Banklardakı qanunsuzluqların qarşısı necə alınmalıdır?

posted in: Xəbər | 0
birbank biznes

Bağlanan banklar, Müvəqqəti inzibatçı, bankların iş rejimi, Banklar,Pandemiya iqtisadiyyatın şah damarı sayılan bank sektoruna da təsirsiz ötüşmədi. Karantin rejimi müddətində bankların fəaliyyəti tam və ya qismən məhdudlaşdırıldı. Bir sıra fəaliyyət sahələrinin bağlanması əhalinin gəlirlərini aşağı saldığı üçün kreditlərin ödənilməsində ləngimə yaşandı, banklara əmanət qəbulunda ciddi azalmalar müşahidə edildi. Bununla yanaşı bank əməliyyatlarının iştirakçısı kimi əmanətçilər də bu dövrdə mənfi tendensiyalardan kənarda qalmadılar. Ölkədə dörd bankın bağlanması nəticəsində əmanətçilərin əmanətlərini geri almasında çətinliklər ortaya çıxdı, çünki qanunsuz qəbul edilən 60 mln manatdan çox vəsait müvəqqəti bloklanıb. Banklarda baş verən qanunsuz fəaliyyətlər bazar iştirakçılarını narahat etməklə ölkədə bank sisteminin etibarına zərbə kimi təzahür etdi. Son olaraq 2016-ci ildə bağlanan “Zaminbank” ASC-nin sədri Nadir İsmayılovun milyonlarla pulu mənimsəməsi bu xoşagəlməz siyahını daha da genişləndirdi.

Bundan başqa bu ilin aprel ayında bağlanan “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadənin həbs edildiyi barədə xəbər yayıldı. Qeyd edək ki, Ü.İldırımzadə “AmrahBank”ın Müşahidə Şurasının sədri Y. İldırımzadənin müşaviri olub.

Əlbəttə ki, bank sektorunda baş verən bütün bu xoşagəlməz hallar pandemiyadan xeyli qabaq baş verib, sadəcə indi daha qabarıq şəkildə üzə çıxır.

“Report” banklarda baş verən qanunsuzluqların səbəbləri, bunların qarşısının alınması üçün hansı addımların atılmalı olduğunu araşdırıb.

Ölkədə bir neçə dəfə bank rəhbərləri və ya bankların ayrı-ayrı məsul şəxsləri tərəfindən əmanətçilərin pullarının mənimsənilməsi faktları aşkar edilib. Bir neçə gün öncə isə “Zaminbank” ASC-nin sədri Nadir İsmayılov da 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bəs bu cür halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov verdiyi açıqlamada bildirib ki, banklardakı problemləri əsasən bank rəhbərlərinin özləri törədir:

“Bunun qaynağı süni, qanunsuz kreditlərin verilməsidir. Bankların problemli kreditlərinin çoxu bank rəhbərlərinin öz şirkətlərinə, yaxınlarına və ya rüşvət formasında hansısa şəxslərə verdiyi vəsaitlərdir ki, onlar geri qayıtmır. Bu vəsaitlər bankların öz pulu deyil, banka pulu etibar edən əmanətçilərin, şirkətlərin puludur. Normal bank  sistemlərində belə hallar olmur, olsa da dərhal qarşısı alınır. Banklar öz pulu ilə deyil, başqalarının pulu ilə fəaliyyət göstərdiyi üçün onların üzərində nəzarətedici qurum olmalıdır. Ona görə də Mərkəzi Bank (AMB) banklara lisenziya verir və xüsusilə də, onların kredit fəaliyyətini tənzimləyən qaydalar müəyyən edir. Eyni zamanda, AMB bankların fəaliyyətinə daimi nəzarət etməlidir.

Bank nəzarətini həyata keçirmək elə də çətin məsələ deyil. İstənilən banka gedib bütün kredit sənədlərinə baxsaq, asanlıqla müəyyən edə bilərik ki, hansı kreditləri bank rəhbərləri qanunsuz verib. Görəcəyik ki, bu cür kreditlər uzunmüddətli, çox böyük məbləğli, aşağı faizlə, aşağı dəyərli girovla və ya heç bir girov olmadan verilən kreditlərdir və onu götürənin də demək olar ki, biznesi yoxdur. Bunu müəyyən etmək üçün xüsusi bir bilik və ya istedad tələb olunmur. AMB nəzarətedici orqan olaraq bunu görməyə bilməz. Bu nəzarəti həyata keçirmək üçün ayrıca bir qurum yaratmaq lazım deyil. Bütün dünyada bank nəzarəti orqanı var. Sadəcə o orqan işini bilməli və dürüst olmalı, əmanətçilərin pulunun oğurlanmasına imkan verməməlidir”.

