Vergi Məcəlləsinə Vergi yoxlamaları ilə bağlı edilmiş dəyişikliklər barədə

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Vergi məcəlləsinə edilən dəyişikliklər

Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasında vergi yoxlamalarını əhatə edən əlavə və dəyişikliklər də mövcuddur ki, bu əlavə və dəyişiklər həmin yoxlamalar ilə bağlı bəzi çətinliklərin aradan qaldırılması və onlarla bağlı bir sıra məsələlərin təkmilləşdirilməsi məqsədi daşıyır.

Kameral vergi yoxlamalarının 30 gün müddətində başa çatdırılması

2017-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilirdi. Vergi ödəyiciləri tərəfindən müvafiq sənədlərin vaxtında təqdim edilməməsi və ya ümumiyyətlə sənədləşmənin aparılmaması bəzən kameral qaydada keçirilən vergi yoxlamalarının müddətinin uzadılması ilə nəticələnirdi.

Belə halların aradan qaldırılması məqsədi ilə kameral vergi yoxlamasının vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilməsini və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsini qadağan edən müddəa Vergi Məcəlləsinin 37-ci maddəsinə daxil edilmişdir. Vergi orqanlarında risklərin avtomatlaşdırılmış qaydada emalı sisteminin tətbiqinə başlanılmışdır ki, bu da bəyannamələrin 30 gün müddətində kameral qaydada yoxlanılmasına imkan verəcəkdir.

Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş vergi bəyannaməsinin 10 iş günü müddətində təqdim edilməsi üçün müəyyən edilmiş forma üzrə müvafiq bildiriş göndərəcəkdir.

Elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi

Dövlət vergi siyasətinin əsas hədəflərindən biri olan sahibkarlarla vergi orqanı arasında birbaşa təmasın minimuma endirilməsi və əlaqələrin elektron qaydada həyata keçirilməsindən ibarətdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 13.2.68-ci maddəsinə “elektron audit” anlayışı daxil edilmişdir ki, həmin anlayışa əsasən elektron audit vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlaması deməkdir. Eyni zamanda elektron auditin vergi orqanının qərarına əsasən Vergilər Nazirliyinin müəyyən etdiyi qaydada aparılması ilə bağlı Vergi Məcəlləsinə 38.8-ci maddə daxil edilmiş, 38.1-ci maddədə “Səyyar vergi yoxlaması” sözlərindən sonra “, o cümlədən elektron audit” sözləri əlavə edilmiş, 38.2-ci maddənin ikinci bəndində isə “ildə” sözü “təqvim ili ərzində” sözləri ilə əvəz edilmişdir.

Vergi Məcəlləsinin IV və V Fəsilləri vergi nəzarətini və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirlərini əhatə edir. Yuxarıda göstərilənlər və vergi yoxlamaları ilə bağlı digər məslələrin təkmilləşdirilməsi və tənzimlənməsi məqsədilə Vergi Məcəlləsinin IV və V Fəsillərinə bir sıra əlavə və dəyişikliklər edilmişdir ki, bunlar da aşağıdakılardan ibarətdir:

Vergi Məcəlləsinin “Sənədlərin tələb edilməsi”nə aid 42.1-ci maddəsinə yeni bənd əlavə edilmişdir ki, həmin bəndə əsasən səyyar vergi yoxlaması ilə yanaşı, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı da sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Məcəllənin 42.4-cü maddəsində isə vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 20 gün əvəzinə 10 iş günü müddətində təqdim edilməsi barədə dəyişiklik edilmişdir.

Vergi Məcəlləsinin “Operativ vergi nəzarəti”nə aid 50-ci maddəsinə

-“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsinə,

– nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına,

– pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məqsədilə 50.1.10 – 50.1.13-cü maddələr əlavə edilmişdir.

Vergi Məcəlləsinin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları”na aid 53.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.

Vergi Məcəlləsinə yeni 55.1.3-1-ci maddə əlavə edilmişdir ki, həmin maddə ilə “Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar” sırasına vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi də əlavə edilmişdir.

vergi məcəlləsinə edilən dəyişikliklər mühasibat

Vergi Məcəlləsinin “Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı huquqpozmalara görə maliyyə sanksiyaları”a aid 57.3-cü maddəsinə edilən əlavəyə əsasən

“vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlərin və ya onların lazımi qaydada təsdiq edilmiş surətlərinin vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində təqdim edilməməsi”nə görə 100 manat məbləğində, 57.4-cü maddəyə əlavə edilmiş yeni bəndə əsasən isə “Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında, qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında və Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair arayışın hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec təqdim edilməsinə görə” 500 manat məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.

Vergi Məcəlləsinin “Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları”na aid 58.7-ci maddəsinə “topdansatış ticarət fəaliyyətinin (malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaimə faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirildiyi ticarət fəaliyyətinin) həyata keçirilməsi halı istisna olmaqla” sözləri əlavə edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinə əlavə edilmiş 58.7-1-ci maddəyə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala

– birinci dəfə yol verdikdə 10 faizi miqdarında;

– ikinci dəfə yol verdikdə 20 faizi miqdarında;

– üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiqi edilməsi nəzərdə tutulur.

vergi məcəlləsinə edilmiş dəyişikliklər manat

Vergi Məcəlləsinin 58.8-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən aşağıda qeyd edilən hallar üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulur:

Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:

– pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında;

– malların alışını və ya mədaxilini təsdiq edən sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında.

Vergi Məcəlləsinə əlavə edilmiş 58.12-ci maddəyə əsasən vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə aşağıda qeyd edilən maliyyə sanksiyalarının tətbiqi edilməsi nəzərdə tutulur:

– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;

– təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında.

Vergi Məcəlləsinə əlavə edilmiş 60.3-cü maddəyə əsasən Maliyyə institutlarına aşağıda qeyd edilən hallar üzrə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur:

– maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə – hər belə hesab və ya əməliyyat üçün 100 manat məbləğində;

– vergi nəzarəti zamanı vergi orqanları tərəfindən kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərilməklə tələb edilən həmin bankın xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumatın əks olunduğu forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən elektron hesabatların müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə – 1000 manat məbləğində;

– vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların Nazirlər Kabinetinin müəyyən etdiyi hədlərdə və qaydada Vergilər Nazirliyi vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edilməməsinə görə aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində;

– vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulması həmin müqavilələrin tərəfi olan digər dövlətin səlahiyyətli orqanının bildirişinə əsasən aşkar olunduqda – hər belə hesab üçün 100 manat məbləğində.

Mənbə: Azərbaycan Respublikası Vergilər Nazirliyi

Print Friendly, PDF & Email