Vergi ödəyicilərinin uçotu
Vergi ödəyicisi – vergitutma obyektlərindən vergi və büdcəyə ödənişlərini ödəməli olan istənilən şəxsdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.1 maddəsinə görə “şəxs – istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi” hesab olunur. Vergi ödəyicilərinin uçotu vergi nəzarətinin təmin edilmə formalarından biridir və bu proses Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin müvafiq qurumlarında aparılır.
Fiziki və hüquqi şəxsin, habelə hüquqi şəxsin struktur bölmələrinin vergi ödəyicisi kimi uçotunun aparılması aşağıdakıları əhatə edir:
- uçota alıma- vergi ödəyiciləri haqqında qeydiyyat məlumatlarının vergi ödəyicilərinin dövlət məlumat bazasına daxil edilməsi;
- yenidən uçota alınma – dövlət məlumat bazasında vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi və (və ya) əlavə edilməsi;
- uçotdan çıxarılma – vergi ödəyicisi haqqında məlumatların uçotdan çıxarılması.
Vergi uçotuna alınmış hər bir vergi ödəyicinə unikal kod – vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi ödəyicisi:
- bütün vergi, həmçinin gömrük məntəqələrində ödənişlərində;
- maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda;
- bank, gömrük və bütün digər ödəniş sənədlərində VÖEN-i qeyd edir.
Hüquqi şəxs və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirmək istəyən fiziki şəxslər (fərdi sahibkar) qanunvericiliklə müəyyən edilmiş vergi ödəməsin şərtləndirən halların olub-olmamasından asılı olmayaraq vergi orqanında vergi ödəyicisi kimi uçota alınırlar. Bu əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə də aiddir. Bu zaman onlar müvafiq icra orqanı tərəfindən verilən uyğun vəsiqəni təqdim edirlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi uçotuna alına bilərlər (VM, maddə 33.3).
Fiziki şəxslərin dövlət qeydiyyatı
Qeydiyyat müvafiq sənədləri kağız daşıyıcıda təqdim etməklə yaxud elektron formada real vaxt rejimində həyata keçirilir. Kağız daşıyıcıda hazırlanmış sənədlər birbaşa müvafiq vergi orqanına gəlməklə yaxud poçt vasitəsi ilə təqdim edilir. Elektron qeydiyyat İnternet Vergi İdarəsi portalının “Onlayn Kargüzarlıq və e-VHF” bölümü üzərindən həyata keçirilir. Fiziki şəxsin onlayn qeydiyyatı haqqında video təlimatla burdan tanış olmaq olar.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi uçotuna alınması onların dövlət qeydiyyatı hesab olunur.
Fiziki şəxs olan vergi ödəyicilərinin uçotu “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” əsasında aparılır. Qeydiyyat üçün fiziki şəxs yaxud onun səlahiyyətli nümayəndəsi vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” təqdim edir. Səlahiyyətli şəxs vergi ödəyicisinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması məsələlərində fiziki şəxsi etibarnamə əsasında təmsil edə bilər. Səlahiyyətli şəxs etibarnamə ilə yanaşı şəxsiyyət vəsiqəsinin surətini də təqdim edir.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər – şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) surəti;
- ailə kəndli təsərrüfatlarının başçıları – uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ailə kəndli təsərrüfatının bələdiyyə orqanlarında uçotu haqqında vəsiqənin surəti;
- torpaq mülkiyyətçiləri – uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və “Torpaq sahəsinin planı və ölçüsü”-nün surəti.
Xüsusi hallarda vergi ödəyicisini uçota alan qurum digər sənədləri də tələb edə bilər:
- 18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər üçün ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı;
- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);
- Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin informasiya sistemindən fotoşəkilin proqram təminatına ötürülməsi texniki səbəblərdən mümkün olmadıqda 25X30 mm ölçüdə 2 ədəd rəngli fotoşəkil.
Kağız daşıyıcıda təqdim edilmiş sənədlərdə kənarlaşma aşkar edilmədikdə fiziki şəxsin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona VÖEN və Nəzarət kitabçası verilir.
Real vaxt rejimində elektron qeydiyyat zamanı məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imza ilə imzalandığı andan fiziki şəxs vergi uçotuna götürülür. VÖEN və müvafiq şəhadətnamə vergi ödəyicisi üçün yaradılmış elektron kabinetə göndərilir.
Vergi uçotuna alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi VM-in 33.5 maddəsinin tələblərini nəzərə almaqla vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır. Bu barədə ona 5 gün ərzində vergi uçotuna alınması barədə bildiriş göndərir.
Hüquqi şəxslərin vergi uçotu və dövlət qeydiyyatı
Kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə uyğun formada VÖEN verilməklə vergi uçotuna alınması onların dövlət qeydiyyatına alınması hesab olunur. DVX tərəfindən onlara verilmiş vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə dövlət qeydiyyatı haqqında şəhadətnamə sayılır.
Digər hüquqi şəxslərin dövlət qeydiyyatı qanunvericiliklə müəyyən edilmiş qaydada uyğun dövlət qurumlarında aparılır (məsələn, Ədliyyə Nazirliyində, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində və sair). Onlar dövlət qeydiyyatına alındıqdan sonra vergi ödəyicisi kimi uçota durmalıdırlar. Aşağıdakı məqalələrdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi uçotu haqqında daha ətraflı məlumat verilib:
“Yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı”
“Xarici investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı”
“Xarici investisiyalı hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması”
Qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin, fiziki şəxslərin vergi orqanında vergi uçotuna alınması sənədlər daxil olduğu gündən sonrakı 1 gündən, vergi orqanları tərəfindən dövlət qeydiyyatına alınan hüquqi şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının vergi orqanında dövlət qeydiyyatına və müvafiq olaraq vergi uçotuna alınması sənədlər daxil olduğu gündən sonrakı 2 iş günündən gec olmayaraq həyata keçirilir.
“İnternet Vergi İdarəsi” vasitəsilə fiziki şəxslərin e-qeydiyyatı və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı dərhal, adi elektron dövlət qeydiyyatı isə 1 gündən gec olmayaraq həyata keçirilir.
Vergi ödəyicisinə onun vergi uçotuna alınmasını təsdiq edən sənəd kimi şəhadətnamə verilir. Bu sənəd vergi ödəyicisinə bir dəfə verilir, həmin şəxsin vergi ödəyicisi olduğu dövr ərzində onda saxlanılır. Yalnız şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə, vergi ödəyicisi vergi orqanına müraciət edərək üzərində müvafiq qeyd aparılan yeni nüsxə ala bilər.
Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verilməlidir.
Vergi orqanına uçota alınmaq üçün təqdim etdiyi ərizədəki məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi ödəyicisi vergi orqanına məlumat verməlidir. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Xatırladaq ki, uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.
Maliyyə sanksiyaları və inzibati cərimələr
Vergi uçotu ilə bağlı pozuntularla bağlı qanunvericilikdə maliyyə sanksiyaları nəzərdə tutulub.
Vergi Məcəlləsinin 58.2-1 maddəsinə görə vergi ödəyicisinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada uçot məlumatlarını təqdim etmədikdə:
- mikro sahibkarlıq subyektlərinə, qeyri- kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə – 40 manat;
- digər şəxslərə 400 manat maliyyə sanksiyası tətbiq edilir.
İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən vergi uçotu məlumatlarının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun təqdim edilməməsinə görə:
- vəzifəli şəxslərə 1000 manatdan 2000 manatadək;
- hüquqi şəxslərə 2500 manatdan 3000 manatadək miqdarda inzibati cərimə tətbiq edilir.

