Vergi öhdəliklərinin yerinə yetirilməsi və bəyannamələrin təqdim edilməsi müddəti

posted in: Vergi | 0

Vergi öhdəliklərinin yerinə yetirilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri

Vergi öhdəliyi dedikdə vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergiləri (o cümlədən cari vergi ödəmələrini) hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi başa düşülür. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsi deməkdir. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər.

Vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını göstərilən müddətlərdə və yerdə vergi orqanına verməlidirlər. Hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti 3 ayadək uzadılmış hesab olunur. Hesabatın verilmə müddətinin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir. Hesabat üzrə hesablanmış verginin məbləği ödənilmiş məbləğdən artıq olduqda, yaranan fərq, verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla büdcəyə keçirilməlidir.

Vergilərin ödənilmə və ya bəyannamələrin təqdim edilmə müddətinin sonuncu günü qeyri iş gününə düşdüyü halda növbəti iş gününə keçirilir.

GƏLİR VƏ MƏNFƏƏT VERGİSİ

Gəlir və mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini öz seçiminə əsasən aşağıda göstərilən iki mümkün metoddan birinə uyğun müəyyənləşdirə bilər.

1-ci metod: Hər rüb üçün cari ödəmələrin məbləği əvvəlki vergi ilində hesablanmış verginin 1/4 hissəsi məbləğində müəyyən edilir.

2-ci metod: Cari rübdəki gəlirin məbləğini keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyən edilir.

Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dən gec olmayaraq bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi ikinci metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı birinci metodu tətbiq edir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Rezident müəssisələr, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər, vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər və onların təyin etdiyi vergi agentləri, habelə ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən Azərbaycan Respublikasının rezident fiziki şəxsləri hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına bəyannamə verirlər.

Həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) fiziki şəxslər gəlir vergisini, hüquqi şəxslər isə mənfəət vergisini dövlət büdcəsinə ödəyirlər.

Vergi ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda, vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edən bəyannaməni 30 gün müddətində vergi orqanına verməlidir.

Xüsusi notariuslar ay ərzində apardıqları notariat hərəkətlərin, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlara (xərclər nəzərə alınmadan) əsasən hesablanan gəlir vergisini növbəti ayın 20- dən gec olmayaraq dövlət büdcəsinə ödəməli, hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər.

ƏLAVƏ DƏYƏR VERGİSİ

ƏDV ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat ayı üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməli və həmin müddətdə də vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən ƏDV bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.

AKSİZLƏR

Aksizli mallar istehsal edildikdə hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına bəyannamə təqdim edilməlidir..

Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.

Vergi ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən aksiz bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.

ƏMLAK VERGİSİ

Əmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir. Əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin 20 faizi həcmində dövlət büdcəsinə vergi ödəyirlər. Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verirlər. Həmin vaxtadək illik əmlak vergisi üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) müəssisələr əmlak vergisini dövlət büdcəsinə ödəyirlər.

Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Fiziki şəxslər cari il üçün illik əmlak vergisinin məbləğini bərabər hissələrlə – həmin il avqustun 15-dək noyabrın 15-dək yerli (bələdiyyə) büdcəyə ödəyirlər.

Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

TORPAQ VERGİSİ

Torpaq vergisi üzrə hesabat dövrü təqvim ilidir. Müəssisələr torpaq sahəsinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən torpaq vergisini illik olaraq hesablayır və may ayının 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.

Cari il üçün illik torpaq vergisinin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dən və noyabrın 15-dən gec olmayaraq ödənilməlidir. Hüquqi şəxslər torpaq vergisini dövlət büdcəsinə ödəyirlər. Fiziki şəxslər təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqlarına (irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan hallar istisna olmaqla) görə torpaq vergisini dövlət büdcəsinə, digər torpaqlara görə isə vergini isə yerli (bələdiyyə) büdcəyə ödəyirlər.

Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Bələdiyyələr tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.

YOL VERGİSİ

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablamalı və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməli və vergini həmin müddətədək dövlət büdcəsinə ödəməlidirlər.

