birbank biznes

Uçot nə vaxt yaranıb?

Müasir dövrdə iqtisadiyyatın inkişafı mühasibat uçotunun nəzəri və praktik istifadəsinin formasını dəyişir. Mühasibatın tarixi və onun inkişafının öyrənilməsi mütəxəssislər tərəfindən təsərrüfat həyatında baş verən halların obyektiv qiymətləndirilməsinə və elmi proqnozlaşdırma texnikasının mənimsənilməsinə geniş şərait yaradır.

Tarixə məlum olan və mühafizə edilib saxlanılmış uçot sənədləri qədim uçot işçilərinə, onların fəaliyyətinə yüksək diqqət və qiymət verilməsini təsdiq edir. Sözügedən sənədlərə əsasən uçotu “Allahın sirri” adlandırmış, ona xidmət etməyi müqəddəs borc saymışlar. Həmin sənədlərdə qədim Misirdə firon sarayının baş mühasibinin Neferxotep olduğu qeyd edilib. Uçot fəaliyyətində böyük uğurlar qazanmış Neferxotep haqda yazmışlar: “O, kürəyini incə ağılla, dözümlü ürəklə, pak işlə haqsızlığa çevirmiş” və “Təmiz ələ malik olan, dəstəmazlı hakim, pisliyi rədd edən, düzgünlüyü sevən, alçaqlığa qarşı daim mübarizə aparan – Kamil Mirzə” olmuşdur. Uçotda “hesabı hesablamanı barmaqla hesablayıb aldatmaqla məşğul olanlardan” fərqli olaraq Neferxotep bütün həyatı boyu ona xidmət etmişdir.

Mühasibatın tarixini araşdırmağa imkan verən bizə gəlib çatan ilk yazılar uçotun eramızdan əvvəl 6000 il əvvəl yaranmasına təsadüf edir. Bunu Misirdə əkinçiliklə məşğul olanların Nil çayının suyundan istifadəyə görə verginin taxıl və kətanla (pambıqla) ödənməsinə dair aparılan qeydlər təsdiq edir. Sözügedən qeydlər evlərin divarında vergi toplayanların müvafiq işarələri qoyması ilə yerinə yetirilirdi.

Hələ bizim eradan əvvəl 2000-ci ildə uçot sisteminin inkişafı Çində, ikili mühasibatlığın elementləri isə qədim Romada qeydə alınmışdır. Bütün bunlarla yanaşı amortizasiya anlayışı da həmin dövrlərdə romalılara məlum idi.

Mühasibat uçotu və ikili yazılış

Uçotda ikili yazılışın və ümumiyyətlə mühasibat uçotunun yaranması İtaliyada İntibah dövrünə təsadüf edir. Təsərrüfatda baş vermiş hadisələrin-işlərin, əməliyyatların, proseslərin hərəkətini izləmək üçün istifadə edilən ikili yazılışın meydana gəlməsi insan cəmiyyətinin həyat və yaşayışının təmin edilməsinə imkan yaradan şəxsi kapitalın gələcək inkişafına təkan vermişdir.

Mühasibatın tarixi inkişafında əhəmiyyətli səhifə olan ikili yazılış sistemi XIII-XIV əsrdə yaranmış, ondan Şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində istifadə olunmuşdur. Genuyada tapılmış bələdiyyə yazılarında ikili yazılış sistemi 1340-cı ilə təsadüf edir. Daha erkən ikili yazılış Florensiyanın ticarət firmalarında (1299-1300-cü illər), eləcə də Şampan (Fransa) əyalətində ticarət aparan firmalarda aşkar edilmişdir.

Uçotun ilk sistemləşdirilməsi Fransiskan rahibi Luka Paçoli olmuş və o həmin dövrdə özünün böyük əsəri olan «Hesablar və yazılışlar haqda traktat»ını yazaraq (1494-cü il) uçot yazılışlarının mahiyyətini çox bacarıqla aça bilmişdir. Onun, sözügedən bu kitabı bizim dövrümüzdə də aktual olaraq qalır və uçot təcrübəsində istifadə olunur.

Luka Paçolinin müasirləri

Müasir dövrdən fərqli olaraq əvvəlki dövrün mühasibat uçotu:

  • fərdi sahibkarı lazımi informasiyalarla təmin etmiş, bütün məlumatlar gizli şəkildə saxlanılmış;
  • həmin dövrdə mülkiyyətçi və təşkilatın əmlakı arasında heç bir məhdudiyyət qoyulmamış;
  • təşkilatda hesabat və onlar arasındakı dövr haqqında heç bir anlayış olmamış;
  • çoxlu pul vahidinin mövcudluğu ikili mühasibatlıqdan istifadəni çətinləşdirmişdir.

