» » » Federal Vergi Xidməti sirləri üzə çıxarır

Federal Vergi Xidməti sirləri üzə çıxarır

posted in: Vergi, Xəbər | 0

Vergi Xidməti Rusiyanın Federal Vergi Xidməti (FVX) indiyə qədər vergi sirri hesab edilən məlumatların bir hissəsini avqustun 1-dən ictimaiyyətə açıqlamağa başlamışdır.

Vergi sirri nədir?

Rusiya Federasiyasının Vergi Məcəlləsinin 102-ci bəndində göstərilir ki, hamı üçün əlçatan məlumatlar vergi sirri sayılmır və vergi ödəyicisi özünə aid məlumatların hamısını və ya bir hissəsini hər kəs üçün əlçatan edə bilər.  Vergi sirri hesab edilən məlumatlara isə, vergi ödəyicisi barədə aşağıda göstərilənlər istisna olunmaqla, hər hansı digər məlumatlar aiddir:

  • VÖEN barədə məlumatlar;
  • şirkətlər tərəfindən qanun pozuntusu, ödənilməmiş məbləğlər, eləcə də penya və cərimələr üzrə borclar barədə məlumatlar;
  • vergi ödəyicisinin beynəlxalq sazişlər çərçivəsində digər ölkələrə təqdim etdiyi məlumatlar;
  • namizədin və ya onun həyat yoldaşının
  • seçki komissiyasına öz gəlirləri və əmlakı barədə təqdim etdiyi məlumatlar;
  • dövlət və bələdiyyə ödənişləri barədə məlumatlar;
  • təşkilatlar tərəfindən tətbiq olunan xüsusi vergi rejimləri, eləcə də vergi ödəyicilərinin konsolidasiya edilmiş qruplarda iştirakı ilə bağlı məlumatlar;
  • təqvim ili ərzində müəssisənin işçilərinin orta sayı barədə məlumatlar;
  • tam ödənilmiş vergilərin, yığımların və sığorta haqlarının məbləği barədə məlumatlar;
  • mühasibat hesabatı üzrə xərclərin və gəlirlərin məbləği barədə məlumatlar;
  • xarici şirkətlərin vergi orqanlarında uçota durması barədə məlumatlar.

Vergi Məcəlləsində köhnədən təsbit edilmiş məlumatlardan bəziləri hələ 2016-cı ilin may ayından vergi sirri olmaqdan çıxarılmışdı.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

FVX kimin məlumatlarını açıqlayır?

Qurum təsərrüfat yoldaşlığı və ya cəmiyyətlərinə, başqa sözlə, kommersiya müəssisələrinə aid məlumatları açıqlayır. Burada strateji müəssisələr və müdafiə sənayesi kompleksinə daxil olan təşkilatlar istisna təşkil edir. Bundan əlavə, FVX iri vergi ödəyicilərinə aid məlumatları da açıqlamır.

 Qeyd edək ki, Rusiyada illik gəliri 35 milyard rubldan (~950.6 mln. manat) artıq olan müəssisələr iri vergi ödəyiciləri hesab edilir. Bu isə o deməkdir ki, yeni qayda kiçik və orta biznes təmsilçilərinə tətbiq olunacaq.

Hansı məlumatlar açıqlanır?

Avqustun 1-dən açıqlanılmasına başlanmış məlumatlar bunlardır:

  • təqvim ili ərzində təşkilatın işçilərinin orta sayı barədə məlumatlar;
  • şirkətin tətbiq etdiyi xüsusi vergi rejimləri barədə məlumatlar;
  • təşkilatın vergi ödəyicilərinin konsolidasiya olunmuş qruplarında iştirakı barədə məlumatlar (təşkilatlar, qrupun bütün üzvlərinin maliyyə fəaliyyətinin nəticələri nəzərə alınmaqla mənfəət vergisinin ödənilməsi üçün bir araya gəldikdə).

FVX əvvəlcə şirkətlərə aid bu məlumatları 2017-ci ilin yayında açıqlamağı planlaşdırmışdı. Sonradan müddət 2018-ci il iyulun 1-nə keçirildi və nəhayət, avqustun 1-dən tətbiq edilməyə başlandı.

Bu ləngimə vergi ödəyicilərindən edilmiş müraciətlər sayəsində olmuşdur – onlar məlumatların vergi orqanları ilə birgə dəqiqləşdirilməsi üçün hökumətdən vaxt istəmişdilər.

FVX keçmişdə vergi sirri sayılan məlumaları açıqlayacaqmı?

Məlumatların açıqlanması bu ilin sonuna qədər mərhələlər üzrə davam etdiriləcək. Ondan sonra isə bu məlumatlar açıqlanacaq:

  • mühasibat hesabatına əsasən şirkətlərin gəlirləri və xərcləri barədə məlumatlar;
  • ödənilmiş vergilərin, yığımların və sığorta haqlarının məbləği barədə məlumatlar;
  • müəssisə tərəfindən yol verilmiş hüquq pozuntuları barədə məlumatlar;
  • vergi borcları, eləcə də penya və cərimələr üzrə borclar barədə məlumatlar.

Müdafiə müəssisələrinə və dövlət şirkətlərinə aid məlumatların açıqlanması, ilkin xəbərlərə görə, 2020-ci ildən tez olmayacaq.

Bəs məlumatların ictimailəşdirilməsində məqsəd nədir?

FVX rəsmilərinin mövqeyinə görə, vergi ödəyiciləri haqqında məlumatların «Şəffaf biznes» servisi üzərindən açıqlanması şirkətlərə öz işgüzar tərəfdaşlarının  etibarlılığı ilə bağlı məlumatları daha effektiv şəkildə əldə edə bilmələri üçün imkan yaradacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *