İşçilərin məzuniyyət hüququ

posted in: Xəbər | 0
birbank biznes

İstirahət hüququ və məzuniyyət anlayışı

Hər  bir şəxs istirahət hüququna malikdir. AR vətəndaşlarının istirahət hüququ Konstitusiyanın 37-ci maddəsilə tənzimlənir. İşçinin istirahət vaxtı onun öz vəzifələrini icrasından kənarlaşdırılaraq istəyinə görə istifadə edə biləcəyi müddətdir. Məzuniyyət istirahət vaxtının ən mühüm və əhəmiyyətli hissəsini təşkil edir.

İstirahət hüququ tək Azərbaycan Respublikasının vətəndaşının deyil, hər bir insanın ayrılmaz hüququdur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 24-cü maddəsində deyilir ki, istirahət hüququ insanın əsas sosial hüququdur. Bu hüququn mövcudluğu və həyata keçirilməsi insanın təkcə şəxsi inkişafına yönəlməyib (məsələn, təhsil almaq üçün zəruri ilkin şərtlər yaradılması), həm də onun:

  • idman, yaradıcılıq;
  • analıq, atalıq;
  • mədəni həyatda iştirak;
  • mədəniyyət müəssisələrindən istifadə ilə bağlı digər hüquq və mənafelərinin həyata keçirilməsi üçündür.

Aydındır ki, işləyənlər istirahət etməlidir. Ona görə də əmək müqaviləsi ilə işləyən vətəndaşların istirahət hüququ (8 saatlıq iş günü, istirahət, bayram günləri) təmin edilir, onlara ən azı 21 təqvim günü olmaqla ödənişli məzuniyyətlər verilir.

Məzuniyyət – işçinin işlədiyi iş yerini, vəzifəsini saxlamaq şərti ilə iş günləri ərzində müvəqqəti işdən uzaqlaşmasıdır.

İşdən uzaqlaşma istirahət məqsədli, yaxud başqa sosial səbəblərdən ola bilər. Əmək müqaviləsi ilə bir müddət işlədikdən sonra işçidə əmək qabiliyyətini, sağlamlığını bərpa etmək zərurəti yaranır. Bu, hər bir vətəndaşın istirahət hüququ, o cümlədən ona verilən məzuniyyətlər vasitəsi ilə təmin edilir.

Məzuniyyət hüququ

Məzuniyyət hüququ Azərbaycanın əmək qanunvericiliyində təsbit edilib. Əmək Məcəlləsinin 110-cu maddəsinə görə işçi harada işləməsindən, tutduğu vəzifədən asılı olmayaraq məzuniyyət hüququna malikdir, buna təminatı qanunvericilik verir.

Məzuniyyət hüququ hamı üçün eyni müddətdə, eyni şərtlər daxilində təmin edilmir. Şərtlər, müddətlər işçinin təcrübəsindən, tutduğu vəzifədən və digər səbəblərdən dəyişə bilər.

Təqdim edilmə səbəbinə görə məzuniyyət müxtəlif növlərə bölünür. Bunlar aşağıdakılardır:

  • əsas əmək məzuniyyəti;
  • əlavə əmək məzuniyyəti;
  • sosial məzuniyyət;
  • ödənişsiz məzuniyyət;
  • təhsil və yaradıcılıq məzuniyyəti.

İşçi ilə bağlanan əmək müqaviləsində yaxud kollektiv müqavilələrdə başqa məzuniyyət növlərinin nəzərdə tutulması mümkündür.

Məzuniyyət hüququ işçinin əsas iş yerlərində olduğu kimi, əlavə iş yerində də təmin olunmalıdır. Əvəzçilik üzrə çalışanların məzuniyyəti əsas  yerdəki məzuniyyətlə eyni vaxtda verilməlidir. Əks halda işçi istirahət hüququndan istifadə edə bilməyəcək. Əgər əlavə işdəki məzuniyyətin vaxtı əsas yerdəki məzuniyyətin vaxtından azdırsa, işçiyə müvafiq müddətə ödənişsiz məzuniyyətin təyini həyata keçirilə bilər.

İşçilərin ƏM-nə əsasən tənzimlənən məzuniyyət hüququ, ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Məzuniyyətdə olduğu müddətdə:

  • işçinin fəaliyyət yeri, vəzifəsi saxlanılır;
  • bağlanmış müqavilənin pozulması, onun intizam məsuliyyətinə cəlb olunması yolverilməzdir.

Həmin müddət işçinin əmək stajına daxil edilir.

İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə görə işçinin məzuniyyət hüququ pozulduqda, yaxud istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilmədikdə işəgötürən məsuliyyətə cəlb olunaraq 1500-2000 manat məbləğində cərimə edilə bilər.

Məzuniyyətdən istifadə hüququnun yaranması

İşçi iş ili üçün məzuniyyət hüququna sahibdir. Məzuniyyətin müddəti təqvim gününə əsasən müəyyən olunur. Lakin bayram günləri iş günü hesab edilmədiyi üçün həmin müddətə aid deyil və ödənilmir. İşçinin işə qəbul olub işə başladığı gündən növbəti ilin həmin gününə qədər olan müddət onun iş ili hesab olunur.

İşçinin işəgötürənlə altı ay fasiləsiz işlədikdən sonra birinci iş ili üçün məzuniyyətdən istifadə  hüququ yaranır. Bu müddət orta əmək haqqına uyğun hesablanaraq ödənilir, işçinin işlədiyi yer, vəzifəsi  saxlanılır.

İşçiyə hər il ödənişli məzuniyyət verilməlidir. Tərəflərin razılığı ilə altı aydan əvvəl də  ödənişli məzuniyyətin verilməsi təmin edilə bilər. Növbəti illər üçün məzuniyyətin vaxtı işçi ilə işəgötürən arasındakı qarşılıqlı razılaşmaya əsasən müəyyən edilir. Hər bir müəssisədə məzuniyyət hüququnun təmin edilməsi növbəlilik cədvəllərinə əsasən həyata keçirilməlidir. Bu cədvəllər hər təqvim ili üçün tərtib olunur. Məzuniyyətin istənilən vaxt təyin olunması mümkündür, bir şərtlə ki, müəssisənin normal  işinin pozulmasına səbəb olmasın.


Print Friendly, PDF & Email