“Azərbaycan Banklar Assosiasiyası” bəyanat yayıb

posted in: Xəbər | 0

Son dövrlər bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer almaqdadır.

Bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin yaydığı bəyanatda bildirilib.

“ABA olaraq bir daha bəyan edirik ki, ölkə Prezidentinin tapşırıqları və Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər.

– Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam silinsin;

– Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam silinsin;

– Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;

– Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin 1 illik əmək haqqı qədər vəsait ödənilsin;

– Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun 3 aylıq əmək haqqı qədər birdəfəlik maddi yardım ödənilsin.

Assosiasiyaya üzv banklar qəbul edilmiş qərarı tam şəkildə icra etməkdədir. Cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara banklar malik olmurlar. Buna görə də bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər.

Hazırda əsassız, ictimaiyyətdə yalnış fikir formalaşdıra biləcək məlumatların xəbər reytinqi, baxış sayı məqsədilə yayılmasının ümumi işimizə və qarşıya qoyduğumuz məqsədlərə uyğun olmadığını və belə hallardan çəkinməyin məqsədəuyğun olduğunu hesab edirik.

Azərbaycan bank icması hər zaman olduğu kimi ölkə prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklər”, – deyə bəyanatda qeyd olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *