Kommersiya hüquqi şəxslər
Hüquqi şəxslər qanunla müəyyən edilən formada qeydiyyatdan keçmiş, öz əmlakına malik olan, öhdəlikləri üzrə cavabdehlik daşıyan, mülki hüquq və öhdəliklər əldə edən və həyata keçirən, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilən qurumlardır. Onları iki qrupa ayırmaq olar:
- kommersiya hüquqi şəxslər;
- qeyri-kommersiya hüquqi şəxslər.
İstifadə etdiyi sərmayə mənbələrinə görə onlar aşağıdakı kimi təsnif edilir:
- yerli investisiyalı hüquqi şəxs;
- xarici investisiyalı hüquqi şəxs.
Kommersiya hüquqi şəxslərin əsas hədəfi mənfəət əldə etməkdir. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti (DVX) orqanlarında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunu əsasında həyata keçirilir.
Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin qeydiyyatı
Qeydiyyat üçün zəruri olan sənədlər aşağıdakılardır:
- kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə (notariat qaydasında təsdiq olunmalıdır);
- qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- təsisçi-fiziki şəxslər barədə məlumat (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səxsiyyətini təsdiq edən sənədin (pasport) surətləri ərizəyə əlavə edilir.);
- təsisçi-hüquqi şəxslər barədə məlumat formaları;
- təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə 2 nüsxədə;
- qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qərar;
- təsisçi xarici hüquqi şəxsdirsə, onun qeydiyyatını təsdiq edən sənəd – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır);
- müşahidə şurasının üzvləri barədə məlumat – ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (səxsiyyət vəsiqəsinin (pasport) surətləri ərizəyə əlavə edilməlidir);
- nizamnamə kapitalının və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
- etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir), etibarnamə müvafiq qaydada leqallaşdırılmalıdır.
Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin qeydiyyatı ilə bağlı sənədlər “ASAN xidmət” mərkəzlərində də qəbul edilə bilər. Sənədlərin emalını və xarici investisiyalı kommersiya hüquqi şəxslərinin qeydiyyatını DVX-nin yerli şöbələri həyata keçirir.
“Accounting.az” Azərbaycanda şirkət qeydiyyatı xidmətlərini təklif edir
Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı
Məhdud məsuliyyətli cəmiyyət, əgər yenidən təşkil nəticəsində yaranmayıbsa, elektron formada da dövlət qeydiyyatından keçə bilər. Bunun üçün xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (yaxud təsisçiləri) İnternet Vergi İdarəsinin (İVİ) təqdim etdiyi xidmət vasitəsi ilə elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Əgər xarici investisiyalı MMC-nin təsisçisi hüquqi şəxsdirsə, elektron qeydiyyat zamanı aşağıdakı sənədlər də ərizəyə əlavə edilir:
- ticarət reyestrindən çıxarış;
- hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi;
- qeydiyyatı təsdiqləyən digər sənədlər.
Konsul leqallaşdırılması tələb olunan sənədlərin leqallaşdırılması və müvafiq qaydada təqdim edilməsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun 7-2 maddəsinin 1-ci abzasının tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı zamanı təsisçi:
- fəaliyyət sahəsini göstərir,
- işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını qeyd edir;
- onun daxil etdiyi məlumatlar əsasında real vaxt rejimində elektron formada yaradılmış nizamnamə ilə olur;
- nizamnaməni gücləndirilmiş elektron imza ilə təsdiq edir.
Elektron ərizənin və əlavə edilmiş sənədlərin qəbul edilməsi barədə təsdiqetmə bildiriş xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin İVİ-dəki elektron kabinetinə göndərilir. Xarici investisiyalı kommersiya hüquqi şəxslərin qeydiyyatının həyat keçirildiyi gün qeydiyyat haqqında sənədlər də elektron kabinetə göndərilir. Həmçinin qeydiyyat üzrə məlumatlar, əmək müqaviləsinin məlumatları uyğun qurumların informasiya sisteminə ötürülür.

