Vergilər Nazirliyi sadələşdirilmiş vergi ödəyicilərinə müraciət etdi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

SADƏLƏŞDİRİLMİŞ VERGİNİN ÖDƏYİCİLƏRİ OLAN HÜQUQİ ŞƏXSLƏRİN  NƏZƏRİNƏ!

Bildiririk ki, Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən 01.01.2017-ci il tarixdən etibarən sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxslər eyni zamanda əmlak vergisinin ödəyicisi hesab olunurlar.

Əmlak vergisi müəssisənin əmlakının orta illik qalıq dəyəri əsasında hesablanır. Əmlakın qalıq dəyəri dedikdə əsas vəsaitlərin ilkin dəyərindən həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyəri başa düşülür.

2017-ci ilin yanvar ayının 1-dən etibarən əmlak vergisinin ödəyicisi olan hüquqi şəxslər əmlak vergisini hesablamaq üçün hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna əmlakın qalıq dəyərini toplayıb 2-ə bölür, alınan orta qalıq dəyərinə 1% vergi dərəcəsi tətbiq edirlər.

Məsələn: Sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxsin əmlak vergisinə cəlb edilən əsas vəsaitlərinin (avtonəqliyyat vasitələri istisna olmaqla) qalıq dəyəri:

01.01.2017-ci il tarixə – 98.000 manat (ilin əvvəlinə);

31.12.2017-ci il tarixə – 85.000 manat  (ilin sonuna).

Bu halda əmlak vergisinin məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri (98.000+85.000) : 2 = 91.500 manat, hesablanmış illik əmlak vergisinin məbləği isə 915 manat (91.500 x 1%) olacaqdır.

Odur ki, sadələşdirilmiş verginin ödəyicisi olan müəssisələr 2017-ci ilin yekununa görə Əmlak vergisinin bəyannaməsini cari ilin aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməyə və hesablanmış vergini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.

Bildiririk ki, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən:

– Əmlak vergisinin bəyannaməsini müəyyən edilən müddətdə təqdim etməyən müəssisəyə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;

– Bəyannamə təqdim edilməzsə, vergi ödəyicisinə yayındırılmış əmlak vergisi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;

– Əmlak vergisi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Əlavə məlumat üçün “195-1” Çağrı Mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email