Fərdi sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə məsləhət

posted in: Xəbər | 0
birbank biznes

Fərdi sahibkarlıqÖlkədə sahibkarların işgüzar aktivliyinin artırılması, onlara zəruri nəzəri biliklərin verilməsi, vərdişlərin və bacarıqların aşılanması istiqamətində mühüm addımlar atılır. İndiyədək sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə, habelə sahibkarlıq fəaliyyətinə yenicə başlamaq istəyənlərlə vergiləri və sosial sığorta ayırmalarını hesablamaq və ödəmək, vergi və mühasibat uçotunu aparmaq kimi məsələlərlə bağlı çoxlu maarifləndirici görüşlər, seminar və treninqlər təşkil edilib. Vergilər Nazirliyinin «195-1» Çağrı Mərkəzi vasitəsilə vergi ödəyicilərinə məsləhət xidmətləri göstərilir. Bununla belə, sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı proseduru ilə bağlı suallar aktuallığını itirmir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

VÖEN-in açılması

Fiziki şəxs vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındıqdan sonra sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əldə etdiyi gəlirdən vergiləri hesablamalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidir. Fiziki şəxs fərdi sahibkar kimi, yəni hüquqi şəxs yaratmadan gəlir əldə etmək məqsədilə müstəqil qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə fəaliyyət göstərə bilər.

Bəs ilk dəfə fərdi sahibkar kimi fəaliyyətə başlamaq istəyənlər vergi orqanlarında qeydiyyatdan keçmək üçün nə etməlidir? Fərdi sahibkar kimi fəaliyyətin rəsmiləşdirilməsi sahibkarlıq fəaliyyətinə başlayan şəxsin (vergi qanunvericiliyində belə şəxslər «fiziki şəxs» adlandırılır) rəsmi qeydiyyatı öz adına VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açdırmaqdan başlayır. Fiziki şəxs vergi orqanına gəlmədən elektron qaydada vergi uçotuna alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən «ASAN imza») əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır. «ASAN imza» sertifikatlarının verilməsi «ASAN xidmət» mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. «ASAN imza» üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan («Azercell», «Bakcell», «Nar Mobile») «ASAN imza» SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edilməlidir. Bu sənədlərə sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilənin bağlanılması üçün ərizə, «e-təmsilçi» qismində tanınma barədə ərizə, «ASAN imza» SİM kartı üzrə sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Rəqəmsal ID kartı üzrə sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə və digərləri daxildir. Bu sənədlərin hər biri «ASAN xidmət» mərkəzlərində elektron qaydada hazırlanır. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə «ASAN xidmət» Mərkəzi arasında yazılı müqavilə bağlanılır və müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda ona təqdim edilir.

İlk dəfə sahibkarlıq fəaliyyətinə başlayan şəxs yerli vergi orqanına müraciət etməklə də qeydiyyata alına və VÖEN şəhadətnaməsi əldə edə bilər. Bunun üçün həmin şəxs özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) «Fiziki şəxsin vergi uçotu haqqında ərizə» və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti ilə yaşadığı yer (şəxsiyyət vəsiqəsində göstərilən) üzrə vergi orqanına və ya onun əhatə dairəsinə aid müvafiq vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməlidir. Tələb olunan sənədlər vergi orqanına daxil olduğu gündən sonrakı 1 gün müddətində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır.

Beləliklə, cəmi 6 addımla sahibkarlıq fəaliyyətini rəsmiləşdirmək və ən qısa müddətdə VÖEN şəhadətnaməsini almaq mümkündür:

VÖEN almaq üçün ərizənin doldurulması

¯

Ərizənin vergi orqanına təqdim olunması

¯

Məlumatların ilkin yoxlanılması

¯

Ərizənin məlumat bazasına işlənilməsi

¯

Fiziki şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin hazırlanması

¯

Şəhadətnamənin vergi orqanından alınması.

Fiziki şəxs vergi orqanında uçota alındıqdan və VÖEN şəhadətnaməsini əldə etdikdən sonra Vergilər Nazirliyinin göndərdiyi məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyata alınmalı və sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi sahədən əldə etdiyi gəlirdən dövlətə vergi və sosial sığorta ödəməlidir. Vergilərin həcmi aylıq gəlirin (əməkhaqqı, xidməthaqqı və s.) 4 faizini (regionlarda 2 faizini), DSMF-yə ödənilən sosial sığorta ödənişlərinin məbləği isə sahibkarın hansı regionda fəaliyyət göstərməsindən asılı olmayaraq, 23 manat 20 qəpik təşkil edir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email