Bütün bunlar uçot registrlərində (qeydiyyatlarında) aparılan yazılışları xüsusilə mal haqda məlumatları (çəki, ölçü, ölçü vahidi, qiymət) təsviri xarakterizə etməklə öz işini yekunlaşdırırdı. Luka Paçolinin davamçıları müxtəlif sahələrdə, xüsusilə:

  • Alvize Kazanova (1558-ci il) – gəmiqayırmada;
  • Di. Pietro (1586-cı il) – kilsə təsərrüfatı və banklarda;
  • A. Masketti (1610-cu il) – sənayedə;
  • Lyudoviko Flori (1636-cı il) – mehmanxana və dövlət təşkilatlarında;
  • Bastiano Benturi (1655-ci il) – kənd təsərrüfatında uçotun sistemləşdirilmiş tətbiqini geniş yaymışlar.

1581-ci ildə ilk dəfə olaraq Venesiyada mühasiblər cəmiyyəti yaradılmışdır.

Azərbaycanda mühasibatın elm kimi formalaşması

Azərbaycanda mühasibatın tarixi, uçotun bir elm kimi meydana gəlməsi və tanınması Rusiya uçot sisteminin təsiri altında baş verdi. Bu tarixi şərtlərlə bağlı idi. Hələ XIX əsrin axırı və XX əsrin əvvəlində Azərbaycanın aparıcı şirkətlərinin və sahibkarlarının mühasibləri olmuş, mühasibat uçotu üzrə öz dövrünün qabaqcıl mütəxəssisləri Fridon Akimoviç Mərdanov, Hacı Məcid Əfəndi Əfəndizadə, Əbülqasım Nurməmməd oğlu Hüseynzadə, Mirhəbib Seyidəhməd oğlu Seyidməmmədov, Mir Məhəmməd Seyidov və başqaları çalışdıqları sahələrdə uçot işini aparmaqla yanaşı, mühasibatın elmi əsaslarla qurulmasına dair çox işlər görmüşlər. Onlar dəfələrlə Bakı quberniyasına müraciət edərək şirkət və sahibkarların təsərrüfat fəaliyyətinin idarə olunmasında hesabdarlıq və mühasibatlığın yerini və rolunu geniş açıqlamış, müvafiq tədris müəssisələrinin-kursların, məktəblərin, məsləhətxanaların və digər növ məşğuliyyətlərin açılmasını xahiş etmişlər. Sonda bu müraciətlər cavabsız qalmamış, müvafiq icazələr alaraq Bakıda, Gəncədə, Şamaxıda, Naxçıvanda, Qubada və digər iri məntəqələrdə tədris müəssisələrinin açılmasına nail olmuşlar.

Uçotun inkişafında Əliqulu Fərəcovun rolu

Azərbaycanda mühasibatın tarixində, uçotun qurulması və inkişafında Əliqulu Fərəcov xüsusi rol oynamışdır. O, inqilaba qədər (1920-ci il inqilabı) bir çox sahibkar şirkət və firmalarda mühasib kimi işləmiş və 1917-1920-ci illərdə hesabdar-mühasib kursları (o vaxtlar Əliqulu Fərəcov kursu adlanırdı) açaraq, onu dövrün tələblərinə uyğun təşkil etmək üçün əlindən gələni əsirgəməmişdi. Bu məqsədlə rus alim-mütəxəssislərini Azərbaycana dəvət edərək, onların təcrübəsindən yararlanmışdır.

Mühasibat uçotu ixtisası üzrə mütəxəssislər hazırlayan «Statistika», «Kommersiya» texnikumlarının, Azərbaycan Dövlət Sənaye İnstitutunun nəzdində iqtisad fakültəsinin və sonradan 1930-cu ildə bu fakültənin bazasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun açılmasında və fəaliyyət göstərməsində bilavasitə iştirak etmişdir. Əliqulu Fərəcov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ilk rektorlarından biri olmuş, işlədiyi dövrdə mühasibat uçotunun nəzəriyyəsinə dair dərsliklər, metodik göstərişlər, praktiki tövsiyələr hazırlayaraq onların tətbiqinə nail olmuşdur.

