Kim nə qədər işləyir??? (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Dünyanın müxtəlif ölkələrində iş günü, iş həftəsi və iş vaxtı, eləcə də məzuniyyətlərdən bəhs edən yazının 2-ci hissəsini sizə təqdim edirik.

Ödənilən məzuniyyət dövrünün orta müddəti müxtəlif ölkələrdə bir-birindən fərqlənir:

Avstriya – məzuniyyət dövrü 6 həftə təşkil edir (25 yaşdan başlayaraq);

Finlandiya – məzuniyyət 8 həftəyə qədər çəkə bilər (bura bir müəssisədə uzunmüddətli staja görə 18 günlük bonus da daxildir );

Fransa – məzuniyyət 9,5 həftəyə qədər çəkə bilər;

Böyük Britaniya, Almaniya – 4 həftəlik məzuniyyət;

Avropada ortalama – 25 iş günü təşkil edir;

Rusiya – 28 gün çəkən 4 həftəlik məzuniyyət;

Ukrayna – 24 günlük məzuniyyət;

ABŞ – məzuniyyətin davamiyyəti ilə bağlı qanunvericilik normaları nəzərdə tutulmayıb, burada hər şey İşəgötürəndən asılıdır;

Yaponiya – məzuniyyət 18 gün təşkil edir, qəribə də olsa bu ölkədə istirahət etmək üçün tətil götürmək pis forma sayılır, yaponlar ildə orta hesabla 8 gün istirahət edirlər;

Hindistan – ildə 12 gün;

Çin – ildə 11 gün;

Meksika – ildə 6 gün;

Filippin – ildə 5 gün (bu minimal göstəricidir).

O ki qaldı uzun çəkən yeni il tətilinə, qərb ölkələrində həmin dövr məzuniyyəti faktiki olaraq daha çox çəkir. Rəsmi olaraq istirahət günləri elə də çox deyil, amma reallıqda dekabrın 20-dən oralarda işgüzar aktivlik demək olar ki, sıfıra enir, dekabrın 25-dən isə bütün müəssisələr bağlanır, yalnız yanvarın 9-10 fəaliyyətə başlayır.

Ümumiyyətlə, tendensiyaya diqqət yetirsək, görürük ki, dünyanın əksər ölkələrində iş vaxtı tədricən aşağı enir. 1900-cü illərin əvvəllərində bir çox ölkələrdə il ərzində iş saatı 3000 saat təşkil edirdisə, hazırda dünyada bu göstərici 1800 saata bərabərdir, özü də daha məhsuldar və iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrdə bu rəqəm bir qədər də aşağıdır.

Hələ 1930-cu ildə məşhur John Keynes belə bir proqnoz vermişdi ki, 100 ildən sonra, yəni 2030-cu ildə iş həftəsi ortalama 15 saat çəkəcək. Əlbəttə, rəqəmlərdə o səhvə yol verib, amma tendensiya ilə bağlı düz söyləyib: həqiqətən də o dövrdən indiyə qədər iş saatları durmadan aşağı düşür.

İƏİT-in əməklə bağlı təqdim etdiyi məlumatları təhlil etsək, əyani şəkildə görmək olar ki, güclü iqtisadiyyat üçün çox işləmək yox, effektiv çalışmaq lazımdır. Onların məlumatlarında bunu təsdiq edən və iş vaxtından səmərəli istifadə ilə bağlı göstərici var, məsələn, maksimal və minimal iş vaxtı ilə bağlı iki Avropa ölkəsində, Yunanıstan və Almaniyada məhsuldarlığı müqayisə etsək, görəcəyik ki, Almaniyada məhsuldarlıq Yunanıstandakından 70 % yüksəkdir. Bu nümunə bir daha təsdiq edir ki, sutkada 12 saat işləmək yox, başla çalışmaq gərəkdir.

Zəhmətsevərliyin pərəstişkarları çox vaxt Asiya ölkələrini, məsələn, iş vaxtının uzun sürdüyü Hindistan və Çini misal çəkir və deyirlər ki, bu ölkələrdə də iqtisadi artım göstəricisi çox yüksəkdir. Asiya ölkələrinə başqa bir tərəfdən baxmağı məsləhət görürəm.

Məhz, Asiyada xüsusi bir termin mövcuddur, hansı ki, çox işləməkdən öldü mənasını verir. Çünki həmin ölkələrdə iş yerində ölmə faktları nadir hadisə deyil: insanlar sözün həqiqi mənasında birbaşa iş yerində can verirlər, belə ki, onların orqanizmi o cür gərgin əməyə tab gətirmir.

Düşünürəm ki, iş gününün davamlılığı, iş həftəsi və ümumilikdə iş vaxtı ilə bağlı Asiyaya deyil, Avropaya istiqamətlənmək lazımdır. Avropa ölkələrinin iqtisadiyyatı, əmək məhsuldarlığının iş vaxtının müddətindən daha mühüm olduğunu əyani nümayiş etdirir. Qısa iş günü və iş həftəsinin başlıca müsbətləri bunlardır:

  • İnsan işdə az yorulur, deməli o, daha effektiv çalışa bilər;
  • Məhdud iş vaxtı fikrin başqa yerlərə yönəlməsinin qarşısını alır və işçi bütün diqqətini iş prosesinə yönəldir;
  • İş saatları nə qədər qısa olsa, insan diqqətini bir o qədər çox işə cəmləşdirər;
  • İşçi vaxtının böyük hissəsini evdə ailəsi, doğmaları və yaxınları ilə keçirir, zamanını öz hobbisinə həsr edir, istirahət edir, deməli, əmək üçün daha çox enerjisi və gücü qalır;
  • Az işləyən insanın səhhəti ilə bağlı problemləri də az yaranır, deməli işini yerinə yetirməkdən ötrü onun daha çox qüvvəsi və enerjisi olur.            

Yuxarıda deyilənlərə yekun vurduqdan sonra, belə bir nəticəyə gəlmək olar: müsbət nümunələrə köklənmək lazımdır və iş vaxtı, iş həftəsi və ümumilikdə iş müddətinin qısaldılması kursu götürülməlidir. Başlanğıc üçün heç olmasa normadan artıq işləməni ləğv etmək lazımdır. Çünki iş prosesi qul əməyinə çevriləndə, nə işəgötürənlər, nə də işçilər üçün bu, yaxşı nəsə vəd edir. Normal, sivil əmək münasibətləri birmənalı olaraq əmək məhsuldarlığının yüksəlməsinə kömək edir və bundan hamı bəhrələnir.  

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email