Dünyanın ən nəhəng auditor şirkəti necə yarandı?? (3-cü hissə)

posted in: Audit, Məqalə, Xəbər | 0

auditor şirkətiMəqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

III hissə

Ernst & Young və onun 10,9 milyardı

Amerika Konqresi 1913-cü ildə konstitusiyaya dəyişiklik edir, həmin düzəliş nəticəsində illik gəliri 4 min dolları keçən vətəndaşlar bundan sonra vergi ödəməli idilər. Bu düzəliş vergi bəyannamələrinin tərtib olunması üçün mühasibatlıq məsləhətlərinə böyük ehtiyac doğurdu. Və təbii ki, Ernst & Ernst və Arthur Young & Company şirkətlərində ayrı-ayrı şəxslərlə işləmək üçün şöbələr açılır. Bu, həqiqətən də sözügedən şirkətlər üçün qızıl dövr olur. Hər iki şirkət ölkə üzrə filiallarını açmağa başlayır. 1920-ci ildə Young-ın şirkətinin Çikaqo, Los-Anceles, Kansas city və Pitsburqda nümayəndəlikləri açılır, mənzil-qərargahı isə Çikaqodan New York-a köçürülür. Ernest daha əzmkar idi, həmin vaxt ərzində o, Amerikanın 16 şəhərində şirkətinin filiallarını açmağa nail olur.

Növbəti onillik ərzində hər iki mühasibatlıq şirkəti çox sürətlə inkişaf etməyə başlayır, yeni filialların açılması prosesi sürətlənir. Amma, Ernst daha aqressiv fəaliyyət göstərirdi və on il ərzində 26 nümayəndəlik açmağa nail olur.

20-ci illərin ortalarında amerikan şirkətləri artıq daxili bazarla kifayətlənmir, öz pul vəsaitlərini xaricdə əlverişli yerləşdirmək üçün imkanlar aramağa başlayırlar. Ernst və Young da bu yenilikdən yararlananlar sırasında idi. Onlar aktiv şəkildə ölkə hüdüdlarından kənarda – öz müştərilərinə daha yaxın yerlərdə filiallar açmağa başladılar. 1924-cü ildə Ernst Böyük Britaniyada olur və orada Whinney Smith & Whinney  şirkəti ilə  müştərək filial açır. Maraqlıdır ki, 1979-cu ildə bu şirkətlər Ernest & Whinney şirkətində birləşirlər.

Yüksəliş dövrü keçirən Amerika iqtisadiyyatı 1929-cu ildə böhranla üzləşdi. Ernst bundan böyük sarsıntı keçirdi, ona elə gəlirdi ki, auditor xidmətinə tələbat azalacaq. Bir ara o, hətta mühasibat uçotu ilə bağlı biznes sahəsini buraxmaq qərarına gəlir. Amma, qorxular əbəs imiş, tezliklə Konqres böhranı yumşaltmaq məqsədilə amerikan mühasibat uçotunun əsaslarını təşkil edən prinsipləri əhəmiyyətli şəkildə dəyişdirən bir sıra qanunlar qəbul edir. Elə həmin vaxtlarda Ernst öz pullarının böyük bir hissəsini kadrlarının ixtisasının yüksəldilməsi sahəsinə yönəldir. Onun kadr siyasəti şirkətlərin öz yanında ixtisaslı kadrlar yetişdirməklə bağlı idi. Ernestə görə kənardan kimlərisə bu işə cəlb etməkdənsə, öz kadrlarından istifadə etmək daha sərfəli olardı.

Yeri gəlmişkən, qadınların karyera pilləsində irəliləməsinin önünü açan şəxslərdən biri elə Ernst oldu. Həmin dövrdə ABŞ-ın əksər şirkətlərində rəhbər vəzifələri kişilər tuturdu. 1957-ci ildə auditor biznesi sahəsində ilk qadın partnyorun işə qəbulu məhz, Ernst & Ernst şirkətində baş tutdu. Amerikan auditorları içərisində reklama ən böyük pullar ayıran da Ernst oldu.

Young isə həmin zamanlarda çox ehtiyatla hərəkət edirdi. Onun belə etməsinin səbədi də məlum idi. Birincisi, o, Ernst-dən 17 yaş böyük idi. İkincisi, Amerikada 40 il yaşamasına baxmayaraq, o hələ də britanıyalı, özü də mühafizəkar britanyalı  olaraq qalmaqda idi. O, reklam sahəsinə pul yatırmırdı və həm də qadınların rəhbər vəzifəyə gətirilməsinin əleyhdarı olaraq qalırdı. O, digərlərindən də bu cür mühafizəkarlıq gözləyirdi. Young kadrların seçimində də Ernst-dən fərqli mövqedə dayanırdı. O, iş təcrübəsi olmayan və biznes-kolleclərini yenicə bitirmiş məzunların işə qəbuluna daha çox önəm verirdi. Ona elə gəlirdi ki, belə kadrlar köhnə fikirlilikdən uzaq olduqlarına görə yeniliklərə daha meyilli olurlar. Bundan əlavə o, gənc mühasiblər hazırlamaq məqsədilə öz məktəbini də açmışdı.

Bir sözlə, Ernst və Young-ın şirkətləri bir-birlərinə onların biznesləri qədər “oxşar” idilər. Onlar eyni qanunlar üzrə inkişaf etsələr də, xırdalıqlara görə bəzən bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirdilər. Əgər, Young ingilis mühafizəkarlığı və ehtiyatla hərəkət edirdisə, Ernst amerikan demokratikliyi və inadkarlığı ilə fəaliyyət göstərirdi.

Şəxsi həyatlarında da bu iki şəxs bir-birindən fərqlənirdi. Son illərini Young hələ 1927-ci ildə aldığı Cənubi Karolina ştatında Aykendəki malikanəsində keçirirdi. Reqbi oyununu o, çoxdan buraxmışdı, amma qolf oynamağa üstünlük verirdi. Çoxlu kitablar oxuyur və yazışırdı. Heç vaxt evlənməmiş bu şəxsi ömrünün sonuna yaxın çoxsaylı qohum-əqrəbası əhatə edirdi. Arthur Young 1948-ci ildə 84 yaşında vəfat edib.

Elvin Ernst isə 1903-cü ildə məktəbdə birlikdə oxuduğu Şarlotta Fosett ilə evlənir və ömrünün sonuna kimi ona sadiq qalır. Elvin Ernst 1948-ci il mayın 13-də, öz rəqibindən bir ay sonra vəfat edir. 1989-cu ildə, demək olar ki, auditor, mühasibatlıq və konsaltinq xidmətləri sahəsində 90 il paralel xidmət göstərdikdən sonra bu iki şirkət Ernst & Young adı altında birləşdildi.  Beləliklə, Elvin Ernst-in demokratizmi ilə Arthur Young-ın mühafizəkarlığını özündə birləşdirən Ernst & Young şirkəti fəaliyyətə başlayıb. Bu birləşmə o qədər uğurlu alınır ki, on il ərzində bu şirkət dünyanın ən nəhəng auditor şirkətinə çevrilir, nəticədə Elvin Ernst-in 300, Artur Young-ın isə 500 dolları 10,9 milyarda çevrilir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *