Yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı

posted in: Xəbər | 0

Yerli investisiyalı kommersiya hüquqi şəxslər

Qeydə alınmadan sahibkarlıq  fəaliyyəti ilə məşğul olmaq qanun pozuntusudur, odur ki, Azərbaycanda biznesə başlayan sahibkarı onu dövlət qeydiyyatına aldırmalıdır. Sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi yaxud hüquqi şəxs yaradaraq məşğul olmaq olar. İstənilən halda sahibkarlığın əsas məqsədi mənfəət əldə etməkdir. Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan bütün hüquqi şəxslər kommersiya hüquqi şəxslər sayılır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 43.5). Həmin maddəyə görə “əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən” qurumlar qeyri-kommersiya hüquqi şəxslər hesab olunur (məsələn, sosial, xeyriyyə məqsədlı ictimai birliklər, fondlar və sair)

Kommersiya hüquqi şəxslərin vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatı onların dövlət qeydiyyatı sayılır. Qeydiyyatın hüquqi əsasları “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunu ilə müəyyən edilib.

Kommersiya hüquqi şəxslər:

  • yerli investisiya, yaxud;
  • xarici investisiya əsasında yaradıla bilər.

Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı kağız daşıyıcıda yaxud elektron qaydada edilən müraciətlər əsasında aparılır.

Mühasibat xidmətləri

Yerli investisiyalı kommersiya hüquqi şəxslərin qeydiyyatı

Qeydiyyat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunun II fəslinin tələblərinə uyğun aparılır.

Yerli investisiyalı kommersiya qurumu, təhsil müəssisələri istisna olmaqla, dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin uyğun struktur vahidlərinə “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə müraciət edir. Ərizədə bunlar qeyd edilir:

  • əgər təsisçi (təsisçilər) fiziki şəxsdirsə – adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyəti təsdiq edən sənədin məlumatları;
  • əgər təsisçi (təsisçilər) hüquqi şəxsdirsə – onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

  • təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti;
  • təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti
  • qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;
  • qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərar (qərarlar);
  • “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” (yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxs üçün);
  • “Müşahidə şurasının üzvləri barədə məlumat” (kommersiya qurumu cəmiyyət olduqda və ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə));
  • “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə);
  • qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • hüquqi ünvanını təsdiq edən sənəd;
  • dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);
  • məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.);
  • nzamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi;
  • ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;
  • etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda);
  • bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq orqanının ilkin razılığını təsdiq edən sənəd.

Təbii ki, zaman keçdikcə, tələblər, o cümlədən yerli investisiyalı kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün tələb olunan sənədlərin tərkibi dəyişə bilər. Hər ehtimala qarşı sizə təqdim edilən siyahını DVX-nin rəsmi saytından dəqiqləşdirə bilərsiniz.

Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı

Prosedur Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları, habelə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament” əsasında tənzimlənir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatı elektron formada onlayn qaydada həyata keçirilə bilər. Buna təsisçi (təsisçilər) qərar verir. Bu yenidən təşkil nəticəsində yaranmaya aid deyil. Elektron qeydiyyatın iki forması var:

  • adi qaydada – 1 gündən gec olmayaraq;
  • sürətli qeydiyyat – elektron qeydiyyat zamanı.

Onlayn qeydiyyatın sonunda:

  • yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alınaraq ona VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verilir.
  • qeydiyyat sənədləri DVX rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənərək elektron kabinetinə göndərilir;
  • ƏDV-nin məqsədləri üçün qeydiyyat ərizəsi İVİ (internet vergi idarəsi) qeydiyyata alınır;
  • əmək müqaviləsi üzrə məlumatlar avtomatik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə ötürülür;
  • şəhadətnamə-dublikat alınmaq üçün ərizəsi qeydiyyata alınır.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı gücləndirilmiş elektron imza vasitəsi ilə İnternet Vergi İdarəsində aparmaq olar. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı şəxsiyyət vəsiqəsindən istifadə edilir.

Kənar audit və auditor rəyi ilə bağlı vacib məqamlar (II hissə)