fbpx

“Azərbaycan Sığortaçılar Assosiasiyası” daşınmaz əmlakın icbari sığortası ilə bağlı açıqlama yayıb

posted in: Xəbər | 0

Son günlər daşınmaz əmlakın icbari sığortası mətbuat və ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin açıqlamasında bildirilir.

“Yayılan məlumatlara aydınlıq gətirmək və əhalini bu istiqamətdə maarifləndirmək məqsədilə bildiririk ki, daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” qanuna əsasən tətbiq olunur. Bu sığorta məhsulu əhalinin sosial rifahını, sahibkarlıq subyektlərinin mənafeyini, eləcə də maliyyə sabitliyini qorumaq məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq yaradılıb. Məhsul, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının eləcə də mənzillərin yanğın, təbii fəlakət, texnogen qəza və üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə sığortalanmasını nəzərdə tutur.

Son illər ərzində ölkədə baş vermiş təbii fəlakətlər və iri həcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin ödənilməsi kontekstində gündəmə gəlmiş çətinliklər daşınmaz əmlakın icbari sığortasının vacibliyini təkrarən vurğulayıb. Bu məqsədlə, “İcbari sığortalar haqqında” qanunun tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları və Fövqəladə Hallar Nazirliyi, eləcə də ASA təbliğat və təşviqat işlərini aktivləşdirib. Bir sıra hallarda, təəssüf ki, bu fəaliyyət əmlakın icbari sığortası vasitəsilə fiziki və hüquqi şəxslərin əldə edəcəkləri fayda və risklərə qarşı təminatın təbliği ilə yanaşı daha çox qanunvericilikdən irəli gələn cərimələrin qabardılması tərzində aparılıb.

ASA-nın mövqeyi ondan ibarətdir ki, qanunvericiliklə müəyyən edilmiş inzibati tənbeh tədbirlərinin tətbiqinin aidiyyəti dövlət orqanlarının səlahiyyətinə aid olduğunu nəzərə alaraq, sığora şirkətləri və sığora vasitəçiləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə təbliğat mümkün sanksiyalar aspektindən deyil, daşınmaz əmlak sahiblərinin maarifləndirilməsi kontekstində aparılmalıdır. Bu istiqamətdə əhalinin maliyyə savadlığının artırılması ölkədə sığorta mədəniyyətinin dərinləşməsinə xidmət edəcək.

İl ərzində ASA əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində müxtəlif kampaniya və tədbirlər həyata keçirməyi planlaşdırır”, – açıqlamada qeyd olunub.

Xatırladaq ki, ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Qurumun əsas məqsədi ölkədə fəaliyyət göstərən və üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi İctimai Birliyin üzvüdür.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Azərbaycan Sığortaçılar Assosiasiyası, 
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!