Respublikamızda mühasibatın tarixi inkişafında rolu olan, Əliqulu Fərəcovun ideyalarını daima dəstəkləyən həmkarları və tələbələri sırasına Saleh Səmədovu, Məbud Məmmədovu, Ağaməmməd Səlimovu, Mirməmməd Abdullayevi, Hacı Əliyevi, Veysəl İsayevi, Hüseyn Namazəliyevi, Sübhan Seyfullayevi, Məhsəti Hacıyevanı, İmaməddin Mahmudovu, Kamal Yusifovu, Əhməd Cəfərovu, Yaşar Hüseynovu, Yolçu Əlizadəni, Firəddin Quliyevi, Qəzənfər Abbasovu, Sifariz Səbzəliyevi, Bəybala Xankişiyevi, Babaxan Babayevi, Rəayət Hacıyevi, Habil İbadovu, Rəşid Rüstəmovu, Vaqif Quliyevi, Əlləz Daşdəmirovu, Əli Sadıqovu, Səfər Süleymanovu, Əziz Məmmədovu, Nəzakət Musayevanı, Hafiz Hacıyevi, Niyazi İsmayılovu, Cəmilə Namazovanı, Cəmaləddin Zərbəliyevi, Teymur Zeynalovu, Ənvər Salahovu, İbad Abbasovu, İbrahim Məmmədovu, Rasim Həşimovu, Şivəxan Abdulovu, Yusif Əhmədovu, İsaq Verdiyevi, Qəşəm Bədəlovu, təcrübədə işləyən Elxan Cəfərovu, Süleyman Qasımovu, Bahəddin Həsənovu, Calal İmamquliyevi, Müharib Rəsulovu, Vaqif Məmmədovu, Xalid Əyyubovu, Ağəli Məmmədovu, Zöhrab Fərəcovu, Tofiq Nağıyevi, Zahid İsayevi, Vüqar Şərifovu, İltifat Babayevi, Cəlal Fərəclini, Nurqələm Qasımovu və digərlərini aid etmək olar.

 Mühasibat elminin tarixi inkişafı 

Elm kimi mühasibatın tarixi inkişafı XX əsrin görkəmli alimlərinin işlərində geniş əks etdirilmiş (1845-1850-ci illərdə) və bu inkişaf öz müsbət təsirini Azərbaycana da göstərmişdir. Bunun nəticəsidir ki, XX əsrin axırları, XXI əsrin əvvəllərində bu maraqlı və iqtisadiyyatın açarı, müasir bazar iqtisadiyyatı şəraitində biznesin dili olan elm üzrə elmlər doktoru-Veysəl İsayev, Hüseyn Namazəliyev, Sifariz Səbzəliyev, İbad Abbasov, Səlim Müslümov, Qəzənfər Abbasov, Süleyman Qasımov, Cəmilə Namazova və onlarla elmlər namizədləri mühasibat uçotunun bu və ya digər sahələrini əhatə edən problemlərin həllinə dair doktorluq və namizədlik dissertasiyası müdafiə etmişlər.

Məhz bu alimlərin elmi rəhbərliyi ilə onlarla aspirantlar müdafiə edərək alimlik dərəcəsi almış və onların müəllifliyi ilə çoxlu sayda monoqrafiyalar, dərsliklər, elmi məqalələr və uçota dair tövsiyələr hazırlanmış, nəşr etdirilmiş, respublika iqtisadiyyatının əsas aparıcı mütəxəssisləri olan mühasiblərin, iqtisadçıların və iqtisadiyyatla maraqlanan sərəncamına təqdim edilmişdi. Əliqulu Fərəcovun davamçılarından Sifariz Səbzəliyev, Qəzənfər Abbasov, Səlim Müslimov, Süleyman Qasımov, İbad Abbasov, Vaqif Quliyev və digərləri mühasibat uçotu üzrə dövlət səviyyəli normativ aktların yazılmasında və tətbiq edilməsində bilavasitə iştirak etmişlər. Azərbaycanda mühasibatın tarixi inkişafında böyük rol oynamış qeyd edilən müəlliflərin gücü və təşəbbüsü ilə uçotu və onun əsası sayılan maliyyəni beynəlxalq standartlara uyğun quraraq onu həmin standartların tələblərinə uyğun daha geniş qurmaq üçün 1992-ci ildə Respublika Maliyyə Nazirliyinə müraciət edərək “Maliyyə və uçot” jurnalının təsis edilməsin xahiş etmişlər. Mütəxəssislərin bu müraciəti qəbul edilərək tələb edilən jurnal təsis edilmiş və o 1993-cü ildən hər ay dərc edilir və müasir uçot və maliyyə problemlərinə dair ən aktual məsələləri və digər materialları dərc edir.

Mühasibatın tarixi: müasir dövr

Print Friendly, PDF & Email