İntizamlı vergi ödəyiciləri fərqləndiriləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Vergi Məcəlləsinin və bir sıra digər qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanaraq hökumətə təqdim edilməsi nəzərdə tutulur.

Vergilər  Nazirliyi bütün təklifləri dəyərləndirərək qanunvericilikdə müvafiq dəyişikliklərin həyata keçirilməsini təklif edəcək. Bu dəyişikliklərin əsas istiqamətlərindən biri də kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün yüngülləşdirilməsi, eləcə də vergi inzibatçılığının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsidir. Bu isə ölkədə sahibkarlıq fəaliyyətinə, xüsusilə də kiçik və mikro sahibkarlara ayrıca dəstək verilməsi ilə bağlıdır. Orta və iri müəssisələrə gəldikdə, burada əsas istiqamətlər həmin subyektlərin fəaliyyətində daxili hesabatlılığın və şəffaflığın səviyyəsinin artırılması və vergi qanunverciliyinin tələblərinə uyğunlaşdırılmasıdır. Aparılan islahatlar sahibkarların rəqabət qabiliyyətinin artmasına və vergi ödənişlərinin sabitliyinin öncədən müəyyənləşdirilməsinə imkan verəcək. Bu isə öz növbəsində dövlət büdcəsinin   cari xərclərinin vaxtlı-vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq.

Vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan, vergidən yayınmağa cəhd edən vergi ödəyiciləri fərqləndiriləcək,  öz işini qanuna uyğun quran bütün sahibkarların fəaliyyətinin daha rahat və şəffaf şəkildə həyata keçirilməsi üçün münbit zəmin yaradılacaqdır. Bununla da vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılmasına, sahibkarlara əlverişli şəraitin yaradılmasına, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması nəzərdə tutulur.

Vergilər Nazirliyinin bu strategiyası ilk növbədə intizamlı vergi ödəyiciləri ilə işin müasir tələblər səviyyəsində qurulmasını nəzərdə tutan bir sistemin yaradılması ilə əlaqədardır. Vergi öhdəliklərini vaxtında yerinə yetirən ödəyicilərə xüsusi münasibətin göstərilməsi beynəlxalq praktikada da geniş yayılıb. Əsas mahiyyət isə bundan ibarətdir ki, intizamlı vergi ödəyicilərinə xidmət göstərilərkən onlar vergi öhdəliyini yerinə yetirməyən, problemli ödəyicidən, sözün müsbət mənasında, fərqləndirilməlidir. Vergi hesabatına bilərəkdən saxta məlumatları daxil edənlər və vergidən yayınmağa cəhd göstərənlər isə qanun qarşısında cavab verəcək, onlarla sərt, lakin qanunun müəyyən etdiyi çərçivədə davranılacaqdır. Kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə əməl etməli, ikili mühasibatın aparılması, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır. Vergi ödəyicilərindən intizamlı olmaq və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmək tələb olunur.

Vergilər Nazirliyi isə sahibkarların öz vergi öhdəliklərini rahat şəkildə yerinə yetirməsi üçün mövcud sistemi, vergi ödəyicilərinə göstərilən xidmətləri ödəyicilərin gözləntilərinə və tələblərinə uyğun şəkildə təkmilləşdirmək əzmindədir. Barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçü götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı tədbirlər davam etdirilir. Nazirlik ödəyicilərə keyfiyyətli xidmətlər, qarşılıqlı etimad təklif edir, onları eşitməyə, qanuni tələblərinin həllinə kömək göstərməyə hazırdır.

Vergi sisteminin əsas subyektlərindən olan vergi ödəyicisi və vergi orqanı arasında qarşılıqlı etimada və əməkdaşlığa söykənən münasibətlərin formalaşması vergilərin məcburi ödənilməsindən könüllü ödənilməsinə keçidi sürətləndirəcək. Vergilər Nazirliyi vergi ödəyicilərinə məhz bunu təklif edir. Könüllü vergi ödənilməsinə keçid vergi orqanı ilə vergi ödəyicisi arasında sağlam münasibətlərin olduğunu əks etdirməklə, bir sıra istiqamətlərdə də öz pozitiv effektini verəcək və cəmiyyətdə sahibkarın rolunun və nüfuzunun artırılmasına xidmət edəcək. Vergilər barədə məlumat bazasının yaradılması, vergi orqanları və vergi ödəyiciləri, həmçinin vətəndaşlar arasında interaktiv əlaqələrin intensivləşdirilməsi və genişləndirilməsi bu məqsədlərə xidmət edir. Vergi ödəyiciləri nazirliyin www.taxes.gov.az rəsmi internet saytı vasitəsilə vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı və onların fəaliyyəti ilə əlaqədar saxtakarlıq və ya korrupsiya halları, eləcə də sahibkarlıq fəaliyyətində vergi qanunvericiliyi ilə əlaqədar hüquq pozuntuları barədə Vergilər Nazirliyinin Apelyasiya Şurasına müraciət etmək, öz şikayət və təkliflərini nazirliyin rəhbərliyinə çatdırmaq imkanına malikdirlər. Apelyasiya Şurasının fəaliyyətini daha da fəallaşdırmağın və hər bir vergi ödəyicisinin şikayətinə yalnız onun iştirakı ilə baxılmasının vacibliyi önə çəkilir. Bu isə şəffaflığın təmin olunması üçün əhəmiyyətli amillərdən hesab olunur.

Şəffaf münasibətlərin qurulması yalnız vergi inzibatçılığının təkmilləşdirilməsini deyil, həm də vergi ödəyicilərinin öz öhdəliklərinə düzgün yanaşmasını tələb edir. Vergiləri tam həcmdə, vaxtında ödəyən hər bir vicdanlı vergi ödəyicisi vergi orqanlarının etibarlı tərəfdaşı olmaqla, vergi orqanları tərəfindən daim dəstəklənməklə və fərqləndirilməklə yanaşı, həm də ölkəmizin iqtisadi inkişafına mühüm töhfə verirlər.

Müəllif: Rəşad Sadıqov

www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email