Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməməsi halları

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi

İşçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi sayılır və qanunvericilikdə müəyyən edilmiş qaydada ona müavinət verilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət:

  • itirilmiş əməkhaqqı və gəlirlərin;
  • habelə yarana biləcək xərcləri kompensasiya edilmiş formasıdır.

Amma əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı sığortaolunana müavinətin verilməməsi halları da olur. Bu halları araşdırmazdan öncə bəzi məsələlərə aydınlıq gətirək.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən sənəd

Müavinət almaq hüququ bu sosial sığorta hadisəsinin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdiyi halda yaranır. Ödəniş yalnız xəstəlik vərəqəsi təqdim edildikdə həyata keçirilir, başqa sənədlər əsas hesab edilmir.

Xəstəlik vərəqləri AR Nazirlər Kabinetinin təsdiq etdiyi “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat” əsasında, onun verilməsi səlahiyyəti tibb müəssisələri tərəfindən verilir.

Müavinətin verildiyi hallar

Təqdim edilmiş xəstəlik vərəqəsi əsasında işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi hallarına aşağıdakılar nümunə göstərilə bilər:

  • xəstəlik, məişət zədəsi zamanı;
  • vərəm, psixi və zöhrəvi xəstəliklər;
  • protez-ortopedik müəssisənin nəzdindəki stasionarda olduğu və stasionara gedib-qayıtdığı vaxt üçün;
  • sanatoriya-kurort müalicəsi zamanı;
  • xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;
  • epidemioloji hallarda karantin zamanı;
  • AR NK-nın müəyyən etdiyi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar;
  • hamiləlik və doğuşa görə məzuniyyət zamanı.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmədiyi hallar

Belə hallar  AR NK təsdiq etdiyi “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə nizamlanır. Əsasnamənin 25-ci maddəsinə görə aşağıdakı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı sığortaolunana müavinət verilmir:

  • sosial sığorta stajı 6 aydan az olduqda;
  • işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş verərsə;
  • sığortaolunan qəsdən sağlamlığına işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə qəsdən zərər vurduqda;
  • sığortaolunan özünü yalandan xəstə kimi göstərdikdə;
  • əmək qabiliyyətini müvəqqəti itirilmişi sığortaolunanın törətdiyi cinayət zamanı alınan zədə nəticəsində baş verərsə;
  • məcburi (məhkəmənin qərarı əsasında) məcburi müalicə zamanı (ruhi xəstəlik istisnadır).

Müavinət verilmədiyi digər hallar

Məzuniyyətin aşağıdakı növləri zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmir:

  • əməkhaqqı saxlanılmayan məzuniyyət;
  • uşağa qulluq etməkdən ötrü məzuniyyət.

Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi bu məzuniyyətlərdən sonra da davam etdikdə, işçi işə başladığı gündən verilir (Əsasnamə, maddə 13).

Yuxarıda qeyd edilən Əsasnamənin 22-ci maddəsinə görə işçinin tibbi müayinədən keçirildiyi, o cümlədən stasionarda müayinə edildiyi vaxt üçün, habelə işçinin hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə müavinət verilmir.

Müavinətin verilməsinin müvəqqəti dayandırılması

Əgər məcburi dövlət sosial sığortası üzrə qanunvericilikdə müəyyən edilmiş hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır.

Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə müavinət verilmir.

Əsas və əlavə məzuniyyət müddətlərinin cəmlənməsi qaydası

Print Friendly, PDF & Email