Alğı-satqı müqavilələri barədə bilmədiklərimiz

Alğı-satqı müqaviləsinin mahiyyəti mülkiyyətin satıcıdan alıcıya keçməsidir. Satıcı müqavilədə müəyyən edilmiş müd­dət çərçivəsində malı bütün aksessuarlar və sənəd­lərlə birgə alıcıya ötürür. Alıcı isə bu məhsulu qəbul edir və qarşılığında müəyyən məbləğ ödəməyi öhdəsinə gö­tü­rür. Mövzunu hüquqşünas Əkrəm Həsənov şərh edir.

Əmtəələrin (xidmətlərin) alğı-satqısı ölkə daxilində və beynəlxalq kommersiya fəaliyyətində ən geniş yayılmış təsərrüfat əlaqələri formalarından biridir. Alğı-satqı müqaviləsi tərəflər məhsul ilə bağlı razılığa gəldiyi andan etibarən bağlanmış hesab olunur. Lakin məhsulun mülkiyyət hüququ satıcıdan alıcıya onun ötürülməsi zamanı keçir. Burada daşınmaz əmlak alğı-satqısı istisna təşkil edir. Əvvəlcədən, yaxud daha sonradan ödəniş, nisyə ödəniş mümkündür. Bu hallarda mülkiyyət hüququ,  bir qayda olaraq, (müqavilədə fərqli qayda müəyyən edilə bilər) ödəniş tam başa çatana qədər satıcıda qalır.

Nəyi almaq və satmaq olar…

İstənilən əşyanı, hətta hələ istehsal olunacaq məhsulu satmaq mümkündür. Bundan əlavə, heyvanlar və intellektual mülkiyyət də məhsul sayılır. Həm daşınmaz (torpaq, bina və s.), həm də daşınan (bütün digər məhsullar, həmçinin nəqliyyat vasitələri) əmlakı alıb-satmaq mümkündür.  Silah, dərman, zinət əşyaları və dövriyyədə məhdud şəkildə iştirak edən məhsulları xüsusi icazə çərçivəsində alıb-satmaq olar.

Alğı-satqı müqavilələri üzrə əmtəə kimi dövriyyəsi məhdudlaşdırılmayan, yaxud dövriyyədən çıxarılmayan istənilən əşya iştirak edə bilər. Müqavilə yalnız müqavilə bağlanan anda satıcıya məxsus olan, eləcə də gələcəkdə satıcı tərəfindən yaradıla və ya əldə oluna biləcək əmtəənin alğı-satqısı üzrə bağlana bilər. Əgər alğı-satqı müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə eyni vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatı, istismar təlimatını və s.) verməyə borcludur.

Həm fiziki, həm də hüquqi şəxslər, eləcə də dövlət və bələdiyyə qurumları alıcı və satıcı qismində çıxış edə bilərlər.

Müqavilənin bağlanılma forması

Kağız sənədin mövcudluğu məhsulun kim tərəfindən satılıb-alınmasından asılıdır. Məhsul daşınmaz əmlak olduqda, bir və yaxud hər iki tərəf hüquqi şəxs olduqda və s. müqavilənin yazılı forması mütləqdir. Müqavilələrin pərakəndə alğı-satqı müqaviləsi, təminat müqaviləsi,  dövlət və bələdiyyə ehtiyacları üçün məhsul təminatı müqaviləsi,  enerji tədarükü müqaviləsi, daşınmaz əmlakın satışı müqaviləsi, müəssisənin satışı müqaviləsi kimi növləri vardır və onların hər biri hüquqi xüsusiyyətlərə malikdir.

Mülki Məcəllənin 569-cu maddəsinə görə, alğı-satqı müqaviləsi qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət başa çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, müqaviləyə uyğun olaraq, satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur.

Alğı-satqı müqaviləsi pozulduqda…

Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı çatışmayan miqdarda əşya verilməsini tələb edə və ya verilmiş əşyadan, yaxud onu ödəməkdən imtina edə, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb edə bilər. Satıcı alıcıya alğı-satqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verərsə, alıcı bu barədə satıcıya bildiriş verməlidir. Satıcı alıcının bildirişini aldıqdan sonra ağlabatan müddətdə əşyaların müvafiq hissəsinə dair sərəncam verməzsə, müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı bütün əşyaları qəbul edə bilər.

Alğı-satqı müqaviləsinə görə, satıcı alıcıya tərəflərin razılaşdıqları çeşiddə əşya verməyə borcludur. Satıcı müqavilədə nəzərdə tutulan əşyanı müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

Satıcı alıcıya alğı-satqı müqaviləsinə əsasən keyfiyyəti, nümunəyə və ya təsvirə uyğun gələn əşya verməyə borcludur.

Əşyanın keyfiyyətinin yoxlanılması

Dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanılması nə­zərdə tutulur, əşyanın keyfiyyətinin yoxlanılması qaydaları isə hüquqi normalarla müəyyənləşdirilir. Mülki Məcəllənin 587-ci maddəsinə əsasən, satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat vermədikdə həmin əşyanı alan alıcının ixtiyarı var ki, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, bunun üçün özünün çəkdiyi xərcin əvəzinin ödənilməsini tələb etsin. Alğı-satqı müqaviləsində satıcının alıcıya əşyanın müəyyən toplusunu dəst şəklində vermək vəzifəsi nəzərdə tutulduqda, öhdəlik dəstə daxil olan bütün əşyaların verildiyi andan icra edilmiş sayılır.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2 Responses

  1. Sahib
    | Reply

    Sade ticaret üçün rüblük hesabat göndermeyi hardan öyrene bilerem ? Bir videorolik olsa pis ol maz. Sag olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *