Vergi borcları könüllü ödənilməlidir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi borclarıVergi öhdəliklərinə etinasız yanaşmaq ölkə qanunlarının kobud şəkildə pozulması deməkdir

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, vergiləri və başqa dövlət ödənişlərini tam və vaxtında ödəmək hər kəsin vətəndaşlıq borcudur.

Hər bir gəlir əldə edən hüquqi və ya fiziki şəxsin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergiləri (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab edilir. Vergi öhdəliklərini yerinə yetirməmək həm Konstitusiyanın, həm də digər qanunvericilik aktlarının tələblərinin kobud şəkildə pozulması deməkdir.

Təəssüf hissi ilə qeyd edilməlidir ki, ciddi hüquqi və mənəvi məsuliyyətlərə baxmayaraq, vergidən yayınmağa cəhd edən və vergi borcuna etinasız münasibət göstərən vergi ödəyicilərinin sayı hələ də az deyil. Bununla belə, hazırda vergi orqanları vergi borcu yaranan zaman ödəyiciyə qarşı dərhal sərt tədbirlər görmür. İlk növbədə, borclu vergi ödəyicisi ilə əlaqə yaradılır və ona vergi öhdəliklərinin yerinə yetirilməsi, dövlət büdcəsinə ödənilməli borcu haqqında ətraflı məlumat verilir, qanunvericiliyin tələbləri izah olunur. Vergilər Nazirliyində tətbiq edilən müasir informasiya texnologiyaları vergi ödəyicilərinin dərhal məlumatlandırılmasına kifayət qədər geniş imkanlar yaradır. Borclu vergi ödəyiciləri elektron bildirişlərlə yanaşı, SMS və səsli mesajlar vasitəsilə ətraflı məlumatlandırılır, borcun yaranma səbəbləri, ödənilmədiyi halda görüləcək tədbirlər barədə izahatlar verilir. Bu metod bir çox hallarda yaranmış vergi borclarının ilkin mərhələdə heç bir məcburi tədbir görülmədən ödənilməsi ilə nəticələnir.

Bəzi hallarda isə vergi borclarının könüllü ödənilməsi ilə bağlı həyata keçirilən tədbirlər istənilən effekti vermir. Bu zaman inzibati tədbirlər həyata keçirilir və vergi ödəyicisinin bank hesablarına sərəncam qoyulur. Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarda vəsaiti olduqda vergi orqanının sərəncamı, bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir. Vergi ödəyicisinin hesablarında vəsait olmadıqda və ya müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. Bu tədbirlər də nəticə vermədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi, borclu vergi ödəyicisinin əmlakı siyahıya alınır.Vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirdikdə, əmlakın siyahıya alınması haqqında qərar həmin andan öz qüvvəsini itirir. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, məhkəmənin qərarı əsasında vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlak zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılır və dövlət büdcəsinə olan borc tam şəkildə bu vəsait hesabına ödənilir.

Göründüyü kimi, vergi ödəyicilərinin vergi öhdəliklərinin yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşması və cəza tədbirləri tətbiq edilmədən öz Konstitusiya borclarını yerinə yetirməsi həm onların özləri, həm də dövlət üçün ciddi əhəmiyyət kəsb edir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email