Xüsusi hallar üçün ƏDV tutulan əməliyyatın vaxtı

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV, ləğv, mənfəət bəyannaməsi, Əvəzləşdirilməyən ƏDV, ƏDV öhdəliyi, EDV, ƏDV ödəyiciləri, hesabat formasıXüsusi hallar üçün ƏDV tutulan əməliyyatın vaxtı


Söhbət malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması hallarından gedir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.

166.2-ci maddənin tətbiqinin əsas məqsədi malların qeyri-kommersiya məqsədləri üçün verildikdə, o cümlədən malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi halda vergi tutulan əməliyyatın vaxtını müəyyən etməkdir.

Vergi Məcəlləsinin vergi tutulan əməliyyatın vaxtını müəyyən edən 166-cı maddənin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin və xidmətlərin) əlavə dəyər vergisiz dəyərinin ödənilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən isə vergi ödəyicisi malları əlavə dəyər vergisini ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi gün ƏDV tutulan əməliyyatın vaxtı sayılır.

Bir məqamı qeyd etmək lazımdır ki, fövqaladə hal şəraitində malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılmır. Tutaq ki, müəyyən bir ərazidə sel nəticəsində vergi ödəyicisinin malları xarab olub və ya malları çay daşqını yuyub aparıb, malların qalığı əskik gəlib. Bu halda əlavə dəyər vergisi geri hesablanılmır.

Misal 1. Müəssisə 2020-cı ilin aprel ayında kommersiya məqsədləri üçün 50.000 manat dəyərində (ƏDV-siz) mal almış və aldığı mala görə ödədiyi 9.000 manat ƏDV məbləğini aprel ayında büdcə ilə əvəzləşdirmişdir. Amma may ayının 25-də həmin mal qeyri-kommersiya məqsədləri üçün istifadə olunmuşdur.

Bu halda, 2020-ci ilin may ayının 25-i vergi tutulan əməliyyatın aparıldığı vaxt hesab olunur. Buna görə də əvəzləşdirilmiş 9.000 manat ƏDV məbləği may ayının ƏDV bəyannaməsində büdcəyə hesablanmalıdır.

Misal 2. Ələvə dəyər vergisi ödəyicisi olan şəxsdə 2020-ci il yanvar ayının 10-da aparılan inventarizasiya zamanı əlavə dəyər vergisini ödəməklə əldə edilən və müvafiq əvəzləşdirmə alınan 800 manat məbləğində mal əskik gəlmiş, kommersiya məqsədləri üçün alınan 1.000 manat dəyərində mallar həmin ilin yanvar ayında qeyri-kommersiya məqsədləri üçün istifadə edilmiş, fevral ayında isə 2.000 manat məbləğində mal xarab olmuşdur. Göstərilən məbləğlərə ƏDV daxil deyildir. Şəxsin hesablamalı olduğu ƏDV məbləğini müəyyənləşdirək.

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, vergi ödəyicisi malları ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların əskik gəlməsinin, xarab olmasının baş verdiyi tarix (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. ƏDV ödəyicisinin kommersiya məqsədləri üçün aldığı və ƏDV-ni əvəzləşdirdiyi mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə etdiyi 1.000 manat məbləği və əskik gəlmiş mala görə 800 manat məbləği yanvar ayının vergi tutulan əməliyyatlarına aid olacaq və o həmin ay büdcəyə 324 manat ((1.000 + 800 ) x 18% = 324 manat) ƏDV hesablamalıdır. Malların xarab olmasına görə olan 2.000 manat isə fevral ayının vergi tutulan əməliyyatlarına daxildir və həmin ay büdcəyə 360 manat (2.000 x 18% = 360 manat ) ƏDV hesablanmalıdır.

Misal 3. ƏDV ödəyicisi olan şəxs 2020-ci il mart ayının 15-də 300 manat məbləğində iş görmüş, 1.500 manat dəyərində mal ixrac etmiş, inventarizasiya zamanı 500 manat məbləğində mal əksik gəlmiş, kommersiya məqsədləri üçün aldığı və ƏDV-ni əvəzləşdirdiyi mallardan 700 manat məbləğində qeyri-kommersiya məqsədləri üçün istifadə etmiş və fövqəladə hallar nəticəsində 5.000 manat məbləğində mal xarab olmuşdur. Göstərilən məbləğlərə ƏDV daxil deyildir. Həmin şəxsin hesablamalı olduğu ƏDV məbləğini müəyyənləşdirək.

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, vergi ödəyicisi malları əlavə dəyər vergisini ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların əskik gəlməsinin, xarab olmasının baş verdiyi tarix (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Vergi ödəyicisinin gördüyü işə görə 300 manat, əksik gələn 500 manat, kommersiya məqsədləri üçün aldığı və ƏDV-ni əvəzləşdirdiyi mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə etdiyi 700 manat məbləğləri mart ayının vergi tutulan əməliyyatlarına aid olacaq və o həmin ay büdcəyə 270 manat ((300 + 500 + 700 ) x 18% = 270 manat) ƏDV hesablamalıdır. Vergi ödəyicisinin ixrac etdiyi 1.500 manat məbləğində mal sıfır (0) dərəcə ilə vergiyə cəlb olunur. Fövqaladə hallar nəticəsində 5.000 manat dəyərində malın xarab olması isə vergi tutulan əməliyyat sayılmır.

Mənbə: vergiler.az


Bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email