Hamiləlik və doğuma görə müavinətin təyin edilməsi və verilməsi

posted in: Müavinət, Xəbər | 1
birbank biznes
Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.
Hamiləliyə və doğuma görə müavinət sığortaolunanlara Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir. 
Hamiləliyə və doğuma görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış təqdim olunmalıdır.
Təqdim olunmuş sənədlərə əsasən müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiya iclasının protokoluna qeyd edilməklə qərar qəbul edir.
Hamiləliyə və doğuma görə müavinət doğumdan əvvəlki dövrdə həqiqi istifadə edilmiş günlərin sayından asılı olmayaraq, cəmləşdirilmiş məzuniyyətin bütün müddətinə verilir.
Hamiləliyə və doğuma görə müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.
Sığortaedən hamiləliyə və doğuma görə müavinətin alınması üçün müraciət olunduğu aydan sonrakı ayın 5-dək verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.
Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) hamiləliyə və doğuma görə müavinətlərin alınması üçün xəstəlik vərəqələrinin surəti və Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab əlavə olunmalıdır.
Dövlət Sosial Müdafiə Fondu orqanları 5 iş ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə
Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.
Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.
Artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanının müraciətinə əsasən işəgötürən tərəfindən müavinət alan şəxsin əmək haqqından tutulur.
Hər belə halda tutulan məbləğ işçinin əmək haqqının 20 faizindən çox olmamalıdır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür.
Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır.
Hamiləliyə və doğuma görə müavinətlərdən məhkəmənin qərarı ilə aliment və ailə başçısının şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına və ya ölümünə səbəb olan zərərin ödəniş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur.
Hamiləliyə və doğuma görə sığortaolunanın öldüyü günədək almadığı müavinət mərhumla birgə yaşayan ailə üzvünə, habelə əmək qabiliyyətini itirmə nəticəsində ölənin himayəsində olan şəxsə verilir.
Vəfat etmiş sığortaedənin ölən günədək almadığı müavinəti onun vərəsələrinin almaq hüququ vardır.
Əmək qabiliyyətini müvəqqəti itirmə nəticəsində ölənin himayəsində olan şəxslərə o şəxslər aid edilir ki, onlara ölən tərəfindən əvvəllər hər ay aliment verilmiş olsun və yaxud da onun əmək haqqından müəyyən edilmiş məbləği almış olsun. Himayədə olmanı icra vərəqəsi və yaxud da himayədə olanın xeyrinə ölən şəxsin əmək haqqından müəyyən məbləğdə tutulmalar barəsində müəssisənin mühasibatlığında olan ölən şəxsin ərizəsi təsdiq edə bilər. Bu barədə Dövlət Sosial Müdafiə Fondu orqanına məlumat verilməlidir.
Belə hallarda ödənilməli olan müavinətin məbləğindən alimentin məbləği və yaxud aylıq köçürmənin müəyyən olunmuş məbləği çıxılır, yerdə qalan müavinətin məbləği ölən şəxsin ailə üzvlərinə verilir.
Alınmamış müavinətlər vərəsəlik əmlakına daxil edilmir.
Hamiləliyə və doğuma görə müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.
Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.
Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır.
Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri yoxlanılmaq üçün cari ildə və yoxlanılan ildən qabaqkı bir təqvim ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə aşkar edildikdə yoxlanılır.
Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinə şikayət edilə bilər.
Print Friendly, PDF & Email

  1. Sənan
    |

    Salam

    Sui istifadə halı təyin edildikdə DSMF hansı illərin araşdırmasını edə bilər?
    Sui istifadə halı təsdiqlənərsə, cəriməsi və məsuliyyəti nələrdir?