Xarici ezamiyyə və onun sənədləşdirilməsi

posted in: Xəbər | 0
birbank biznes

Ezamiyyə və onun növləri

Müəssisənin cari fəaliyyəti ilə bağlı məsələlərin həlli ezamiyyətlərlə müşayiət oluna bilər. Ezamiyyə müəssisə rəhbərinin əmri əsasında işçinin xidməti tapşırığının icrası məqsədilə daimi iş yerindən kənara göndərilməsidir. Səfər:

  • yaşayış məntəqəsindən kənara, amma respublika daxilinə (daxili ezamiyyə);
  • yaxud, respublika hüdudlarından kənara (xarici ezamiyyət) ola bilər.

Hər iki hal qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməklə işçiyə ezamiyyət xərcləri ödənilir. Respublika daxili ezamiyyətlər haqqında burada ətraflı məlumat verilib. İndi isə respublika xarici ezamiyyətlər haqqında məlumatlara nəzər yetirək.

Xarici ezamiyyəni zəruri edən hallar

Xarici ezamiyyətlərin məqsədi müəssisənin cari fəaliyyəti ilə əlaqədar olmalıdır, məsələn:

  • tərəfdaşlarla müqavilə münasibətlərinin rəsmiləşdirilməsi;
  • danışıqlar, konfranslar, görüşlərin keçirilməsi;
  • məhkəmələrdə, beynəlxalq qurumlarda, digər təşkilatlarda şirkətin təmsil olunması;
  • şirkətin başqa ölkədə yerləşən struktur vahidlərinə işgüzar səfər.

Xarici ezamiyyətin rəsmiləşdirilməsi

Respublikadan kənar ezamiyyətlər AR Maliyyə Nazirliyinin “İşçilərin Ezamiyyə Qaydaları”nın 7-ci maddəsinə uyğun tənzimlənir. Bu zaman aşağıdakılar əsas götürülür:

  • müəssisə rəhbəri tərəfindən verilmiş əmr;
  • ölkədən giriş-çıxış pasportunda (yaxud pasportu əvəz edən sənəd) səlahiyyətli orqanların apardığı qeydlər.

Əgər həmin sənədlərdə hər hansı qeydlər aparılmazsa, onda işçiyə ezamiyyə vəsiqəsinin verilməsi təmin edilməlidir (ingilis dilində hazırlanmış forması).

Ezamiyyət müddətində işçinin vəzifəsinin, orta əməkhaqqının saxlanması məcburidir. Xarici ezamiyyət üzrə məhdudiyyətlərlə buradan tanış ola bilərsiniz.

Xarici ezamiyyə zamanı xərclər

Ölkə xaricinə ezam olunan işçinin ezamiyyə xərclərinin normaları AR-nin Nazirlər Kabinetinin qərarına uyğun  təyin olunur. Bu ezamiyyətlərdə gündəlik yemək xərci  1 günlük normanın 40 %-ni təşkil edir.

Müəssisə və təşkilatlar ezamiyyət xərclərini qanuna uyğun şəkildə lazımi xarici valyutaya çevirərək ödəməlidir. İşçinin ezamiyyətə gedib qayıtmağı eyni günə təsadüf etdikdə, ona 1 günlük normanın 40 faizi məbləğində vəsait təyin edilməlidir.

Xarici ezamiyyətlər zamanı işçi ondan asılı olmayan səbəblərdən bir gün, yaxud daha çox müddətdə yolda ləngiyərsə, ona ərazisində olduğu ölkənin normalarına uyğun ezamiyyə xərci ödənilir. Lakin üzrsüz səbəbdən baş verən hər hansı gecikməyə görə xərc ödənilmir.

Nümunə 1: Tutaq ki, işçi Türkiyə şəhərinə ezamiyyətə gedib. Ezamiyyət müddəti bitdikdən sonra o, İstanbul şəhərində gəzməli və görməli yerləri səyahət etmək məqsədilə bir neçə gün Türkiyədə qalaraq geri qayıtmır. Bu dövrişçiyə görə gecikmə halı sayıldığına görə ona hər hansı bir xərc ödənməyəcək.

