Vergidən yayınmaqla bağlı cəzalar tarixindən (3-cü hissə)

posted in: Məqalə, Vergi | 0
birbank biznes

Vergilər necə toplanır və ödənilməyəndə nə baş verir?

Vergilərin ən uğurlu toplanışı zənnimizcə, ABŞ-da baş verir. Və təəccüblü deyil ki, Birləşmiş Ştatlar bu istiqamətdə görünməmiş bir aktivlik nümayiş etdirir. Axı, təkcə sərmayələrin offşorlara daşınmasından ölkə hər il 100 milyard dollar itki ilə üzləşir. Hər yüz nəhəng şirkətdən 83-nün törəmə müəssisələri mövcuddur ki, onların da ödənişləri ölkə hüdudlarından kənarda, yəni offşorlarda həyata keçirilir. Bu maliyyə nəhənglərinin əksəriyyətinin böhran dövründə dövlət subsidiyaları alması, vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən sayılırdı.  Yəni, onlar özləri vergi ödəməkdən yayınırdılar, amma iş çətinə düşəndə dərhal başqa vergi ödəyiciləri hesabına yardımlar xahiş edirdilər.

Vergidən yayınanlara qarşı ən kəskin mübarizəni ABŞ-ın sabiq prezidenti Barak Obama aparıb, elə bunun nəticəsidir ki, bir çox offşorlar onun bu siyasətini indiyədək ittiham edirdilər. Onların fikrincə, bu cür təzyiqlərdən ABŞ iqtisadiyyatının bir çox sahələri əziyyət çəkib. Və onların söylədiklərində bir həqiqət də var, axı onlar ABŞ ərazisində fəaliyyətə başlayan kimi, vergi yükünün artan ağırlığı nəticəsində dünya bazarındakı yerlərini dərhal itirəcəkdilər.

Ümumiyyətlə, vergilərdən yayınma və ya bilərəkdən etibarsız deklarasiya təqdim etməyə görə amerikalıları 100 min dollara qədər cərimə və ya 5 il həbs cəzası gözləyir. Və, bir qayda olaraq, təqsirləndirilənlər yalnız bu maddə ilə deyil, həm də bununla əlaqəli digər maddələrin təsiri altına düşə bilərdilər ki, nəticədə cərimələr və həbs müddəti ilə bağlı şərtlər əhəmiyyətli dərəcədə arta bilərdi.

Avropada vergilərin yığılması sahəsində ən böyük çətinlikləri Almaniya yaşayır. Bir tərəfdən burada dövlət yığımlarının səviyyəsi çox yüksəkdir, digər tərəfdən isə vergitutma ilə bağlı olduqca mürəkkəb bir sistem mövcuddur. Nəticədə alman xəzinəsi il ərzində təkcə mənfəət vergisindən 30 milyard dollar pul itirir. İki offşor dövlət, Lixtenşteyn və İsveçrə ilə həmsərhəd və sərhədlərin açıq olması, vəziyyəti daha da qəlizləşdirir. Və əgər İsveçrə banklarında vəsaiti olan alman vətəndaşları ödənilməmiş vergilər üçün 2,5 milyard dollar ödəməyə razılaşıblarsa və bu istiqamətdə İsveçrə hökuməti Berlinlə əməkdaşlığa davam etməyə hazır olduğunu bildirsə də, Lixtenşteyn bu istiqamətdə hər hansı bir səmərəli addım atmağı planlaşdırmır.

Yeri gəlmişkən, vergilərin səviyyəsi Almaniyada çox yüksəkdir. Yaxşı qazanan hər bir insan bu ölkədə gəlirlərinin yarısına qədərini dövlətə verməli olur. O səbəbdən adamların niyə gəlirlərini gizlətməyə çalışması anlaşılandır. Vergilərin çox yüksək olduğunu Almaniya hökuməti də bilir və artıq 2013-cü ildən başlanan vergi islahatı nəticəsində onların səviyyəsini aşağı salmaq yolunu tutub. Hələ ki, vergidən yayınmaya görə insanlar on il müddətinə həbsə atıla bilərlər.

Fransada vergiləri ödəmək istəməyənlərə qarşı xüsusi məxfi xidmət mübarizə aparır. Vergi hesabatı ilə bağlı bütün sənədləri15 informasiya mərkəzi (onların ünvanları dövlət sirri sayılır) araşdırır. Əgər, kompüter xırda bir qeyri-dəqiqlik aşkar edərsə, onda bu işə dərhal müfəttiş qoşulur.

Ayrı-ayrı bölmələr gündəlik olaraq qəzetlərdəki elanları saf-çürük edir. Onların əsas vəzifəsi sövdələşmələri, konsert proqramları və reklam sifarişlərini izləməkdir. 1300 nəfər isə daim ölkədə olan ən iri vergi ödəyicilərinə nəzarət edir. Bütün xüsusi xidmətlər kimi, bunlar da öz fəaliyyətlərində məxfi agentlərdən və digər konfedensial məlumat mənbələrindən istifadə edirlər.

Qanunvericiliyi pozanları çox sərt cəza gözləyir. Hətta aylıq gəlirlərə görə deklarasiyanı gecikdirənləri belə, vergi məbləğinin 40% -nə qədər cərimə gözləyir. Vergi ödənişini etməyən isə 5 il müddətinə həbs oluna bilər və ya 250 min avro cərimə ödəməlidir. Və təbiidir ki, o həm də vergiyə görə ödəməli olduğu məbləği də son penniyə qədər xəzinəyə verməlidir. Bu hələ hamısı deyil, mümkündür ki, həmin şəxsin və ya şirkətin hesabına, mülkiyyətinə və hətta əməkhaqqına belə həbs qoyulsun.

 

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email