İntizam məsuliyyətinə cəlb edilən işçi – Bunları bilirsinizmi?

posted in: Xəbər | 0

Töhmət və ya mükafat almaq əmək fəaliyyəti dövründə işçinin qarşılaşa biləcəyi hallar hesab olunur. Mövzu çərçivəsində barəsində intizam məsuliyyəti tətbiq edilən işçinin hansı hüquqlarının olduğunu öyrənməzdən əvvəl intizam məsuliyyətinin tətbiq edilməsi ilə əlaqədar başlıca məsələləri aydınlaşdırmaq zəruridir.

Mövcud qanunvericiliyə görə işçi Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilir.İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər.Tətbiq edilməsi nəzərdə tutulan intizam tənbehlərinə töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə və əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə əmək müqaviləsinin ləğv edilməsi aid edilir.Xatırlatmaq lazımdır ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmçinin göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər ki, bu xəbərdarlıq intizam tənbehi hesab edilmir.

Bəs intizam tənbehi verilməzdən əvvəl hansı işlər görülməlidir? Qanunvericiliyə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Bu halda işəgötürən işçinin izahat verməkdən imtina etməsini sübut etmək öhdəliyi də daşıyır.

İntizam tənbehi nə vaxt verilə bilər? Bu sualın cavabını tapmaq üçün yenə də qanunvericiliyə nəzərə almaq lazımdır. Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.Göründüyü kimi bu maddənin məzmununa görə intizam tənbehi işçi tərəfindən intizamın pozulduğu aşkar olunubsa, aşkarlanma günündən 1 ay müddətində işəgötürənin bu proseduru tətbiq etməsi mümkündür.

Bununla yanaşı qanunvericiliyə istinad etdikdə müəyyən edirik ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.Bu 6 aylıq müddətlə yanaşı müəyyən istisnalar da mövcuddur.
Belə ki, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.Həmçinin qeyd etmək lazımdır ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. O cümlədən işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər.
Bəs intizam məsuliyyətinə cəlb edilən işçinin hüquqları var mı? Varsa nələrdən ibarətdir?
Hər iki sualla bağlı qeyd etmək mümkündür ki, məsuliyyət tədbiri heç də sırf işçini cəzalandırmaq məqsədilə deyil, həm də işçinin həmin məsuliyyətdən dərs alaraq bir daha bu kimi hallara yol verməməsi üçün tətbiq edilir.İşçiyə intizam məsuliyyəti tətbiq edilibsə, işçinin hüququ işəgötürənin isə vəzifəsidir ki, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilsin.
İşçinin hüquqlarından biri isə intizam tənbehinin yalnız işçiyə işdə olduğu iş günü ərzində verilə bilməsidir. Belə ki, məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
Bununla yanaşı tətbiq edilən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir ki, işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Onu da qeyd edək ki, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
Həmçinin işçi intizam tənbehinin qüvvədə olduğu müddətdə pul və ya qiymətli əşyalar hədiyyə edilməklə, əlavə məzuniyyət verilməklə, əmək haqqına fərdi əlavə edilməklə, daha yüksək məbləğdə fərdi sığorta edilməklə, sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə, müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıldıqda intizam tənbehi qüvvədən düşür.
Qeyd etmək lazımdır ki, işçiyə tətbiq edilən intizam tənbehi barədə heç bir halda əmək kitabçasında qeyd aparıla bilməz.
Göründüyü kimi barəsində intizam məsuliyyəti tətbiq edilən işçi tərəfindən işəgötürəndən aşağıda göstərilən tələblərə əməl edilib-edilməməsi dəqiqləşdirilə bilər.
  • izahatı alınmalıdır.(yaxud izahat verməməsi rəsmiləşdirilməlidir)
  • məsuliyyətə cəlb etmə yalnız işçi işdə olduğu gün mümkündür.
  • bir xətaya görə yalnız bir intizam tənbehi tətbiq edilməlidir.
  • məsuliyyə cəlb etmə pozuntunun aşkar olunduğu gündən 1 ay ərzində verilməlidir və pozuntu törədildiyi gündən 6 ay sonra tənbeh tədbiri tətbiq edilə bilməz.(audit yoxlaması və cinayət işi istisna)
  • tənbeh tədbiri 6 ay müddətində qüvvədə olmalı və işçiyə mükafatlandırma tətbiq edildikdə qüvvədən düşmüş sayılmalıdır.
  • İntizam məsuliyyətinə cəlb etmə yazılı əmr (sərəncam, qərar) qaydasında işəgötürən statusu və ya imza hüququ olan şəxs tərəfindən imzalanmalıdır. Hüququ olmayan şəxs tərəfindən imzalanan əmr əhəmiyyətsiz əmr hesab edilir.
  • Bu əmrin bir surəti işçiyə tələbi ilə verilməlidir.
  • İntizam məsuliyyətinə cəlb etmə barədə əmək kitabçasında heç bir qeyd olmamalıdır.
  • Həmçinin işçi tərəfindən işəgötürənin verdiyi əmrdən məhkəməyə şikayət vermək mümkündür.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *