Kiçik və orta biznesin inkişafı məqsədilə yeni mexanizmlər yaradılır

posted in: Xəbər | 0
birbank biznes

«Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»ndə müəyyən edilmiş hədəflərə nail olunması, ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın rolunun artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması prioritet istiqamətlərdəndir. Ötən ilin sonunda dövlət başçısının müvafiq fərmanı ilə «Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin (KOB)  İnkişafı Agentliyi»nin yaradılması da məhz həmin vəzifələrin icrasının   təmin olunması məqsədini daşıyır.

Agentliyin qarşısına qoyulmuş vəzifələr arasında motivasiya tədbirləri mühüm yer tutur. Qurum kiçik və orta biznes subyektlərinin fəaliyyətini stimullaşdıran mexanizmlər vasitəsilə həm mövcud biznes subyektlərinin inkişafına, həm də yeni subyektlərin yaranmasına, eləcə də müasir çağırışların ölkə iqtisadiyyatına inteqrasiyasına təkan verməli, səlahiyyətli qurum kimi dövlət orqanlarında sahibkarların maraqlarını təmsil etməli, onların rastlaşdıqları problemlərin həllinə kömək göstərməlidir. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı, bir tərəfdən, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən, mövcud biznes mühitində iş adamlarının öz fəaliyyətlərinin düzgün təşkili ilə şərtlənir. Bu çərçivədə sahibkarların bilik və bacarıqlarının inkişafına yönəlik bir sıra dəstək xarakterli tədbirlər həyata keçirilir, onların xarici bazarlara çıxış imkanları genişləndirilir.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə,  beynəlxalq təc­rübədə kiçik və orta sahibkarlara göstərilən xidmətlərin «bir məkan» prinsipi üzrə təşkili müsbət nəticələr verməklə yanaşı, eyni zamanda həmin xidmətlərin keyfiyyətinin təmin olunmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq, ölkənin rayon və şəhərlərində «biznes evləri»nin yaradılması planlaşdırılır. Əsas məqsəd sahibkar məmnunluğunu təmin etməklə bərabər, göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun aparılmasına nail olmaqdır.

Bu günlərdə Masallıda agentliyin nəzdində açılmış ilk regional Kiçik və Orta Biznesin Dostu xidmətinin missiyası və fəaliyyətinin başlıca istiqamətləri yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəldilib. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq ediləcək. Bütün ölkə üzrə təşkili nəzərdə tutulan «KOB dostları» şəbəkəsinin tam qurularaq səmərəli fəaliyyətinin təmin edilməsi planlaşdırılır.

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, Agentliyin yaradılması  özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına verilən önəmin nəticəsidir: «Xüsusilə regionlarda «KOS evləri»nin təşkili, institusional dəstək mexanizmlərinin ölkənin bütün regionları üzrə təmini, bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün zəruri olan bütün xidmətlərə vahid məkandan rahat çıxış imkanının yaradılması vacib amildir. Yerlərdə potensial investisiya layihələrinin müəyyən edilməsi və onların təşviqi baxımından «KOB dostları» əhəmiyyətli rol oynayacaq: sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətlə yanaşı, onların ehtiyaclarını  öyrənməklə dəstək xarakterli tədbirlər həyata keçiriləcək».

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email