Vergilər Nazirliyi sosial çarxlar hazırlayıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

sosial çarxlarÖlkədə vergi mədəniyyətinin yüksəldilməsi, cəmiyyətdə vergi ödəmə vərdişlərinin formalaşdırılması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir. Bu istiqamətdə təbliğat, məlumatlandırma və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə nazirliyin təşəbbüsü ilə sosial reklam çarxları hazırlanıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, çarxların hazırlanmasında məqsəd vergilərin ödənilməsinin cəmiyyətin həyatında oynadığı rolu vurğulamaq, dövlət büdcəsinin iqtisadi və sosial inkişafının maliyyə əsasını təşkil etdiyini diqqətə çatdırmaqdır.

Sosial reklam çarxlarında Vergilər Nazirliyi tərəfindən vergilərin hara və nəyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi obrazlı şəkildə ifadə olunub.

Reklam çarxları müxtəlif peşə sahiblərinin cəmiyyətdəki rolunu əks etdirir. Sosial çarxların süjetləri həyatda baş verən real hadisələr əsasında qurulub və həkim, polis zabiti, müəllim və yanğınsöndürən kimi peşə sahiblərinin fədakar fəaliyyətinə həsr edilib. Bu məqsədlə təhlükəsiz, sağlam, qayğıkeş və savadlı kimi əsas çağırışlardan istifadə olunub. Sosial çarxlarda qəhrəmanlıq və fədakarlığın hər kəsin borcu olmadığı halda, strateji peşə sahiblərinin fəaliyyətinin sağlam, təhlükəsiz və sivil toplum üçün daşıdığı əhəmiyyət və onların fəaliyyətinin təminatı üçün dövlət büdcəsinə vergi ödənilməsinin vacibliyi və bu ödənişlərin son nəticədə insanların rifahına yönəldiyi ifadə edilib.

Vergilər Nazirliyi sosial çarxları kommunikasiya vasitələrində yayımlamaqla vergilərin ödənilməsinin vacibliyini, cəmiyyətdə ictimai dəstəyin artırılmasına nail olmağı qarşıya məqsəd qoyub. Bununla dövlət büdcəsinin ödənilən vergilərdən asılı olduğunu, vergiləri ödəməklə cəmiyyətin hər bir üzvünün büdcənin formalaşmasında iştirak etdiyini və ölkəmizin inkişafına töhfə verdiyini vətəndaşların diqqətinə çatdırmaq, hər birimizin üzərinə düşən layiqli vətəndaş olmaq vəzifəsini icra etməyə inandırmaq nəzərdə tutulur.

Təhlükəsiz dövlət naminə – vergiləri ödəyək!

Mənbə: azertag.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email