MƏDƏN VERGİSİ

Mədən vergisinin ödəyiciləri hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və həmin müddətdə də bəyannamə verirlər. Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

SADƏLƏŞDİRİLMİŞ VERGİ

Sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər, o cümlədən idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddət ərzində vergini dövlət büdcəsinə ödəyirlər.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər. Bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış sadələşdirilmiş vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirlər.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarını həyata keçirən vergi ödəyiciləri başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək növbəti ay (aylar) üçün ciddi hesab blankı olan «Fərqlənmə nişanı» almalıdırlar.

«Fərqlənmə nişanı» vergi ödəyicisinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyinə yazılı formada müraciətinə əsasən iki iş günündən gec olmayaraq verilir. «Fərqlənmə nişanı» almaq üçün müraciət edən vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır. Bu fəaliyyətlə məşğul olan şəxslər tərəfindən hesablanmış vergi tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara «Fərqlənmə nişanı» verilir və ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməyindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.

Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən “Fərqlənmə nişanı”nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.

ÖDƏMƏ MƏNBƏYİNDƏ TUTULAN VERGİLƏR

Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar, habelə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Qeyri-dövlət pensiyası, dividend, faizlər, icarə haqqı və royalti (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilən icarə haqqı və royalti istisna olmaqla) ödəmələri, qeyri-rezidentə ödəmələr, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürmələr, vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə ödəmələr həyata keçirən şəxslər gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməlidirlər.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri isə gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Digər ödəmələr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsi rübdən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilməlidir.

İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər gəlir vergisini hesablamalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməli və həmin müddətədək bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru gəlir vergisini hesablamalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməli və həmin müddətədək bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru vergini hesablamalı, vəsaiti alan şəxsin bank hesabından tutmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməli və həmin müddətədək bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

TORPAQ, YAŞAYIŞ VƏ QEYRİ-YAŞAYIŞ SAHƏLƏRİNİN SATIŞINDAN TUTULAN VERGILƏR

Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notariuslar sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməli və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

SABİT VERGİLƏR

Fəaliyyətləri zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə, çəkməçi, pinəçi fəaliyyəti ilə, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri fəaliyyəti ilə, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji fəaliyyətlə, nəqqaşlıq emalatxanalarının fəaliyyəti ilə fərdi qaydada məşğul olan fiziki şəxslər, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.

Bu fiziki şəxslər fəaliyyəti həyata keçirməyə başlayanadək, Vergilər Nazirliyindən öz istəklərinə uyğun olaraq növbəti ay (aylar) üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdırlar. Bu qəbz vergi ödəyicisi yazılı müraciət etdikdə, 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir. Bu qəbzin qüvvədə olduğu müddətdə fiziki şəxsin fəaliyyət göstərib- göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin vergiləri ilə əvəzləşdirilmir.

BANK HESABLARINDAKI PUL VƏSAİTLƏRİNİN NAĞD QAYDADA ÇIXARILMASINA GÖRƏ TUTULAN VERGİ

Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru sadələşdirilmiş vergini hesablamalı, vəsaiti alan şəxsin bank hesabından tutmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməli və həmin müddətədək bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

DÖVLƏT RÜSUMU

Dövlət rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nüma- yəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. Dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatı vergi orqanına təqdim etməlidirlər.

MALİYYƏ SANKSİYALARI VƏ İNZİBATİ CƏRİMƏLƏR:

  • Vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
  • Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstə-rilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
  • «Fərqlənmə nişanı» olmadan avtomobil nəqliyyatı vasitəsi ilə sərnişin və ya yük daşımasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
  • Vergi və cari vergi ödəməsi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
  • Vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə:
  1. təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;
  2. təqvim ili ərzində belə hallara 2 və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
  • Dövlət rüsumunun tutulması barədə hesabatın təqdim edilməməsinə görə 50 manat məbləğində inzibati cərimə edilir.
  • Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxslər tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə isə 500 manatdan 700 manatadək məbləğində inzibati cərimə edilir.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *