İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

posted in: Xəbər | 0
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 811-VQD, 814-VQD, 817-VQD nömrəli, 31 oktyabr tarixli 847-VQD, 851-VQD nömrəli, 17 noyabr tarixli 857-VQD, 870-VQD, 874-VQD, 876-VQD, 882-VQD nömrəli, 1 dekabr tarixli 898-VQD, 901-VQD, 913-VQD nömrəli və 15 dekabr tarixli 949-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddədə “394-1,” rəqəmləri “394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1,” sözləri ilə əvəz edilsin.

2. 394.0.7-ci maddəyə “qərarlarına” sözündən sonra “, habelə reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına” sözləri əlavə edilsin.

3. aşağıdakı məzmunda 395.1-1-ci maddə əlavə edilsin:

“395.1-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə –

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.”.

4. 395.2-ci maddəyə “obyektlərinin” sözündən sonra “(açıq məkanda reklam qurğuları istisna olmaqla)” sözləri əlavə edilsin.

5. 428.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“428.7. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni:

428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə;

428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə;

428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə –

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2018-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 981-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli 1780 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bənddə “42.2” rəqəmlərindən sonra “, 43.1 (birinci halda)” sözləri əlavə edilsin, “421” rəqəmləri “394.0.7 (ikinci halda), 395.1-1, 421, 428.7.3” sözləri ilə əvəz edilsin;

3.2. 4.27-ci bəndə “394.0.7-ci” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin;

3.3. 4.33-cü bəndə “43.1” rəqəmlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilsin;

3.4. 4.34-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.34. həmin Məcəllənin 43.1, 394.0.7, 395.1-1 və 428.7.3-cü maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”;

3.5. 5.30-cu bənddə “395” rəqəmləri “395.1, 395.2” rəqəmləri ilə əvəz edilsin;

3.6. 5.40-cı bənddə “394.0.3–394.0.7-ci” sözləri “394.0.3-cü, 394.0.4-cü, 394.0.5-ci (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulması istisna olmaqla), 394.0.6-cı (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulması istisna olmaqla), 394.0.7-ci (reklam qurğularının tikintisi işləri ilə bağlı bu Fərmanın 4.34-cü bəndində nəzərdə tutulmuş qurumların göstərişlərinə və qərarlarına əməl edilməməsi istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2018-ci il.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *