları, respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa) uşağın anadan olmasına görə müavinət almaq hüququ olan şəxslərdir.

Müavinətin təyini birdəfəlik, elektron qaydada həyata keçirilir, işləyən valideynlərdən birinə verilə bilər.

Müavinət 01.01.2021 tarixdən əvvəl doğulan uşaqlara sığortaedənin müraciəti əsasında, həmin tarixdən sonra doğulanlara isə avtomatlaşdırılmış qaydada müəyyən olunur. Bu zaman uşağın doğulması qeydiyyatının dövlət qeydiyyat orqanlarında aparılmasına dair məlumatlar elektron informasiya sistemində öz əksini tapmalıdır.

Uşağın doğulmasına görə müavinətin məbləği 1 yanvar 2023-cü il tarixdən  500 manat təyin olunub. Bəzən elə hallar olur ki, uşaq doğuşundan bir müddət sonra dünyasını dəyişir, yaxud ölü doğulur. Uşaq ölü doğulduğu halda müavinət verilmir. Lakin uşaq doğulduqdan sonra yaşadığı müddətdən asılı olmayaraq müavinət verilməlidir.

Doğulmuş uşaqların sayı iki yaxud daha çox olduqda uşağın anadan olmasına görə müavinət onların sayına uyğun hesablanaraq ödənilir. Övladlıq olaraq götürülmüş uşaqlar üçün isə müavinətlər ümumi əsaslarla müəyyən olunur.


Print Friendly, PDF & Email