Vergi Məcəlləsinin 102.4.4 və 102.5-ci maddələri eyni anda tətbiq edilə bilərmi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Valideynlərdən birinin daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa baxdığına görə 102.4.4-cü maddəyə əsasən 100 manat güzəşti vardır. Həmin valideynin himayəsində sağlamlıq imkanları məhdud uşaq da daxil olmaqla 3 uşaq vardır. Bu valideynə əlavə olaraq 50 manat güzəşt tətbiq ediləcəkmi?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsi güzəşt hüququ olan şəxsə Vergi Məcəlləsinin 102.4.4-cü (100 manat) və 102.5-ci (50 manat) maddələrinin eyni zamanda tətbiqini istisna etmir və bu baxımdan sorğuda göstərilən halda fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Bax: Vergi Məcəlləsinin 102.1.6-cı102.5-ci102.6-cı  102.8-ci maddələri, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli 906-VQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email