Yaradıcılıq məzuniyyətləri və onların müddətləri

posted in: Xəbər | 0
birbank biznes

Yaradıcılıq məzuniyyəti nədir?

Yaradıcılıq məzuniyyətləri bizim adət etdiyimiz mənada istirahət vaxtı deyil, əksinə, fərqli bir istiqamətdə işləmək imkanıdır. Bəzi işəgötürənlər elə düşünür ki, bu məzuniyyət növü yalnız elmi təşkilatların və ya təhsil müəssisələrinin işçilərinə aiddir. Lakin bu düzgün yanaşma deyil, çünki müvafiq təhsili olan istənilən şəxsin elmi dərəcə almaq, dərslik yaxud elmi əsər yazmaq hüququ var. İşəgötürənlə əmək münasibətləri olan müəyyən kateqoriya işçilərə ödənişli yaradıcılıq məzuniyyətləri və onların müddətləri Əmək Məcəlləsinin 122-ci maddəsi əsasında tənzimlənir və aşağıdakı əsaslarla təyin olunur:

  • İşçi doktoranturada (adyunkturada) uyğun elmi dərəcə alınması məqsədi ilə təhsilini davam etdirdikdə – dissertasiyanın tamamlanması;
  • müəlliflərə – dərslik, ya da dərs vəsaitlərinin yazılması məqsədilə.

Əslində, bunu sözün birbaşa mənasında məzuniyyət adlandırmaq olmaz, çünki bu dövrdə insan istirahət etmir, əksinə işləyir, özünün şəxsi və peşəkar inkişafı ilə məşğul olur.

Yaradıcılıq məzuniyyəti həm işçilər, həm də işəgötürənlərə bir sıra üstünlüklər yarada bilər. İşçilər üçün bu:

  • yenilənmiş enerji və motivasiya;
  • şəxsi inkişaf;
  • karyera inkişafı;
  • iş və şəxsi həyat arasında balans deməkdir.

İşəgötürən üçün işçiyə verilmiş yaradıcılıq məzuniyyəti:

  • kadr axınının qarşısının alınmasına;
  • əmək məhsuldarlığının artımına;
  • liderliyin planlaşdırılmasına;
  • işəgötürənin imicinin yüksəlməsinə kömək edir.

Ümumiyyətlə, bu məzuniyyət həm işçilər, həm də işəgötürənlərə faydalıdır.

Yaradıcılıq məzuniyyətinin müddətləri

Yaradıcılıq məzuniyyətlərinin verilmə müddətləri fərqlidir:

  • fəlsəfə doktoru elmi dərəcəsini əldə etmək məqsədi ilə üçün dissertasiyanın tamamlanması üçün    2 təqvim ayı;
  • elmlər doktoru dərəcəsini əldə etmək üçün dissertasiya işlərini tamamlanması məqsədi il –  3 təqvim ayı müddətədək davam edən məzuniyyətlər təyin olunur.

Həmçinin, həm işləyən, həm də təhsilini davam etdirən işçilər hər tədris ilində 30 gündən ibarət ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər.

Yaradıcılıq məzuniyyətləri dərsliklər, ya da dərs vəsaitlərinin müəlliflərinə də şamil edilir. Onların 3 aylıq müddəti əhatə edən ödənişli məzuniyyət hüququ var.

İşçinin məzuniyyətlərdən istifadəsi müvafiq elmi şuranın verdiyi arayışa əsasən təmin edilir.  Onun verilməsi zamanı elmi şuranın, ya da müvafiq icra hakimiyyəti orqanının işəgötürənlə məsləhətləşmə aparması tələb olunur. Onlar:

  • məzuniyyət müddətini;
  • məzuniyyətdən istifadə qaydalarını birlikdə təyin etməlidir.

Yaradıcılıq məzuniyyəti dövründə işçinin iş yeri, vəzifəsi saxlanmaqla yanaşı, ona qanunvericiliyə uyğun hesablanmış əməkhaqqı ödənilir.

Yaradıcılıq məzuniyyətinin ödənilməsi

Məzuniyyətdə olan zaman yerinə yetirilən işlər barədə işçinin hesabat təqdim edilməsi zəruridir. İşçilərə məzuniyyətə görə verilən ödənişlər müəssisənin əmək haqqı fondu hesabına həyat keçirilir.  Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əmək haqqından hesablanır.

Gəlin, nümunələrə nəzər salaq.

Nümunə 1: İşçi “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyir. Bu səbəblə dissertasiya işini tamamlamalıdır. Odur ki, işəgötürənə yaradıcılıq məzuniyyəti götürmək məqsədilə müraciət edir. Onun əməkhaqqısının 1500 manat olduğunu bilərək, yaradıcılıq məzuniyyəti üçün ödənişi hesablayaq.

ƏM-nin 122-ci maddəsinə uyğun olaraq işçiyə 2 ay müddətinə məzuniyyət hesablanır və ödəniş aylıq əməkhaqqına uyğun verilir, odur ki, əməkhaqqının miqdarı 2-ə vurulacaq, yəni işçi 2*1500=3000 manat alaraq ödənişli məzuniyyətə çıxacaq.

Nümunə 2: İşçi AR Peşə Təhsili Agentliyi tərəfindən sifariş olunan “Maliyyə sisteminin əsasları” dərsliyinin yazılması üçün aprel-iyun aylarında yaradıcılıq məzuniyyəti götürmək istəyir. Onun aldığı əmək haqqı 750 manatdır. Bu zaman, işçiyə hesablanan yaradıcılıq məzuniyyət haqqı 750 * 3 = 2 250 manat olacaq.

Yaradıcılıq məzuniyyətinin rəsmiləşdirilməsi və uçotu qanunauyğun şəkildə həyata keçirilir. İşçi elmi dərəcə almaq yaxud dərslik yazmaq üçün məzuniyyət hüququndan istifadə etmək istədikdə ərizə ilə işəgötürənə müraciət edir. İşəgötürən isə əmr yaxud sərəncamla məzuniyyəti rəsmiləşdirir. Buradan yalnız məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması haqqında ətraflı məlumat əldə etmək olar. Onu da vurğulayaq ki, işəgötürənin verdiyi əmr məzuniyyətdən 5 gün öncəyə qədər təqdim edilməli və işçi əmrlə tanış olmalıdır.


Print Friendly, PDF & Email