Ekspert “Zaminbank” ASC-də baş verən məsələyə münasibət bildirərkən qeyd edib ki: “Zaminbank 4 il öncə müflis elan edilmişdi. Bu bank Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı əsasında bağlanmışdı. 2016-cı ilin mart ayından bank nəzarəti səlahiyyəti Palataya keçmişdi. Palata o vaxt “Zaminbank”ın lisenziyasını ləğv edəndə bəyənat vermişdi ki, bu bank həmişə təhrif olunmuş maliyyə hesabatları verib. Belə çıxır ki, həmin təhrif olunmuş hesabatlar Mərkəzi Banka təqdim olunub. Bu halda AMB müvafiq tədbirləri görməli idi. Bütün bu problemlərin baş verməsində birbaşa bank nəzarəti orqanının da günahı var.

Qanunvericilik imkan verir ki, belə hallar olmasın. Digər bankların da aqibətindən məlum oldu ki, bank rəhbərlərinin qanunsuz əməlləri olub. Amma nəzərə alaq ki, onların üzərində dövlət nəzarəti də var. AMB öz səlahiyyətlərini düzgün icra etməyib və nəticədə bank rəhbərləri külli miqdarda pul mənimsəyiblər”.

İqtisadçı ekspert Samir Əliyev açıqlamasında həm bankların qanunsuz əmanət qəbulunun, həm də yeyinti hallarının qarşısını almaq üçün atılmalı olan addımları sadalayıb: “İlk növbədə tənzimləyici qurum banklara nəzarəti gücləndirməlidir. Bizdə nəzarətin gücləndirilməsi bəzən fəaliyyət məhdudiyyətləri yaradır. Burda isə söhbət fəaliyyət məhdudiyyətindən deyil, qanunvericiliyin tələblərinə riayət edilməsi cəhətdən nəzarətin gücləndirilməsindən gedir.

Əslində bunlar Palatanın dövründən qalan problemlərdir. “NBC Bank”a əmanətlərin qəbul edilməsini qadağan edən məktubu Mərkəzi Bank göndərsə də, digər banklara qadağa Palatanın vaxtında qoyulub. Mərkəzi Bank məktub göndərərkən onun bir sürətini ADİF-ə göndərməlidir ki, Fond məlumatlı olsun və həmin bankdan sığorta haqqı yığmasın.

Digər addım maliyyə hesabatlarına nəzarətin gücləndirilməsidir. Son hadisələrdən belə çıxır ki, ya Mərkəzi Bank hesabatlarda əmanət cəlb edilməsini görə bilməyib, ya da ki, bank səhv məlumat verib. Bu isə qanun pozuntusudur. Tənzimləyici qurum mətbuatı izləyir və görür ki, bu bankların adı əmanət cəlbində hallanır. Göndərdiyi məktubunun tələblərinin icrasına nəzarət etmək tənzimləyici qurumun öhdəliyidir.

Bu məsələlərin həlli bank rəhbərlərinin də hər hansı vəsaiti mənimsəməsinin qarşısını ala bilər. Problemlərin həlli yollarından biri də ADİF-in elektron bazasının yaradılmasıdır. Fond tərəfindən əmanət qoyanların bazası yaradılmalıdır. Baş verənlər göstərdi ki, proseslər Fond tərəfindən ya primitiv halda aparılıb, ya da aparılmayıb. Onlayn baza yaradılmalıdır ki, vətəndaş bazaya girib əmanətin qəbul olunduğunu, qorunub-qorunmadığını yoxlaya bilsin. Banklar da onlara göndərilən qadağa məktubunu gizlətməli deyillər. Filialların bundan xəbəri olmalıdır.

Ümumilikdə isə əmanətlərin sığortalanması mexanizmi dəyişməlidir. Tam sığortalı mexanizmdən imtina edib, köhnə qaydaya, limitli kompensasiya mexanizminə qayıdılmalı, kompensasiya məbləği azı 2 dəfə artırılmalıdır. Sığortalanmanın əhatə dairəsi isə genişlənməlidir”.

Xatırladaq ki, 2016-ci il mart ayınadək bir sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə maksimum 30 min manat məbləğində kompensasiya ödənilirdi. Fondun iştirakçı banklardakı bütün qorunan əmanətləri məbləğindən asılı olmayaraq 4 il 9 ay müddətində, yəni 2020-ci ilin dekabr ayınadək tam sığortalanır.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email