Vergi Məcəlləsi: 57 və 58-ci maddələrin şərhi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Maliyyə sanksiyası nədir?

Azərbaycan Respublikasının Vergi Məcəlləsi ölkədə vergi sistemini, vergitutmanın əsaslarını, ödəyicilərlə vergi orqanları arasındakı münasibətləri, vergi nəzarətini və sair belə məsələləri tənzimləyir. Vergi qanunvericiliyi üzrə pozuntulara görə məsuliyyət də bu sıradandır. Bu Məcəllənin Ümumi hissəsində (V fəsil) şərh olunub. VM-in bir neçə maddəsində vergi qanunvericiliyinin pozulması hallarına görə maliyyə sanksiyaları nəzərdə tutulub. 57.1 və 58.1-1 maddələri də belə hallardandır. Bu maddələr arasında əsas fərq nədir?  Nə üçün kameral vergi yoxlamasında hesablanmış əlavə məbləğ istisna təşkil edir?

Bu suallara cavab verməzdən öncə qısaca “maliyyə sanksiyası” anlayışına nəzərə salaq.

Maliyyə sanksiyaları fiziki yaxud hüquqi şəxslərin fəaliyyətini məhdudlaşdırmaq, onlara təzyiq və təsir göstərmək məqsədilə tətbiq edilən tədbirlərdir. Maliyyə-hüquq normaları maliyyə hüququnun əsas elementləridir. Sanksiyalar maliyyə – hüquq normaları pozuntularının nəticələridir.

Dövlət orqanları, məsələn:

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı;
  • Dövlət Vergi Xidmətinin qrumları
  • gömrük orqanları maliyyə sanksiyaları tətbiq edə bilərlər.

Maliyyə sanksiyalarının məbləği sahə qanunvericiliyinin normativ aktlarının xüsusi hüquqi maddələri ilə nəzərdə tutulur (məsələn, Vergi Məcəlləsi).

Hesablamanın müxtəlif üsullarına baxmayaraq, bütün maliyyə sanksiyaları ümumi hüquqi təbiətə və xarakterik xüsusiyyətə malikdir ki, bu da fiziki yaxud hüquqi şəxsdən dövlətə pul vəsaitlərinin məcburi ötürülməsi nəticəsində mülkiyyətçinin dəyişdirilməsidir.

İndi isə gəlin məqalənin əvvəlində qoyulan suala qayıdaq.

Vergi Məcəlləsinin 57.1 və 58.1-1 maddələri arasında əsas fərq nədir?

Vergilər Nazirliyi sualın cavabı olaraq aşağıdakıları bildirib (mənbə,vergi az):

Vergi Məcəlləsinin 57-ci maddəsi hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyalarını, 58-ci maddə isə vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarını müəyyən edir. Məcəllənin 57.1-ci maddəsi vergi hesabatını, o cümlədən müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat sanksiyanı əks etdirir. 58.1-ci maddəyə görə isə vergi ödəyicisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məlumat üçün bildiririk ki, kameral vergi yoxlaması zamanı yayınma aşkar edildikdə maliyyə sanksiyası tətbiq olunmur. Yalnız azaldılmış vergi məbləği vergi orqanı tərəfindən bərpa olunur və müvafiq qaydada faizlər hesablanır.

Qeyd edək ki, V fəsildə maliyyə sanksiyalarının tərkibi genişdir. Vergi Məcəlləsində 2023-cü ildə bu istiqamətdə müəyyən dəyişikliklər edilib. Dəyişikliklərin çox hissəsi artıq qüvvəyə minib, bəziləri isə  2023-cü ilin 01 oktyabrından qüvvəyə minəcək.


Print Friendly, PDF & Email