Nümunə 2: “Merkur” MMC-də çalışan Z.V. Muradov 20.11.2022 tarixindən etibarən 7 gün müddətində Qubadan Türkiyənin İstanbul şəhərinə ezamiyyətə yola çıxır. İşçi xarici ölkəyə ezamiyyətə getdiyi zaman aşağıdakı qeydlər təyin olunub:

  • İstanbul şəhərinə ezamiyyət üçün norma 165 avro təyin olunub;
  • yemək xərcləri  165 x 40 % = 66 avro;
  • işçi  üzrlü səbəbdən  iki gün gecikibsə, 165 x 2 = 330;
  • işçiyə yaşayış yeri müəyyən olunubsa, 165 x 40 % = 66;
  • əgər şirkət işçinin yalnız yemək xərclərini qarşılayırsa, 165 x 60 % = 99;
  • şirkət lazımi normadan az pul ödəyərsə, məsələn 140 avro ödəyərsə, qalan 25 avronu isə “Merkur” MMC ödəməlidir.

Nümunə 3: Xarici ölkələrdən biri olan Türkiyə şəhərinə ezamiyyətə gedən işçi yaşayış yeri ilə təmin edilir, yemək xərcləri üçün isə nağd vəsait verilir. Əgər həmin vəsait  normadan az olarsa, yəni 150 ABŞ dolları əvəzinə 100 ABŞ dolları ödənilərsə, geri qalan 50 ABŞ dolların verilməsi işçini ezam edən müəssisə tərəfindən təmin edilməlidir.

Dəvət edən ezamiyyə xərcini necə ödəyir?

Əgər dəvət edən tərəf xarici ezamiyyə üzrə xərclərini öz üzərinə götürərək ödəyərsə, bu halda həmin xərclərin işçini ezamiyyətə göndərən təşkilat tərəfindən ödənməsi tələb olunmur. Xərclərin dəvət edən tərəfindən tam, yaxud da qismən ödənilməsi təsdiqedici sənədlər əsasında təyin olunur.

Ezamiyyə xərclərinin dəvət edən şirkət tərəfindən ödənişi aşağıdakı qaydada həyata keçirilir:

  • işçiyə yalnız yaşayış yeri ilə təmin olunduqda  bir günlük normanın 40%-i, yalnız yemək xərci ilə təmin olunduqda isə  60%-i məbləğində vəsait təyin edilir;
  • yaşayış yeri, yemək xərcləri nağd yolla ödənilən zaman müəyyən olunmuş normadan aşağı olarsa, həmin fərqin işçiyə verilməsi təmin edilməlidir;
  • işçiyə yaşayış yerinin təyini, yemək pulunun isə nağd şəkildə  ödənməsi mümkündür. Bu zaman həmin nağd vəsait 1 günlük normanın 40 %-dən aşağı olduqda, yaranmış fərq ödənməlidir;
  • yeməklə təmin edilən işçiyə yaşayış yeri üçün nağd şəkildə ödənilən vəsait müəyyən olunmuş normanın 60%-dən aşağı olduqda yaranmış fərqin ödənilməsi zəruridir.

Nümunə 4: Merkur MMC-də çalışan digər bir şəxs 6 iyun – 10 iyun  müddətində Gürcüstana ezamiyyətə gedib. Həmin vaxt üçün 4 gün mehmanxana və 5 gün gündəlik xərc ödənilir. Ezamiyyət xərcləri belə olacaq.

mehmanxana xərci – 140 * 60% * 4 = 336;

gündəlik xərc – 140 * 40% * 5 = 280.

Diplomatik nümayəndəliklərə ezam olunan şəxslərə xarici ezamiyyət zamanı AR NK-nin qərarı ilə həmin ölkə üçün müəyyən olunmuş  1 günlük normanın 60%-i həcmində mehmanxana xərcləri ödənilməlidir.


Print Friendly, PDF & Email